İrandakı azərbaycanlıların müxtəlif istiqamətdə məsələlərinə xüsusilə bu icma dəstək olmalıdır - ÖZƏL

"Azərbaycan cəmiyyətində, Azərbaycan Respublikasında, elə İran toplumunda da kifayət qədər bu və ya digər formada tanınan bizim nüfuzlu ziyalılarımız bir toplantı keçiriblər və çox önəmli, həddən artıq məsuliyyətli bir işə qol qoyublar".

Bunu Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü deyib.
"Güney Azərbaycan İcmasının yaradılması Azərbaycanda istər rəsmi, istər ictimai baxımından cənub məsələsinə, İrandakı soydaşlarımızın məsələsinə göstərilən diqqətdən yaranıb. Xüsusilə, son dövrlərdə bu diqqət artıb. Artıq cəmiyyətdən də belə bir icmanın yaradılması ilə bağlı təşəbbüs irəli sürülüb. Bu icmanın da görə biləcəyi çox işlər var. Doğrudur, burdakı şəxslərin onsuz da İrandakı soydaşlarımızla, milli məsələlərimizlə bağlı bu günə qədər də gördükləri çoxsaylı işlər var. Amma son dönəm baş verən prosesləri, bizlərin qarşısında duran hədəf və məsələri nəzərə alsaq, ikiqat artıq enerji ilə işlər görməli olduğumuzu mənə elə gəlir ki, söyləməyə ehtiyac qalmaz. Çünki proseslər son dərəcə sürətlə cərəyan edir. Biz İrandakı azərbaycanlıların mədəni durumu, sosial, siyasi, iqtisadi və s. istiqamətlərdə olan məsələləri ilə bağlı həm Azərbaycan Respublikasında tanıtma, aydınlatma fəaliyyətləri həyata keçirməliyik, həm də də dünya ictimaiyyətinə də bu istiqamətdə məlumatlar verməliyik.
Azərbaycan Prezidentinin son dövrlərdə cənubdakı soydaşlarımızla bağlı verdiyi mesajlar, istər təhsil məsələsi olsun, istər mədəni hüquqlarla bağlı məsələlər olsun və s. bu mesajların dolğun şəkildə ictimaiyyətə çatdırılması, ciddi araşdırmalarla, fəaliyyətlərlə zənginləşdirilməsi bu icmanın görəcəyi işlərin ən mühümlərindən ola bilər. İrandakı azərbaycanlıların dil, mədəni hüquqlar və s. istiqamətdə məsələlərinə xüsusilə bu icma öncüllük edərək dəstək olmalıdır və bu işlərdə aktiv çalışmalar həyata keçirməlidir.
Mən ziyalılarımıza bu işdə uğurlar arzulayıram və hesab edirəm ki, onlar bu işin öhdəsindən artıqlaması ilə gələ biləcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31