Azərbaycan xalqını öz ətrafında birləşdirən milli ideologiya
6 Yanvar 2023 10:00 Siyasətİstiqamət: azərbaycançılıq ideyasının təbliği - "Heydər Əliyev İli"
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il "Heydər Əliyev ili" elan edilib. Dövlət başçısının məlum sərəncamı ilə bununla bağlı "Tədbirlər Planı" da təsdiq edilib. Məlumat üçün qeyd edək ki, müstəqil Azərbaycanın sosial-iqtisadi inkişafı, beynəlxalq əlaqələrinin genişləndirilməsi, ölkənin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi kimi bütün mühüm sahələrin ideoloji əsası məhz Ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Elə azərbaycanlıların birlik və həmrəyliyini təmin edən Azərbaycançılıq ideologiyası da Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Sirr deyil ki, Ümummilli lider milli-mənəvi dəyərlərin, milli ruhun qorunması, azərbaycançılıq ideologiyasının sistem halına salınması istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirib. Məhz Heydər Əliyev dühasının səyi ilə azərbaycançılıq mahiyyətcə real məzmun daşıyaraq praktikada realizə imkanları qazandı. Ulu öndər daim vurğulayırdı ki, azərbaycançılıq ideologiyası real müstəqilliyə nail olmaq, vahid, bölünməz Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. "Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail oldu. Ümumilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında demişdir: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik". Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını bəyan etdi. Hüquqşünas Natiq Əliyev qeyd edib ki, Sovet hakimiyyəti dağıldıqdan və Azərbaycan tarixində ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Azərbaycan xalqı azərbaycançılıq ideologiyası ətrafında birləşməyə başladı: "Etiraf edilməlidir ki, Azərbaycançılıq ideologiyasının müasir dövrümüzdə təşəkkül tapması, inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri misilsizdir. Heç şübhəsiz ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra xalqın, millətin bir ideologiya ətrafında birləşməsi zəruri idi. Müstəqilliyin ilk illərində mövcud olan başıpozuqluq, qeyri-müəyyənlik, kənar təsirlərin, hətta yad ideologiyaların belə Azərbaycana sirayət etməsinə səbəb olmuşdu. Ancaq 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra həmin mənfi, yad təsirləri tədricən kənarlaşdırmağa nail oldu. Ulu öndərin müasir dövrün tələblərinə uyğun olaraq irəli sürdüyü azərbaycançılıq ideologiyası xalqın, millətin bu ideologiya ətrafında toparlanması, cəmlənməsinə vəsilə oldu. 2001-ci ilin noyabr ayında ümummilli lider Heydər Əliyevin iştirakı ilə keçirilən Dünya Azərbaycanlılarının Birinci Quyrultayı isə azərbaycançılıq ideologiyasının daha da geniş yayılması, eyni zamanda xaricdə yaşayan soydaşlarımızın da bu ideologiya ətrafında birləşməsi, fəaliyyət göstərməsi üçün mühüm əhəmiyyətli bir toplantı oldu. Azərbaycançılıq ideologiyasının əsas üstün cəhətlərindən biri ondan ibarətdir ki, bu ideologiya etnik və milli ayrıseçkiliyə qarşıdır, ifrat millətçiliyi qəbul etmir. Ona görə də ölkəmizdə bütün digər xalqların nümayəndələri də azərbaycançılıq ideologiyası ətrafında birləşərək Azərbaycan dövlətində heç bir maneəsiz, qorxusuz yaşayırlar. Eyni zamanda onlar dövlətin, xalqın inkişafına öz töhfələrini verirlər. Sirr deyil ki, Azərbaycan dövlətçilik irsinin araşdırılması və təbliği, öz tarixinə və gələcəyinə, milli və mənəvi dəyərlərinə hörməti özündə əks etdirən azərbaycançılıq ideoliogiyası həm də milli dövlətçilik strategiyamızın təməl prinsiplərini təşkil edir. Ümumilli lider Azərbaycan dövlətinin təməlini qoymaqla yanaşı, həm də milliliklə dövlətçiliyi bir-birinə qovuşdurdu, onların sarsılmaz vəhdətini təmin etdi".
Onun sözlərinə görə, hazırda Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır: "Təbii ki, bu dəyərlər sistemi Azərbaycanda demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Azərbaycançılıq ideologiyası həm də vahid və bölünməz Azərbaycanın qorunub saxlanması və möhkəmləndirilməsinin siyasi əsasıdır. Məhz bu ideologiya ətrafında birləşmək Azərbaycanda müxtəlif konfessiyaların dinc yanaşı yaşamasını, ölkədə yaşayan bütün etnosların qardaşlaşmasını, onların Azərbaycanın firavan gələcəyi uğrunda vahid cəbhədə birləşməsini təmin edə bilib. Çünki, Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Daha doğrusu, azərbaycançılıq ideologiyası özündə bərabərhüquqlu vətəndaşlıq, qarşılıqlı əməkdaşlıq və həmrəylik sisteminin ideya-nəzəri əsasını birləşdirib. Xatırladaq ki, azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Məhz bu amil nəzərə alınaraq Ulu Öndər Heydər Əliyev tərəfindən ölkədə rəsmiləşən azərbaycançılıq ideologiyası prezident İlham Əliyevin siyasətində etnik, ideoloji və siyasi-mənəvi standart oldu. Müasir Azərbaycanda heç bir azərbaycanlı özünü heç bir xalqdan əksik bilmir. Milli qürur hissi sözdə deyil, həm də işdə, əməldə özünü göstərir. Bu Ulu Öndər Heydər Əliyevin qürurla söylədiyi "Mən fəxr edirəm ki, azərbaycanlıyam" geniş siyasi fəlsəfəsində və cənab İlham Əliyevin "mən hər bir azərbaycanlının prezidentiyəm" strateji-məntiqi fikrində əks olunur. Qeyd edək ki, milli ideologiya ilə ümumbəşəri dəyərlərin ahənginə nail olmaq, qloballaşma prosesinə öz milli-mənəvi irsi ilə qoşulmaq hər bir xalq üçün böyük önəm daşıyır. Azərbaycançılıq ideyası bu çağırışlara cavab verir, milli mənsubluğun müdafiəsi ilə yanaşı, ümumbəşəri dəyərləri də özündə ehtiva edir. Hazırda çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir".
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir