Rəsmi Bakı hazırkı kursu davam etdirdikcə separatçıların müqaviməti daha da azalacaq
17 Yanvar 2023 14:58 SiyasətArayik Arutyunyan və Ruben Vardanyan kimi separatçı dələduzların Qarabağı "mühasirəyə salınmış qala"ya bənzətmələri suda boğulanın saman çöpündən yapışmasından başqa bir şey deyil. Onlar azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanın 1 ayının doğurduğu nəticələri və öz vədlərini yerinə yetirə bilməmələrindən doğan acizliklərini, çarəsizliklərini "blokada nağılı" ilə ört-basdır etməyə çalışırlar. Bu "nağıl" hələlik onların işinə yarayır. Separatçılar timsah kimi saxta gözyaşı axıdaraq hələ də dünya birliyini və ayrı-ayrı ölkələrin liderlərini "blokada" yalanına inandırmağa çalışırlar.
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O bildirib ki, lakin gözləntiləri doğrulmur, ümidləri puç olur:
"Və bu da həm separatçıları, həm də İrəvandakı revanşistləri bir qədər də qəzəbləndirir. Bu gün Fransanın İrəvandakı səfirliyinin qarşısında Makronun əleyhinə təşkil olunan etiraz aksiyasını da məhz həmin qəzəbin və xəyal qırıqlığının nəticəsi kimi yozmaq lazımdır. Etirazçılar Fransa liderini Laçın dəhlizindəki situasiyaya səssiz qalmaqda ittiham ediblər. Eyni zamanda, aksiyaçılar rəsmi Parisi real addım atmağa, ermənilərə kömək etməyə çağırıblar. Baxın, bu da əsl erməni riyakarlığının bir ayrı təzahür formasıdır. Onlar Fransanı həm ittiham edir, həm də köməyə çağırırlar. Bu cür əcaib davranış tərzini yalnız ermənilərdən gözləmək olar".
Partiya sədri qeyd edib ki, Çar Rusiyasının və sovet Rusiyasının sayəsində "müstəqil xalq"a çevrilən və özgə torpaqlarının hesabına özünə "dövlət" quran nankor ermənilər bu gün Rusiyadan üz çevirib Fransanın qanadı altına sığınmaq istəyirlər:
MHP sədri deyib ki, ermənilər boşuna gözləyirlər:
"İstər separatçıların, istərsə də rəsmi İrəvanın Laçın yolundakı ekoaksiyanı dayandırmaq üçün beynəlxalq güclərin vasitəsilə Azərbaycana göstəridyi bütün diplomatik təzyiqlər iflasa uğrayıb. Bu da bir daha onu göstərir ki, sözügedən ekoaksiyanın davam etdirilməsi öz müsbət nəticələrini verir. İndi separatçıların başçıları həm özlərini, həm də girov vəziyyətində saxladıqları mülki erməniləri xilas etmək üçün Fransa, Rusiya, İran və başqa qüvvələrə bel bağlamaq əvəzinə rəsmi Bakının tələbləri ilə razılaşmağa və separatçı fəaliyyətə son qoymağa qərar verməlidirlər. Vardanyanın avantürist oyunları dayandırılmalıdır və o, Xankəndini təcili tərk etməlidir. Əks halda, Azərbaycanın kiçik miqyaslı antiterror əməliyyatı keçirməsi Vardanyanı da, digər separatçıları da bitirəcək. Həmçinin "Arsaxın 120 min erməni əhalisi blokadada yaşayır" kimi bleflərə də son qoyulmalıdır. Hamı (Rusiya sülhməramlıları da, separatçıların özləri də) yaxşı bilir ki, hazırda sülhməramlıların müvəqqəti nəzarət zonasına daxil olan Azərbaycan ərazilərində nəinki 120 min, heç 40 min nəfər də erməni yaşamır. Onların real sayı uzağı 15-20 min civarında ola bilər. Odur ki, separatçıların "120 minlik demoqrafik blef"i də acı gülüş doğurur. İndi bu cür uydurmalara hətta Fransa kimi ənənəvi ermənipərəst bir ölkənin siyasi liderləri, parlamentariləri də inanmırlar. Başqa sözlə desək, erməni saxtakarlığı indi onların öz əleyhinə işləməyə başlayıb".
Əlisahib Hüseynov onu da diqqətə çatdırıb ki, rəsmi Bakı hazırkı kursu davam etdirdikcə və təzyiqləri artırdıqca separatçıların müqaviməti get-gedə daha da azalacaq və qırılacaq:
"Separatçılarla yalnız təzyiq dili ilə davranmaq lazımdır. Onlarla nə danışıqlara getmək, nədəki hər hansı güzəştə getmək olmaz. Son 50 ildə dünyada separatçılıq problemi ilə üzləşmiş ölkələrin heç biri (hətta Fransanın özü də) separatçılara qətiyyən güzəştə getməyib. Biz də beynəlxalq təcrübədən istifadə edib Qarabağda separatçılığın kökünü tamamilə kəsməliyik. Zatən beynəlxalq hüquq da bizim tərəfimizdədir".