"Heydər Əliyev İli" yalnız Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək

Bəhruz Məhərrəmov: "Bu il həm də Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın tarixində müstəsna, taleyüklü bir il olacaq"

Artıq 2023-cü ilin ilk günlərini yaşayırıq. 2022-ci ilin yekunları, il ərzində siyasi, iqtisadi, sosial və digər sahələrdə əldə edilən uğurlar 2023-cü ilin də Azərbaycan üçün uğurlu olacağını deməyə əsas verir.

2023-cü ili dövlətimiz, xalqımız üçün əlamətdar edəcək hadisələrdən biri də bu ilin "Heydər Əliyev İli" elan olunmasıdır. Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə bağlı sərəncam imzalayıb. Dövlət başçısının sərəncamına əsasən "Heydər Əliyev İli" çərçivəsində həm ölkə daxilində, həm də ondan kənarda bir sıra tədbirlər təşkil olunacaq.

Məlumat üçün qeyd edək ki, 2023-cü il, may ayının 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.

Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı və irimiqyaslı layihələr həyata keçirdiyi illərdə özünü bir daha parlaq surətdə təzahür etdirib.

Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə ölkəmizə yenidən rəhbərliyi illəri Azərbaycan xalqının nadir tarixi imkandan faydalanaraq, böyük əziyyətlər bahasına öz müstəqilliyini əbədi və dönməz etdiyi taleyüklü mərhələdir.

Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.

Tam əminliklə deyə bilərik ki, Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirib. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq şərəfli vəzifədir.

Bəs görəsən siyasilər 2023-cü ili necə xarakterizə edirlər? Xüsusilə, bu ilin "Heydər Əliyev İli" elan olunması ictimai-siyasi aspektdən nə dərəcədə əhəmiyyətlidir?

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyir ki, 2022-ci ilin yekunlarını təhlil edərkən həm hərbi-siyasi, həm sosial iqtisadi, həm də beynəlxalq münasibətlər məcrasında uğurlu bir ili başa vurduğumuz aydın görünür. Onun sözlərinə görə, uğurlar və qələbələrin təməlində doğru idarəçilik, qətiyyət, möhkəm iradə, siyasi və iqtisadi müstəqilk, o cümlədən daxili sabitlik, artan beynəlxalq nüfuz, milli həmrəylik, ən əsası isə Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində də qeyd etdiyi kimi, Heydər Əliyevin yoluna sədaqətimiz dayanıb: "Heç şübhəsiz ki, bu il də qalibiyyətlər seriyası davam edəcək və 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi özlüyündə əlahiddə bir perioda işarədir. Daha dəqiq desək, "Heydər Əliyev İli" yalnız Ulu Öndərin 100 illik yubileyi ilə əlamətdar olmaqla kifayətlənməyəcək, bu il həm də Heydər Əliyevin qurub yaratdığı müstəqil Azərbaycanın tarixində müstəsna, taleyüklü bir il olacaq: "Bu mənada, əslində bayram müraciətində cənab İlham Əliyev həm də 2023-cü il üzrə yol xəritəsini elan etmiş oldu. Birinci növbədə, bu il sülh müqaviləsi imzalana bilər. Sülhə aparan yolda isə seçim təbii ki, Ermənistanındır, ya könüllü olaraq şərtlərimiz qəbul olunacaq, ya da sülhə məcbur ediləcək. Düzdür, Azərbaycana 2023-cü ildə hərbi qarşıdurma arzu etmirik, lakin eyni zamanda BMT Nizamnaməsi bizə təhlükəsizliyimizi təmin etmək hüququ verir. Bu mənada cənab İlham Əliyev də müraciətində, Azərbaycanın artan hərbi imkanlarını təsadüfən vurğulamadı. Həmçinin bu güc bizə imkan verəcək ki, regionda sülhü təmin etməklə bərabər, Naxçıvanla quru bağlantımız təmin edilsin, dövlət başçısının da anonsunu verdiyi kimi, "Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də". Azərbaycanın artan imkanları, Ermənistanın müttəfiqliklərinin özünü doğrultmaması, xüsusən Fransanın bu günlərdə BMT Təhlükəsizlik Şurasındakı fiaskosu Prezident İlham Əliyevin Azərbaycanın "diqtə edən tərəf" statusunu daha da möhkəmləndiyini göstərdi".

Bəhruz Məhərrəmov qeyd edib ki, bu il həmçinin Böyük Qayıdış proqramının icra arealı genişlənəcək, Zəngilanın ardınca Laçın öz sakinlərinə qovuşacaq: "Şaxələndirilmiş və artan iqtisadiyyat, xüsusən reallaşmaqda olan meqalayihələr də hədəflərə doğru irəliləmək üçün imkanlar vəd edir. Bu mənada cənab Prezidentin çıxışında əhatələnən 2023-cü ilin yol xəritəsinin realizəsi şübhə doğurmur".

Millət vəkili onu da diqqətə çatdırıb ki, 2022-ci ildə olduğu kimi, "Heydər Əliyev İli" ndə də korrupsiya ilə mübarizə dövlətin prioritetlərindən biri olaraq qalacaq: "Həm korrupsiyaya qarşı mübarizədə, həm də hər hansı formada məmur özbaşınalığını ehtiva edən istənilən hərəkətə qarşı ciddi tədbirlər davam edəcək".

Bəhruz Məhərrəmov sonda onu da diqqətə çatdırıb ki, həyata keçirilən kadr və struktur islahatları ilə cənab İlham Əliyev bu gün elə bir daxili siyasi situasiya və möhkəm dövlətçilik məfkurəsi formalaşdırıb ki, dövlətə, dövlət başçısının siyasi kursuna və xalqa xəyanət edən, yaxud tamahının əsirinə çevrilən kimliyindən asılı olmayaraq hər hansı məmurun əvəzlənməsi dövlət aparatının normal və stabil fəaliyyəti üçün əngələ çevrilmir: "Bu mənada 2023-cü ildə etimadı doğrultmayacaq, qarşıya qoyulan milli prioritetlərə nail olmaq üçün səy göstərməyən, dövlət maraqların təmin edilməsində töhfə verməyən, Heydər Əliyev yolunda yürüməyə layiq olmayan heç kimə hansısa formada ikinci şans verilməyəcək".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31