Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaranmasının 30 illiyi qeyd olundu
7 Fevral 2023 12:46 SiyasətBu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaranmasının 30 illiyi münasibətilə "Baku Marriott Hotel Bulvar"-da tədbir keçirilib.
Olaylar.az xəbər verir ki, tədbirdə bir sıra nüfuzlu şəxslər və müxtəlif ölkələrin Həmkarlar İttifaqları Konfederasiyalarının sədrlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra söz məruzə etmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevə verilib.
O, ilk növbədə cənab Prezident İlham Əliyevə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 30 illik yubileyi münasibətilə təbrikinə, xoş sözlərinə və qiymətli tövsiyələrinə görə təşəkkür edib.
"30 il bundan əvvəl, 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası təsis olundu. Bu münasibətlə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının bütün üzvlərini, bu təsisatda çalışan və qurumun sədrlərinin fəaliyyətinə mühüm töhfələr verən hər bir şəxsi səmimi qəlbdən təbrik edir və xoş, firavan həyat arzulayıram".
AHİK sədrinin konfederasiyanın 30 illik fəaliyyəti, gördüyü işlər barədə verdiyi məruzəsindən sonra AHİK-in 30 illik fəaliyyətinə həsr olunmuş qısa film nümayiş olunub.
Bundan əlavə, tədbirdə iştirak edən xarici qonaqlar çıxış edərək, öz fikirlərini bölüşüblər.