"İran və Ermənistan mahiyyəti etibarilə terror dövlətləridir"- ÖZƏL
2 Fevral 2023 13:52 Siyasət"İran və Ermənistan mahiyyəti etibarilə terror dövlətləridir. İstər Ermənistanın Azərbaycana qarşı işğalçılıq və dağıdıcı siyasəti, istərsə də Ermənistanın PKK və Livandakı radikal qruplarla sıx əlaqələrdə olması, istərsə də İranın bir çox terror qruplarına dəstək verməsi və İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Qərb tərəfindən terror dəstəsi kimi tanınması bunun bariz nümunələridir.
İndi bu iki terror dövləti həm də ümumi düşmənə qarşı da birləşib. Bu düşmən Azərbaycandır. Hər iki dövlət bütün mahiyyətini Azərbaycanı "sıradan çıxarmaq" istiqamətində birləşdirir. Elə İranın Ermənistana qarşı hərbi-texniki dəstəyi də onların Azərbaycana qarşı vahid cəbhədə birləşdiyinin sübutudur".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Biz Ermənistanı əvvəl də bilir və görmüşdük ki, onun Azərbaycana qarşı iddiaları və düşmən yanaşması var. Ancaq İran həmişə özünü bizə dost kimi göstərirdi. Əlbəttə, fərqində idik ki, bu göstərişdir və buna inanmaq olmaz, amma İranın bu qədər irəli gedəcəyini, Azərbaycan Səfirliyində terakt törədəcəyini kimsə düşünməzdi.
İndi Azərbaycan artıq ona qarşı vahid cəbhədə birləşmiş İran-Ermənistan "qardaşlığının" hər an tətikdə olduğunun fərqində olmalıdır. Buna görə də xarici siyasət xətti düşmən amillərini doğru hesablayaraq atılmalı, İrana qarşı beynəlxalq dəstək formalaşdırmaq lazımdır.
İran terakta cəsarət edirsə, gələcəkdə daha ciddi problemlər yaradacağı da ehtimal olunandır. Bu risklərdən sığortalanmanın tək yolu beynəlxalq tərəfdaşlardan təhlükəsizlik məsələləri istiqamətində effektiv nəticələr əldə etməkdir. Hərbi-siyasi sahədə bir sıra yeni müqavilə və tərəfdaş addımlar atılmalıdır".