Bu il Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər - ÖZƏL
6 Yanvar 2023 12:13 Siyasət"Bir sıra ekspertlərdən fərqli olaraq düşünürəm ki, 2023-cü ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Ermənistan bunun adını çərçivə sazişi, Azərbaycan sülh müqaviləsi adlandırmağından aslı olmayaraq bu gün iki ölkə arasında sülh razılaşmasını ehtiva edən bir sənədi nəhayət razılaşdırıb imzalamaq lazımdır".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, belə görünür ki, Ermənistan öhdəliklərdən qorxur, ona görə bu cür razılaşmalardan yayınmağa çalışır, sülh müqaviləsini çərçivə sazişi, Zəngəzur dəhlizini yol adlandırır:
"Düşünürəm ki, bu normal haldır, müharibədən çıxmış iki ölkə arasında fikir ayrılığının olması normaldır, əsas məsələ sənədin imzalanmasıdır. Təbii ki, bu sülh müqaviləsi xatirinə bir müqavilə olmamalıdır və reallıqda iki ölkə arasında normallaşma prosesinə xidmət etməlidir. Lakin eyni zamanda özümüzü də aldatmamalıyıq ki, qısa müddətdə iki ölkə arasında sülhə nail olmaq asan olmayacaq".
Vüqar Əhmədov qeyd edib ki, bu uzunmüddətli bir prosesdir və burada iki ölkə və xalqlar arasında etimad mühiti qurulmalı və əlaqələr bərpa olunamalıdır: "Bu isə müəyyən bir zaman tələb edir. Lakin sülh müqaviləsinin imzalanması gələcək nəsillər və tarix qarşısında önəmli bir mesaj ola və gələcək sülhün təməllərini qoya bilər. Bu gün Qərdə dünyası da belə bir sülh razılaşmasının olmasında maraqlıdır, çünki son onilliklərdir dünya yalnız müharibələrə və hərbi əməliyyatlara şahidlik edir, sülh sanki unudulub, bu isə Qərbin elan etdiyi dəyərlərə tamamən ziddir. Qərbin özü də anlayır ki, sülh istiqamətində səylərini artırmalıdır, buna böyük ehtiyac vardır. Bu baxımdan ümid edirəm Ermənistanın siyasi elitası özündə siyasi iradə taparaq bu il sülh müqaviləsi istiqamətində real addım atacaqlar, tarixin bu fürsətini dəyərləndirə biləcəklər".