İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun hərbi müdaxilə planını ertələyə bilərlər
2 Fevral 2023 13:29 SiyasətErmənistanın sentyabr döyüşlərində İranın dəstəyini gündəmə gətirməsi Bakı-Tehran xəttində gərginliyindən istifadə etmək kimi görünür. İranın ermənilərə hərtərəfli dəstəyi sirr deyil, o da sirr deyil ki, Bakı-Tehran qarşıdurması İranın dəstəyinin güclənməsində İrəvana yeni imkanlar yaradır. Bu, onun üçün regionda təklənməmək baxımından əhəmiyyətlidir, xüsusilə Moskva qarşısında "mərkəzdənqaçma siyasəti" fonunda". "Olaylar" xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, istisna deyil ki, İrəvanın bu "etirafı" Tehrana daha çox lazımdır. Bu kontekstdə belə bir sual yaranır: Azərbyacan ictimai rəyində anti-İran mövqeyini daha da gücləndirmək naminə olsa belə, Tehran nəyə nail olmaq istəyir: "Burada üç əsas məqama diqqət etmək olar: Müsahibə hansı media orqanında yayımlanıb? Ermənistan kimə, hansı mesajı verir? Niyə indi belə açıqlamalar tirajlandı? Kostanyanın müsahibə verdiyi "Al-Monitor" nəşri Vaşinqtonda fəaliyyət göstərir və Yaxın Şərqlə bağlı əsas platformalardandır. Bu müsahibənin İrəvanın təşəbbüsü ilə yayımlandığı ehtimalı böyükdür və müsahibənin əsas məğzi Vahanın dediyi "İran bu gün regionda Ermənistanın mühüm tərəfdaşıdır" fikridir. Və bu, Ermənistanın Bakı-Tehran xəttindəki qırılmanı dərinləşdirməkdən daha çox, ABŞ-a verdiyi mesaj, həm də Tehranın İrəvan üzərindən Vaşinqtona "əhəmiyyətini" nümayiş etdirməsidir. İranda ümid edirlər ki, Ermənistana dəstəklə Vaşinqtonun regional siyasətinə töhfə verə və hərbi müdaxilə planını arxa plana keçirə bilərlər. Bunun indi - İsrailin İrana zərbələr endirməsindən dərhal sonra gündəmə gətirilməsi də ABŞ-ın hərbi müdaxilə qərarına təsir etməyə hesablanıb. Tehran bu ssenarinin qarşısını almaq üçün Bakıya hücumunu etiraf edir".