Hansı halda siyasi partiyalara maliyyə yardımından imtina ediləcək? - ÖZƏL

"Siyasi partiyalar haqqında" yeni qanunun tələbi ilə siyasi partiya üzvlərinin reyestrini aparacaq. Siyasi partiya üzvlərinin reyestrində baş vermiş sonrakı dəyişikliklər barədə ildə bir dəfə (yanvar ayının 15-dək) Ədliyyə Nazirliyinə məlumat təqdim edəcək. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Məhşur Məmmədovun sözlərinə görə, siyasi partiya qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər, həmçinin ianə hesab olunan maddi yardım barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim edəcək. Barəsində məlumat təqdim edilməmiş ianə üzrə siyasi partiya tərəfindən bank əməliyyatları və hər hansı digər əməliyyat aparıla bilməyəcək: "Yeniliklərdən biri də siyasi partiyanın mülkiyyətində torpağın ola bilməməsi ilə bağlı qadağa aradan qaldırılmasıdır. İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin siyasi partiyanın əsaslandırılmış müraciəti əsasında və mövcud imkanlar daxilində onun qərargahla təmin edilməsi üçün tədbirlər görməsi nəzərdə tutulmuşdur. Siyasi partiya tərəfindən illik maliyyə hesabatı auditor rəyi ilə birlikdə hər il aprel ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilir. Maliyyə hesabatı müvafiq qaydada təqdim edilmədikdə siyasi partiyaya həmin ilin qalan rübləri üzrə dövlət maliyyə yardımı ödənilməyəcək. Qeyd edilən pozuntu növbəti ildə təkrarlandığı halda siyasi partiyaya həmin ilin qalan rübləri üzrə, həmçinin növbəti 1 il ərzində dövlət maliyyə yardımı ödənilməyəcək. Şəffaflıq üçün siyasi partiyaya ayrılmış dövlət maliyyə yardımının xərclənməsinin yoxlanılması Hesablama Palatası tərəfindən, siyasi partiyanın digər maliyyə fəaliyyətinin yoxlanılması Mərkəzi Seçki Komissiyası tərəfindən həyata keçiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31