"Azərbaycan-İran münasibətləri baxımından müsbət proqnoz vermək mümkünsüzdür"- ÖZƏL

"İranın anti-Azərbaycan siyasəti 30 ildir davam etdiyi kimi, yeni ildə də davam edəcək. Artıq hər kəsə bəllidir ki, İranı və Ermənistan ittifaq münasibətlərə daxil olublar. İki ölkə arasında de-yure ittifaqlıq mövcud olmasa da, de-fakto bu iki ölkə müttəfiqdirlər və İran özünün gücü və hərbi-texniki imkanları ilə Ermənistanın regional havadarına çevrilib. 
Əlbəttə İranın işğalçı bir ölkəyə bu qədər yaxın olmasının səbəbi onun anti-Azərbaycan, anti-türk addımlarıdır. 
İran düşünür ki, Ermənistanı qorumaqla və bölgədə ermənilərin səbəb olduğu xaotik vəziyyəti uzatmaqla öz məkrlərinə çatacaq. Bu məkrli planlar arasında Cənubi Azərbaycanda milli assimiliyasiya prosesini tamamlamaq, Azərbaycan dövlətini zəiflədərək, onun regional faktor olmasının qarşısını almaq və Azərbaycan ərazilərindən öz məqsədləri üçün istifadə etməkdir". 

Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib. 
"Qarabağ işğalda olduğu zamanlarda İran bu bölgədə qeyri-qanuni yollarla sərvət toplayan əsas ölkələrdən biri idi. 
Amma İran tərəfinin öz planlarını reallaşdırmaq üçün imkanları qısıtlanıb. 
Birincisi, İranın öz daxilində aksiyalar səngimək bilmir, əksinə bir çox mütəxəssislər proseslərin daha da ağırlaşacağını təxmin edir. Bu halda isə, hazırki mollakratik rejimin taleyi belə sual altına düşür. 
İkincisi, Rusiyanın Ukraynanı işğalı fonunda Azərbaycan Qərb dairələri, ABŞ və Çin kimi güc mərkəzlərinin əsas diqqət mərkəzinə çevrilib. İran fərqindədir ki, Azərbaycan hazırda dünya siyasətində İrandan daha vacib ölkədir. 
Üçüncüsü, Türkiyə-Azərbaycan müttəfiq münasibətləri İranın rahat şəkildə anti-Azərbaycan addımlarını daha da genişləndirməyə, ən əsası radikal addımlar atmağa olan cəsarətini sıfıra endirir. Həm də 30 milyondan çox Azərbaycan türkünün arasında milli dövlətçilik nmeyillərinin hər gün artan templə davamı İranı Azərbaycan qarşısında zəif edir. 
2023-cü ildə Azərbaycan-İran münasibətləri baxımından müsbət proqnoz vermək mümkünsüzdür. Əksinə, bu münasibətlər indikindən daha da pis səviyyəyə enə bilər. Çünki Azərbaycan öz milli maraqları baxımından qərarlı addımlar atmaqda məqsədlidir ki, bu da ilk növbədə Tehranda narazılığa səbəb olur. 
Amma yuxarıda saydığım səbəblərdən dolayı, İran gələn il, ondan sonrakı illərdə də Azərbaycan əleyhinə ciddi uğurlu nəticələr əldə edə bilməyəcək. Əksinə zamanla Azərbaycan İrandan daha güclü ölkəyə çevrilməkdədir. Təbii yaxın perspektivdə İranı üstələmək mümkün olmasa da, ən azından onu susdurmaq üçün ideal ümumi dünyəvi şərtlər formalaşır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31