İran Azərbaycana qarşı yanlış addımlar atmaqda davam edir - ÖZƏL
6 Fevral 2023 10:59 Siyasət"İranla Azərbaycan arasında münasibətlərdə yaxın gələcəkdə gərginlik davam edə bilər, çünki İran Azərbaycana qarşı yanlış addımlar atmaqda davam edir". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. O bildirib ki, bu ölkə davamlı şəkildə Ermənistana öz dəstəyini göstərməkdədir və bunu məqsədli şəkildə Azərbaycan əleyhinə yönəlmiş addım kimi həyata keçirir: "Məqsədi odur ki, Azərbaycanla Ermənistan arasında münasibətlər normallaşmasın, gediş-gəliş və Zəngəzur dəhlizi bərpa olunmasın. Zəngəzur dəhlizinin açılmasında maraqlı olmayan dövlətlərdən ən birincisi İrandır. İran davamlı şəkildə Azərbaycandakı casus şəbəkəsi vasitəsi ilə dövlətimizin maraqları əleyhinə işi davam etdirir, burada radikal qrupların pozuculuq işlərinə dəstək verir".
Politoloq deyib ki, Tehrandakı Azərbaycan səfirliyinə edilən terror hücumunun araşdırılması ilə bağlı İranın rəsmi orqanları bu məsələni məişət səviyyəsinə endirməklə Azərbaycanla-İran arasında olan münasibətlərə daha bir ciddi zərbə vurdular: "Hələ ki, bununla bağlı hər hansı tutarlı açıqlamalar rəsmi Tehran tərəfindən verilməmişdir. Azərbaycan İranla münasibətlərin normallaşmasına tərəfdar olsa da təəssüf ki, İran tərəfdən bunun adekvat yanaşmasını görmürük. Ona görə İranla-Azərbaycan arasında gərginliyin məhz rəsmi Tehranın qeyri-adekvat davranışları səbəbindən davam edəcəyini düşünürəm. Hesab edirəm ki, İran apardığı siyasəti və dövlət səviyyəsində Azərbaycana terror aktı həyata keçirməklə bu münasibətləri bu qədər gərgin səviyyəyə gətirib çıxarmışdır və bu səbəbdən iki ölkə arasında yaşanan böhran qarşıdakı müddətdə daha da dərinləşə bilər".