Azərbaycan hər zaman həssas məsələlərdə İslam dünyasının fikirlərinə önəm verib - ÖZƏL
16 Yanvar 2023 10:45 Siyasət"Azərbaycan-BƏƏ münasibətlərinin tək ölkələr üçün yox, hər iki regionda olan siyasi proseslərə böyük təsir imkanı vardır. Bura ərəb ölkələri-İsrail münasibətlərindən tutmuş, Türkiyə -BƏƏ, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinə kimi geniş spektrli məsələlər daxildir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O hesab edir ki, İran-Azərbaycan münasibətlər də bu görüşlərdə xüsusi müzakirə olunacaq: "Azərbaycanın beynəlxalq aləmdə artan rolu və nüfuzunun bu ölkələr arasında həm barışdırıcı, həm də əlaqələndirici funksiyası yerinə yetirməsi artıq bir həqiqətdir".
Azər Qasımov deyib ki, Azərbaycan Prezidentin istər İslam Əməkdaşlıq Təşkilatı, istərsə də ikitərəfli münasibətlər çərçivəsində ərəb ölkələri ilə apardığı uğurlu siyasət özünü həmişə göstərməkdədir: "Azərbaycan hər zaman həssas məsələlərdə İslam dünyasının fikirlərinə önəm verib, öz siyasətində bunu nəzərə alıb. Bu, özünü İsrailə səfir təyin etmək məsələsində də göstərdi. Azərbaycan Fələstin və İsraildə eyni vaxtda diplomatik korpus açmaq barədə qərar verməklə siyasi balansı qorumuş oldu ki, bu da ərəb və İslam dünyasında razılıqla qarşılandı".
Azər Qasımov sonda əminliklə bildirib ki, Prezident İlham Əliyevin BƏƏ səfərinin uğurlu keçəcəyi şübhə doğurmur.