"“İran İslam Respublikası” adlanan ölkə öz konstitusiyasına belə əməl etmir"- ÖZƏL

"İran İslam Respublikası" adlanan ölkə nəinki İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın tələblərinə, hətta öz konstitusiyasına belə əməl etmir.
İran İslam Respublikasının konstitusiyasının 19-cu bəndinə görə, bu ölkənin vətəndaşları arasında "rənginə, irqinə, dilinə görə heç bir fərq qoyulmur". Konstitusiyanın 15-ci bəndində isə bildirilir ki, "fars dili ilə yanaşı, regional və etnik dillərdən çap məhsullarında, kütləvi informasiya vasitələrində istifadəyə və təhsil müəssisələrində tədris edilməsinə icazə verilir. Amma reallıqda isə, xüsusilə də Azərbaycan türklərinə münasibətdə bunun tam əksini müşahidə edirik".

Bu sözləri Olaylar.az-a politoloq Elçin Mirzəbəyli deyib. 
"İran dünyada barmaqla sayılan ölkələrdəndir ki, bu günədək qadınların hüquqlarını qoruyan, həmçinin işgəncələr əleyhinə olan heç bir beynəlxalq sənədi, o cümlədən "Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında " Konvensiyanı və ona fakültativ əlavəni, "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan davranış və cəza növlərinə qarşı" Konvensiyanı və ona əlavələri imzalamayıb.
Bütövlükdə isə, İran İslam Respublikasının siyasi sistemi, öz vətəndaşlarına, xüsusilə də qeyri-fars etnik kimliyi olan insanlara, o cümlədən müxtəli mənbələrə görə, sayı 35-45 milyon nəfər civarında olan azərbaycanlılara olan münasibəti həm hüquqi, həm siyasi müstəvidə humanizm prinsipləri baxımından bəşəriyyətin üz qarasıdır. Baxmayaraq ki, İran konstutusiyası qeyri-fars dillərindən istifadəyə icazə verir, amma molla rejimi ölkənin ana qanunun digər müddəalarını əsas gətirərək, bu hüquqların daha çox qeyri-müsəlmanlara aid olduğunu iddia etməklə, ölkə əhalisinin az qala yarısını təşkil edən azərbaycanlıların, eləcə də digər türk xalqlarının fundamental hüquq və azadlıqlarını kobud şəkildə pozmaqda davam edir və assimilyasiya siyasəti yürüdür. Amma ermənilərə münasibətdə isə molla rejiminin xüsusi rəğbəti və sevgisi açıq-aşkar hiss olunur.
Hər il paytaxt Tehran da daxil olmaqla İranın ən müxtəlif şəhərlərində erməni məktəblərinin ənənəvi sərgisi keçirilir. Sərgidə erməni dilində, müxtəlif dövrləri əhatə edən dərsliklər nümayiş etdirilir. Bundan başqa, Tehrandakı erməni məktəblərində istifadə olunan əşyalar, çap maşınları, məktəbli geyimləri də ziyarətçilərin diqqətinə təqdim olunur. Rəsmi məlumatlara görə, hazırda İranda 60-80 min arası erməni yaşayır. Buna baxmayaraq, təkcə Tehran şəhərində ermənilərin təsis etdiyi 53 məktəb fəaliyyət göstərir. Onlardan 20-də yalnız ermənilər və əsasən öz dillərində təhsil alırlar. Bundan başqa, paytaxt Tehranda ermənilər üçün nəzərdə tutulan çoxsaylı uşaq bağçaları da fəaliyyət göstərir...
Şübhəsiz ki, mənim, o cümlədən həmvətənlərimizin əksəriyyəti üçün Tehranda fəaliyyət göstərən erməni məktəbləri və İran ermənilərinin həyat tərzi heç bir əhəmiyyət kəsb eləmir. Amma nəzərinizə çatdırım ki, burnunu bütün ölkələrin daxili işinə soxub, ağlasığmaz nağıllar uyduran, özünü az qala kiçik xalqların hamisi kimi təqdim edən İran rejimi öz sərhədləri daxilində yalnız və yalnız 60-80 minlik etnik erməninin milli-mədəni hüquqlarını tanıyır.
Özünü "İran İslam Respublikası" adlandıran mollakratiya əslində müsəlmanların, o cümlədən müsəlman türklərin qənimidir. Ermənilərə gələndə isə, Hind-Avropa "kökləri", hansısa qondarma "ortaq mədəniyyət" paniranizm xəstəliyi baş qaldırır və müsəlmanları soyqırımına məruz qoyan, məscidlərində donuz saxlayan, ziyarətgahlarını, məzarlarını, yurdlarını yer üzündən silən ermənilərə "qardaş" deməkdən belə çəkinmirlər. Bu İran rejiminin gerçək simasıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31