İranın son addımları bölgədə qurulacaq yeni əməkdaşlıq modelini pozmağa yönəlib - ÖZƏL
18 Oktyabr 2022 13:21 Siyasət"Azərbaycanın mövqeyi hər zaman qonşu dövlətlərlə konstruktiv münasibətlər qurmaqdan keçib. Diqqət etsək məhz 44 günlük Qarabağ müharibəsindən sonra regionda yeni konfiqurasiya yarandı, bölgədə 3+3 əməkdaşlıq formatı təklif olundu, Azərbaycan bu əməkdaşlığa əməli dəstək göstərmək üçün İranla Naxçıvanı birləşdirən dəhlizin tikintisi ilə bağlı müqavilə imzaladı. Şübhəsiz ki, bu müqavilə İranın regiona daha yaxından inteqrasiyasında rol oynayacaq. Lakin Azərbaycanın bu xoşgörüsünə baxmayaraq biz bəzən qonşu dövlətlərdən, konkret olaraq İrandan da fərqli münasibətin sərgiləndiyini görürük".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov son günlər İranın Azərbaycanla sərhəddə hərbi təlimlər keçirməsi və sərhəd boyunca hərbi texnika cəmləşdirməsinə münasibət bildirərkən səsləndirib. Politoloq daha sonra qeyd edib: "Məsələ burasındadır ki, Ermənistan Zəngəzur dəhlizi məsələsini uzatmaqla, Avropa İttifaqının bu il üçün onlara ayrılan 3 milyard avroluq qrant yardımı vasitəsi ilə öz ərazisi üzərindən İrana yeni koridorun çəkilməsinə çalışır. Məlumdur ki, Qərblə İran arasında müəyyən ziddiyyətlər mövcuddur. Ermənistan məhz bu layihəni gerçəkləşdirməyə çalışmaqla özünü regional oyunçu vəziyyətinə gətirmək və Avropa ilə Cənubi Asiya arasında yeni yarancaq yol nəqliyyat qovşağında vasitə kimi göstərməyə çalışır. Bu layihənin gerçəkləşməsi bir o qədər real görsənməsə də, Avropa İttifaqı sözügedən nəqliyyat infrastrukturunun qurulmasına bu il böyük vəsait ayırıb. Bu gün Fransa tərəfindən Ermənistana dəstək məqsədi ilə səslənən bəyənatlar, İranın son addımları və hərəkətləri bölgədə qurulacaq yeni əməkdaşlıq modelini pozmağa yönəlib. Onlar heç cür Türkiyə, Azərbaycan və Rusiya birgə əməkdaşlığını və regional layihələrini həzm edə bilmirlər".