İlham Əliyev Heydər Əliyev akademiyasını "qırmızı diplomla" bitirib - ÖZƏL
5 Yanvar 2023 13:50 Siyasət"Tarixdən məlumdur ki, hər bir xalqın lideri olur. Bilirsiniz, bütün hallarda ideyalar insanları müəyyən partiyada birləşdirə bilər, amma dövlət ətrafında birləşdirməsi çox az hallarda olur. Liderin ətrafında birləşən xalqlar həmişə bu və ya digər çətinliklərdən qurtarmaq məcburiyyətində olurlar. Belə liderlərdən biri də Heydər Əliyevdir".
Bu sözləri Olaylar.az-a açıqlamasında Cümşüd Nuriyev deyib.
"İndi məlum olur ki, Heydər Əliyev Sovet dövründə Azərbaycan üçün daha çox şey edib. Amma o, heç vaxt bu məsələlərin açıb-ağardılmasını sevmirdi. Çünki ona həddən artıq maneəçilik törədirdilər. O vaxtlar da onun əleyhinə çox ciddi təbliğat aparılırdı və bu təbliğat indiki orta nəslin beynində yazılıb, bir növ müəyyən mənfi fikirlər öz işini görmüş oldu. Yəni, bizim nəslin nümayəndələri Heydər Əliyev haqqında formalaşan fikirlərlə həddən artıq müxtəlif yanlış fikirlər söylədi. Çünki idealogiyanı o istiqamətdə aparırdılar. Hər kəs o idealogiyanı dərindən başa düşə bilmirdi.
Bütün hallarda Heydər Əliyevin fəaliyyətini iki hissəyə bölmək lazımdır. Birincisi, Sovet dövründə, ikincisi, müstəqil Azərbaycanın dövründədir.
Sovet dövründəki siyasət mərkəzdən gələn bir siyasət idi və onu yerdə icra etmək məcburiyyətində idilər. Amma hər kəs öz xalqının, dövlətinin maraqlarına uyğun davranmağı bacarmırdı. Keçmiş Sovet liderləri içərisində bunu daha çox bacaran Heydər Əliyev oldu. Amma müstəqillik dövründə Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanı indiki Ermənistan, Ukrayna, Orta Asiya səviyyəsində olacaq bir vəziyyətdən qurtardı. Çünki dövlətçilik təcrübəsi ayrı şeydir, Heydər Əliyevin təkcə dövlətçilik təcrübəsi yox idi. Uzun müddət Sovet Təhlükəsizlik Orqanlarında çalışdığına görə hansı xalqlara, hansı üsullardan istifadə edib qarşıdurma yaradırdılar, ara qarışdırırdılar, onu çox gözəl bilirdi. Əgər fikir versəniz, Heydər Əliyevin hakimiyyətdən getməsindən cəmi iki həftə keçdi, üçüncü həftə artıq Aqanbekyan Parisdə Dağlıq Qarabağ məsələsini gündəmə gətirdi. Bunu Heydər Əliyevin vaxtında edə bilməmişdilər. Çünki mən "Heydər Əliyev irsinin politoloji aspektləri" barədə dərs keçəndə, orda Heydər Əliyev ilə bağlı materiallarla tanış olanda, 1967-ci illərdə Heydər Əliyevin Xankəndində baş verəcək separatizmin qarşısını necə ustalıqla alması barədə materiala rast gəldim. Düzü, mən onun peşəkarlığına heyran oldum. O vaxt bu materiallar əldə oluna bilmirdi. Amma indi əldə olunur və Heydər Əliyev haqqında oxuduqca, onu daha çox tanıdıqca, onu daha çox sevməyə başlayırsan. Bu siyasətçilərə aiddir. Mən də Heydər Əliyevi gec tanıdım, bunu etiraf edirəm. Çünki Sovet vaxtı beynimizə yeridilən ideologiya tamam fərqli idi. Amma bütün hallarda çox xoşbəxtəm ki, Heydər Əliyev ilə həm Milli Məclisin sədri olanda birlikdə çalışdıq, ondan çox şey öyrəndim, həm də mən 3 ilə yaxın nazir müavini kimi Heydər Əliyevin prezidentliyi dövründə də onunla çalışmışam. Yəni bu mənə çox şeylər öyrətdi, amma bəzi şeylər gec oldu. Yəni, mən onları dərk edib, həyata keçirənə qədər artıq Heydər Əliyev dünyasını dəyişdi.
Bu ilin Heydər Əliyev ili olması çox yerində olan bir qərardır. Heydər Əliyev haqqında çoxsaylı materiallar var, onun ötən əsrin 40-cı illərindən, bu əsrin əvvəllərinə qədər 60 ildən çox müddətdə dövlətinə, millətinə necə xidmət etməsi haqqında kifayət qədər hələ açılmamış məlumatlar, materiallar var. Yəni o, özü boyda bir sirr idi, amma özü boyda bir dünya, ideya generatoru, bir millətçi idi. Bütün bu xüsusiyyətləri bir insanda cəmləşdirmək həddən artıq çətin bir məsələdir. Amma Heydər Əliyev bunu bacardı və mən inanıram ki, bu il ərzində Heydər Əliyev haqqında hələ yeni çox məlumatlar çap olunacaq.
Allah rəhmət etsin, o dünyasını versin və bütün hallarda biz Heydər Əliyevdən çox şey öyrənmişik, hələ də öyrənməliyik. O bir məktəbdir və o məktəbin də bariz nümunəsi kimi Azərbaycan Respublikasının indiki Prezidenti İlham Əliyevi göstərmək olar. Bu yaşda bu qədər peşəkarlıq onu göstərir ki, İlham Əliyev Heydər Əliyev akademiyasını "qırmızı diplomla" bitirib.
Röyalə Xəyal