Sülh mahiyyətli Qərbi Azərbaycan strategiyası: Böyük qayıdışın ikinci mərhələsi
2 Fevral 2023 11:35 SiyasətPrezident İlham Əliyevin qırx dörd günlük müharibədə əldə edilən nailiyyətləri postmüharibə mərhələsində siyasi-diplomatik müstəvidə davam etdirdiyi hamılıqla qəbul edilir. Həmin sırada Prezidentin Qərbi Azərbaycan strategiyası olduqca böyük maraq doğurur. Ölkə rəhbəri həmin strategiya haqqında Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bəhs edib. İlham Əliyev, faktiki olaraq, strategiyanın mahiyyətini, məzmun və məqsədlərini bəyan edib. Təbii ki, bir yazıda onları tam əhatə etmək mümkün deyildir. Lakin bir sıra aspektlərinə dair geosiyasi kontekstdə fikir yürütmək olar.
Yeni tarixi proses: Qərbi Azərbaycana qayıdış
Keçən il dekabrın 24-də Azərbaycan Prezidenti İlham Əliyev tarixi bir prosesin başladığı haqqında konkret mesajlar verdi. Həmin mesajları dövlət başçısı Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən ifadə etdi. Ölkə rəhbəri Qərbi Azərbaycandan olan ziyalılarla İcmanın yeni inzibati binasında görüşü zamanı strateji əhəmiyyətli məqamlardan bəhs etdi, Qərbi azərbaycanlılarla bağlı ölkəmizin yeni hədəflərini və konsepsiyasını, başqa sözlə, yol xəritəsini açıqladı.
Prezidentin Qərbi Azərbaycan məsələsinə yanaşmasının siyasi-ideoloji aspekti son dərəcə əhəmiyyətlidir. Faktiki olaraq, söhbət Azərbaycanın Qarabağı azad etdikdən sonra xarici siyasətində Qərbi Azərbaycanın tutduğu yerdən və onun siyasi-ideoloji statusundan gedir. İlham Əliyev həmin strategiyanı müəyyən etməklə Azərbaycanın ərazi bütövlüyünü real olaraq bərpa etdikdən sonra tarixi Azərbaycan torpaqları istiqamətində yeridəcəyi siyasətin başlıca prinsiplərini bəyan edib. Bu baxımdan ölkə rəhbərinin hansı faktorları önə çəkdiyi ekspertlər üçün çox maraqlıdır.
Hər şeydən öncə, dövlət başçısı Qarabağa qayıdış strategiyası ilə Qərbi Azərbaycana qayıdış strategiyasının bir-biri ilə sıx bağlı olduğunu və bir-birini qarşılıqlı surətdə tamamladığını xüsusi vurğulayıb. Çünki Qarabağ və Qərbi Azərbaycan məsələlərinin kökündə düşmənin eyni davranış səbəbləri və motivasiyası dayanır. Təsadüfi deyil ki, ermənilər öncə Qərbi Azərbaycanda, sonra isə Qarabağda azərbaycanlılara məxsus tarixi, mədəni irsi yer üzündən silmək prinsipi ilə hərəkət etdilər. Onlar bunu azərbaycanlıların tarixi yaddaşının mühüm bir dövrünü yox etmək məqsədi ilə havadarlarının məsləhəti və planları əsasında reallaşdırmağa çalışdılar.
Bununla bağlı Azərbaycan Prezidenti deyib: "Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər".
Deməli, XX əsrin sonu - XXI əsrin ilk iki onilliyində ermənilərin həyata keçirməyə çalışdıqları siyasət, əslində, uzun müddət Qərbi Azərbaycanda soydaşlarımıza qarşı apardıqları siyasətin davamıdır. Qarabağda xalqımızın tarixi, mədəni irsinə qarşı törədilən vəhşiliyi illər öncə Qərbi Azərbaycanda minilliklərin yadigarı olan abidələrə, milli-memarlıq nümunələrinə, hətta qəbirlərə, məscidlərə qarşı həyata keçiriblər.
Təbii ki, Azərbaycan xalqı öz torpaqlarının işğalı ilə barışmadı, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Qarabağı azad etməklə torpaqlarımızı, şəhər və kəndlərimizi işğaldan azad etdi. Bu Zəfəri mədəniyyətimizi, tariximizi, tarixi yaddaşımızı "işğaldan" azad etməklə davam etdirmək bir zərurətə çevrilib. İlham Əliyevin Qərbi Azərbaycan strategiyasının ana xəttini məhz bu məqam təşkil edir. Onun geosiyasi, siyasi və ideoloji aspektləri olduqca önəmlidir.
Məsələyə həmin aspektdən baxdıqda, Prezidentin Qərbi Azərbaycan strategiyasının özəlliyini də görmək mümkündür. Dövlət başçısı bu məqamı aydın ifadə edib. İlham Əliyev deyib: "...biz birgə səylərlə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasını da işləməliyik. Qarabağ münaqişəsi həll olunandan sonra indi bizim gündəliyimizdə duran məsələ budur. Əlbəttə ki, Qarabağ münaqişəsi həll olunmayana qədər bu haqda danışmaq bəlkə də tez idi. Ancaq, məncə, bu gün biz vaxt itirməməliyik. Qayıdış Konsepsiyası hazırlanmalıdır. Yenə də bu, necə deyərlər, sülhsevər konsepsiya olmalıdır. Biz bütün beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik. Qayıdış Konsepsiyası olmalıdır. Bizim tarixi yaşayış yerlərinin bir çoxu, mütləq əksəriyyəti indi bomboşdur".
