Azərbaycanla Macarıstan arasında imzalanan sənədlər əlaqələrin inkişafında yeni yol xəritəsidir

Azərbaycan və Macarıstan arasında mövcud əməkdaşlıq daha da genişlənməkdədir. Məlumat üçün qeyd edək ki, bura siyasi, iqtisadi, mədəni, elmi aspektlər, habelə dövlət və hökumət rəhbərləri arasındakı şəxsi münasibətlər daxildir. Belə ki, birmənalı şəkildə qeyd etmək olar ki, siyasi müstəvidə ölkələrimizin hər hansı problemi yoxdur. Eyni sözləri dövlət və hökumət başçılarının, parlament rəhbərlərinin şəxsi əlaqələri barəsində də söyləmək mümkündür. Humanitar sahədəki qarşılıqlı münasibətləri yüksək səviyyədədir. Hazırda hər iki tərəfi maraqlandıran başlıca məsələ iqtisadi əlaqələri daha da canlandırmaq, ticarət dövriyyəsini artırmaqdır. Prezident İlham Əliyevin Macarıstana səfəri bu əlaqələrin daha da genişlənməsi və inkişafına xidmət edir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Macarıstana rəsmi səfəri zamanı Budapeştdə mətbuata verdiyi bəyanatında qeyd edib ki, Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bundan sonra da həm ikitərəfli əməkdaşlığı dərinləşdirəcək, həm də təmsil olunduğumuz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyi də bir-birinə əsirgəməyəcək: "Azərbaycan və Macarıstan arasında olan dostluq əlaqələri həm ölkələrimiz üçün, həm Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Strateji tərəfdaşlığa dair imzalanmış sənədlər onu göstərir ki, həqiqətən Macarıstan və Azərbaycan dost ölkələrdir". Qeyd edək ki, Azərbaycanın nəinki Macarıstana, eləcə də bir sıra Avropa ölkələrinə idxal etmək üçün kifayət qədər enerji resursları var. Yeri gəlmişkən xatırladaq ki, ötən il  Avropa Komissiyası ilə imzalanmış sənədə əsasən, Azərbaycan qaz təchizatını iki dəfə, bəlkə ondan da çox artırmağı planlaşdırır. Bunun üçün ölkəmizdə siyasi iradə, resurslar, eləcə də tərəfdaşlar mövcuddur. Artıq ölkəmizin enerji potensialı göz önündədir: "Vaxtilə tarixə qovuşmuş sayılan NABUKKO layihəsini biz indi canlandırmışıq. Artıq interkonnektorlar vasitəsilə Azərbaycan qazı Bolqarıstana, ondan sonra Rumıniyaya, ondan sonra Macarıstana və Macarıstandan sonra digər Avropa ölkələrinə çatdırılacaqdır. Macarıstan təkcə Azərbaycan qazının istehlakçısı deyil, eyni zamanda, Azərbaycan qazını digər Avropa ölkələrinə tranzit edən ölkə kimi fəaliyyət göstərəcək". Dövlət başçısı əlavə edib ki, yaxın keçmişdə aşkarlanan böyük yaşıl enerji potensialı Azərbaycanın önəmini daha da artırır: "Yaşıl enerji ilə bağlı olan və artıq icra olunan layihələr bizi Avropa üçün daha da yaxın edəcək. Keçən ay imzalanmış sazişə əsasən, Azərbaycan yaşıl enerjisini Avropaya çatdıracaq. Bakıda fevralın 3-də keçiriləcək toplantıda ilkin addımı atacağıq və beləliklə, Avropa qitəsinin enerji təhlükəsizliyi daha dolğun və əhatəli şəkildə təmin ediləcəkdir".  Millət vəkili Tamam Cəfərova bildirib ki,  Azərbaycan və Macarıstan arasında tarixi köklərə əsaslanan ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir: "Nəzərə alsaq ki, Macarıstan öz tarixi köklərinə qayıdaraq türk dövlətləri ilə yüksək səviyyədə əlaqələrin qurulmasında və gələcəkdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv olmaqda maraqlı olması Azərbaycan və Macarıstan arasında əlaqələrin perspektivinin hər iki ölkə üçün olduqca mühüm əhəmiyyət kəsb etdiyini deməyə əsas verir. Eyni zamanda, iki ölkə bir çox beynəlxalq təşkilatda uğurla təmsil olunmaqla yanaşı, beynəlxalq müstəvidə bir-birlərinə qarşılıqlı dəstək nümayiş etdirirlər. Bu baxımdan deməliyik ki, Azərbaycan Macarıstanın Cənubi Qafqazda, Xəzər hövzəsi regionunda və Türk dünyasında, Macarıstan isə Avropada ölkəmiz üçün siyasi, iqtisadi, humanitar sahələr başda olmaqla bir çox istiqamətlərdə strateji tərəfdaşlardan biridir. Deputat bildirib ki, Azərbaycan və Macarıstan arasında əlaqələr tarixi köklərə malikdir: "XV-XVII əsrlərdə Ağqoyunlu və Səfəvi dövlətləri ilə macar krallıqları arasında diplomatik əlaqələr və ticari münasibətlər mövcud olub. Tarixdən gələn dostluq münasibətləri bu gün də yüksələn xətlə inkişaf edir. Heç təsadüfi deyil ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Macarıstan ölkəmizin dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Bu fakt özlüyündə iki ölkə arasında tarixdən gələn dostluq münasibətlərinin bariz örnəyidir. Bu gün də iki dost ölkə arasında münasibətlər ortaq strateji hədəflərə əsaslanaraq uğurla inkişaf edir. Bu baxımdan ölkə Başçısı cənab Prezident İlham Əliyevin Macarıstana səfəri və səfər çərçivəsində imzalanan sənədlər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır. Bunlarla yanaşı, Macarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlığa olduqca mühüm önəm verir. Bu gün Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol bütün dünyaya məlumdur. Macarıstan da Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rola mühüm əhəmiyyət verir. Dost ölkə Macarıstan Cənub Qaz Dəhlizi layihəsini ilk gündən dəstəkləyir və bu layihəyə öz marağını nümayiş etdirib. CQD-nin Məşvərət Şurasının 2023-cü ilin fevralında Bakıda keçiriləcək illik iclasında Macarıstanın xarici işlər və ticarət nazirinin iştirakının da nəzərdə tutulması, şübhəsiz ki, Macarıstanın Cənub Qaz Dəhlizi layihəsinə olan münasibətinin əyani təzahürüdür.Prezident İlham Əliyevin dost ölkə Macarıstana səfəri ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi, dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Əminliklə deyə bilərik ki, bu səfər iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır". Bir daha xatırladaq ki, Macarıstan Azərbaycanın Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin ikinci dəfə imzalanması iki ölkə arasında münasibətlərin təqdimatında mühüm rol oynayır. Cənab İlham Əliyevin sözügedən səfəri zamanı iqtisadi və digər sahələrin inkişafına yönələn Anlaşma Memorandumları da imzalandı ki, bu mühüm addımlar hər iki tərəfin əməkdaşlığın bütün sahələrdə uğurlu inkişafında maraqlı olduğunu təsdiqləyir. İmzalanan hər bir sənəd münasibətlərdə yeni mərhələ, əlaqələrin inkişafında yol xəritəsidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31