"Biz geniş coğrafiyaya sahib xalqıq"- ÖZƏL
5 Yanvar 2023 15:26 Siyasət"Bu gün biz Azərbaycan xalqının qəsb edilmiş bir sıra haqları ilə qarşı-qarşıya qalırıq. Bunlara son nümunə kimi Qarabağın işğalı və oradan didərgin salınan bir milyona yaxın azərbaycanlını misal göstərə bilərik. Ancaq bunlar tariximizdəki son örnəkdi. Bütün dünya dövlətləri bilir ki, Azərbaycan dövlətçiliyinin sərhədləri daha genişdir. Biz geniş coğrafiyaya sahib xalqıq. Azərbaycan xalqı bu haqlarına gec-tez sahib olacaq. Bugünki Ermənistan dövlətinin bərqərar olduğu torpaqlar tarix etibarilə Azərbaycanın sərhədləri daxilində qalır. 1813-1828-ci illərdə Azərbaycan ölkəsi iki hissəyə parçalandı və onun şimalı Rusiya İmperiyasının tərkibində qaldı".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib.
1829-cu ildə Rusiya-Osmanlı arasında bağlanan Ədirnə sülh müqaviləsi Rusiyanın maraqlarına xidmət edən müqavilə idi. İndiki İran və o zamanki Osmanlı ərazisindən yüz minlərlə erməni Azərbaycan ərazisinə köçürüldü. Bu gün Qərbi Azərbaycan adlandırdığımız Ermənistan dövləti sərhədlərində Moskvanın maraqları daxilində erməni kimliyi ön plana çıxarıldı. Azərbaycanlıların burada azlıq halına salınması, minlərlə toponimin dəyişdirildi,tarixi abidələr məhv edildi. Azərbaycan türklərinin izləri tarixi torpaqlardan silindi. Azərbaycan Prezidentinin bu məsələlərə toxunması tarixi təcəssümdür. Bu bölgələr Azərbaycan xalqının haqqıdır. Heç kim Ermənistan dövlətini süquta uğratmağı iddia etmir. Ancaq, hər kəs razılaşmaq məcburiyyətindədir ki, bu bölgələrə geri dönüş Azərbaycan xalqının haqqıdır. Və bu haqq təmin olunmalıdır. Ümid edirik ki, 2023-cü il bu məsələnin qabardılması, xalqımızın hüquqlarının təmin olunması kimi çox önəmli hadisələrlə yadda qalacaq. Artıq, bunlar üçün zəmin yaranıb.