Ədalət, hüquq və mədəniyyət naminə: qayıdışın sülhsevər mahiyyəti
Bu fikirlərdən aydın görünür ki, Prezident Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının işlənib hazırlanmasını bir vəzifə kimi qarşıya qoyub və onun məzmununa, məqsədinə yanaşmanı dəqiq göstərib. Birincisi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası strateji məqsədinə görə Qarabağa Qayıdış Konsepsiyasının məntiqi davamı olmalıdır. Çünki hər iki halda mövzu Azərbaycanın tarixi-mədəni dəyərləri, torpaqları və dini dəyərləri ilə bağlıdır.
İkincisi, Qərbi Azərbaycana qayıdış mahiyyətcə sülhsevər olmalıdır. Yəni burada söhbət, ermənilərin iddia etdikləri kimi, hər hansı hərbi addımlardan getmir.
Üçüncüsü, dövlət başçısı sülhsevər qayıdışın insan haqları və beynəlxalq hüquq normaları çərçivəsində aparılmalı olduğunu ifadə edib, onun reallaşma mexanizmini konkret olaraq "beynəlxalq konvensiyalarda bizə məqbul olan müddəaları götürüb bunun əsasında öz hüququmuzu tələb etməliyik" kimi göstərib.
Buradan dövlət başçısının Qərbi Azərbaycan strategiyasının çox önəmli bir məqamına aydınlıq gətirmək zərurəti meydana çıxır. İlham Əliyev Qərbi Azərbaycanın tarixən Azərbaycana məxsus olduğunu sübut edən sənədlər, dəlillər, tutarlı faktlar əsasında fəaliyyət göstərməyi tövsiyə edir. Bunun beynəlxalq hüquq baxımından prinsipial əhəmiyyəti vardır. Tarixi həqiqətlərə söykənən fəaliyyət gec və ya tez mütləq qələbə gətirir. Bundan başqa, həmin fəaliyyət beynəlxalq təşkilatlarda beynəlxalq konvensiyaların şərtlərinə uyğun aparılmalıdır.
Fəaliyyətin vurğulanan istiqamətdə təşkil edilməsinin prinsipial əhəmiyyəti danılmazdır. Məsələ ondan ibarətdir ki, uzun illərdir ermənilərin havadarları məhz beynəlxalq konvensiyalarda ifadə edilən müddəalardan öz məqsədlərini reallaşdırmaq üçün istifadə edərək Azərbaycana qara yaxmağa çalışmış, Azərbaycanın guya tarixi, hüquqi və mədəni dəyərlərə hörmət baxımından müasir tələblərə cavab verməyən hərəkətlər etdiyini dünyaya car çəkməyə cəhd göstərmişlər. Həmin səbəbdən də Azərbaycan Prezidenti erməniləri və onların havadarlarını özlərinin silahları ilə vurur və bu işdə tam haqlıdır. Azərbaycan toplumu öz Prezidentini həmin məsələdə tam olaraq dəstəkləyir və həmişə dəstəkləyəcək!
Bütün bunlara görə də Prezident İlham Əliyevin aşağıdakı fikirləri vurğulaması və Qərbi Azərbaycan İcması qarşısında konkret vəzifələr qoyması tam ədalətlidir, hüquqidir və yerindədir. Dövlət başçısı ifadə edib: "...Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin. Artıq bu istiqamətdə işlər başlamışdır. Ancaq, əminəm ki, İcma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır".
Buradan İlham Əliyevin Qərbi Azərbaycan strategiyasının başqa bir mühüm özəlliyi haqqında nəticə çıxarmaq olar. Həmin özəllik XX əsrin əvvəllərində və müstəqillik mərhələsində Heydər Əliyevdən öncə Azərbaycana rəhbərlik edənlərin buraxdığı səhvlərin təkrarlanmasının yolverilməzliyi ilə bağlıdır. Təəssüf ki, həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də A.Mütəllibovun, sonra isə Ə.Elçibəyin hakimiyyəti dönəmlərində Azərbaycanın dövlət olaraq düşmənə qarşı sistemli və davamlı fəaliyyət göstərməsini təmin edən siyasi-ideoloji və təbliğati konsepsiyası olmayıb. Yalnız Heydər Əliyev hakimiyyətə qayıdandan sonra belə bir strateji konsepsiya hazırlanıb və Prezident İlham Əliyev ölkənin ərazi bütövlüyünü bərpa edəndən sonra həmin konsepsiyanın ikinci mərhələsini işləyib hazırlayıb və onu reallaşdırmağa başlayıb.
Beləliklə, Qərbi Azərbaycan strategiyasının mühüm özəlliyi, bir tərəfdən, Ulu Öndər Heydər Əliyevin güclü dövlət quruculuğu konsepsiyasının tərkib hissəsi olması, digər tərəfdən isə, Prezident İlham Əliyevin həmin konsepsiyanı sürətlə dəyişən XXI əsr geosiyasi reallıqlarına yaradıcı surətdə uyğunlaşdırması ilə bağlıdır. Şübhəsiz ki, bundan sonra da dövlət başçısı, Azərbaycan lideri müəyyən etdiyi kontekstdə və istiqamətdə bu konsepsiyanın tam reallaşması üçün geniş fəaliyyətini davam etdirəcəkdir!
Kamal Adıgözəlov