Separatçıların heç bir cəhdinin Qarabağ iqtisadi rayonu ilə bağlı planlarımıza təsir etmək imkanı yoxdur - ÖZƏL

"Ötən il Kremlin xüsusi göstərişi ilə Qarabağ İqtisadi rayonuna gələn erməni əsilli rus milyarder Ruben Vardanyan, gəldiyi gündən separatçılar üzərində liderlik etmək arzusunda olduğunu hər bir hərəkəti ilə büruzə verir. Ən son olaraq Xankəndində keçirilən mitinqdə onun əsas fiqur kimi aktiv rol oynaması bunun əyani sübutudur".
Bu fikirləri "OLAYLAR"-a AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə separatçıların yeni seçki keçirmək niyyətinə münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, Vardanyanın atdığı addımlar əksər separatçı rejim rəhbərləri arasında birmənalı qarşılanmır: "Artıq bir müddətdir ki, tanınmayan DQR- in rəhbəri Araik Harutyunyan, Ruben Vardanyan və Milli Şuranın deputatı, separatçılar arasında ciddi nüfuzu olan Vitali Balasanyan arasında çəkişmələr mövcuddur. Xüsusilə Balasanyan və Ruben Vardanyan arasında münasibətlər gərgindir. Çünki hər iki şəxsin separatçı rejimə rəhbərlik etmək iddiaları mövcuddur və rəhbərlik istəyi rejim rəhbərlərini qarşı-qarşıya qoyur. Bu istiqamətdə Vardanyanın mövqeyi daha güclüdür. Çünki Moskva onu dəstəkləyir və keçilməsi planlanan qondarma seçkilər məhz Vardanyanın mövqeyini gücləndirməyə hesablanıb. Lakin separatçıların bu kimi addımları, özlərini müstəqil dövlət kimi göstərmək cəhdlərinin heç biri ölkəmizin Qarabağ iqtisadi rayonu ilə bağlı planlarına təsir etmək imkanı yoxdur". 
AVP rəsmisi deyib ki, artıq 1 aydan çoxdur ki, ictimai fəallarımızın təşkil etdiyi aksiya özü belə rejimi çıxılmaz vəziyyətə salıb: "Rəsmi Bakı çox məharətlə yumşaq güc tətbiq edərək Ermənistan, qondarma rejim və onlara himayədarlıq edən gücləri məğlub etdi. Ölkəmiz növbəti addım kimi alternativ yol üzərində nəzarət-buraxılış məntəqəsi quracağı təqdirdə rejim bütün imkanlarından məhrum olacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31