Azərbaycan-BƏƏ münasibətləri  hər zaman səmimiliyi ilə seçilib - ÖZƏL

"Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı münasibətlər demək olar ki, Türkiyədən sonra ən çox inkişaf etmiş səviyyədədir. Azərbaycan ilə BƏƏ  arasında qarşılıqlı siyasi təmaslar ardıcıl olaraq davam edir. İstər Azərbaycan Prezidentinin, istərsə də BƏƏ rəsmilərinin qarşılıqlı səfərləri müntəzəm xarakter daşıyır".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-nə baş tutan işgüzar səfəri də bu qəbildəndir: "Ölkələr arasında olan qarşılıqlı inam mühiti İslam ölkələri çərçivəsində deyil, ikitərəfli münasibətlər səviyyəsində də öz əhəmiyyətini saxlayır.  İşgüzar səfər çərçivəsində keçiriləcək forumda Azərbaycan və BƏƏ arasında iqtisadi sferada ənənəvi və yaşıl enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək. Həmçinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün müvafiq işlərin görüləcəyi şübhəsizdir".
Azər Qasımov deyib ki, Birləşmiş Ərəb Əmirlikləri Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında yer alıb, hətta Pakistandan sonra Ermənistanı dövlət kimi tanımayan ikinci dövlət olub: "Fransanın BMT-dəki Qarabağ separatçılarını dəstək xarakterli son addımlarının qarşısının alınmasında BƏƏ də müsbət rol oynayıb".
"Azərbaycan-BƏƏ münasibətləri  hər zaman səmimiliyi ilə seçilib"-deyən Azər Qasımov onu da vurğulayıb ki,  Azərbaycanın keçmiş prezidenti, mərhum Heydər Əliyev o vaxt Bakıda səfərdə olan BƏƏ nümayəndə heyətinin rəhbərliyi ilə görüşdə ərkyana şəkildə: "Bizi siz müsəlman etmisiniz, indi siz də bizim arxamızda durmalısınız"-deyə müraciət etmiş və bu, qarşı tərəfdən səmimiyyətlə qarşılanmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31