Yerevan dəhlizin açılmasına gedərsə, İranın mövqeyi əhəmiyyət kəsb etməyəcək - Politoloq
17 Oktyabr 2022 15:50 Siyasət"İran Quru Qoşunlarının SEPAH -ın Azərbaycanın sərhədlərinə yaxın ərazidə hərbi təlimlər keçirməsi əsasən, Zəngəzur dəhlizinin açılmasına qarşı yönəlib. İran "Zəngəzur" dəhlizin açılması müstəvisində müdaxilə etmə ssenarisi üzrə məşq edərək, regionda geosiyasi transformasiyanı qəbul etmək istəmir". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, rəsmi Yerevan dəhlizin açılmasına gedərsə, İranın mövqeyi xüsusi əhəmiyyət kəsb etməyəcək: "Ermənistan rəhbərliyi 10 noyabr Birgə Bəyannamənin 9-cu bəndini yerinə yetirmədiyinə görə Tehran hazırkı ritorika sərgiləyir. Azərbaycan qoşunları Zəngəzur dəhlizinin açılması istiqamətində hərbi hərəkətlilik edərsə, İran qoşunlarının Zəngəzur istiqamətində əməliyyat keçirməsi Türkiyə, İsrail və Səudiyyə Ərəbistanı ilə toqquşmasına gətirib çıxara bilər. Məhz bu yaxınlarda İsrail, Səudiyyə Ərəbistanı və Türkiyə müdafiə nazirlərinin Bakıya səfəri əsasən, İranın son aylarda sərhəddə keçirdiyi hərbi təlimlərə cavabdır. İran SEPAH Quru Qoşunlarının keçirdiyi hərbi təlimlərə cavab olaraq Azərbaycan Türkiyə birgə hərbi təlimləri başlayır".
Onun bildirdiyinə görə, İran Qərbə qarşı iki cəbhədə yer alir. Birinci, Rusiya Ukrayna müharibəsində Qərbin əleyhinə olaraq Moskvanı silahla təchiz edir. İkinci, "Zəngəzur" dəhlizinə qarşı olaraq Qərbin geosiyasi layihəsinin reallaşdırılmasına qarşıdır: "İran daxilində etirazların davam etməsinə baxmayaraq öz geosiyasi ambisiyalarından geri çəkilmir. Qeyd edim ki, indiki etirazlar əvvəlki etirazlardan fərqli olaraq Qərbin layihəsi əsasında davam edir. Xüsusilə, ABŞ prosesi idarə edir. Bu etirazlarda liderin önə çıxmaması əsasən, xaos şəkilində etirazlarin davam etməsinə hesablanır. Bu kimi etirazlarla mərkəzi hakimiyyəti zəiflətməyin əsas strateji xəttidir. Çünki, liderin ortaya çıxması İran hakimiyyətinin onu zərərləşdirəndən sonra etirazları yatirması mümkün olur. Bu etirazlarda əsas katalizator əsasən kürdlərdi. Kürdlər digər millətlərdən fərqli olaraq silahlı və müəyyən təşkilatlanmaya malikdir. Xaotik şəkildə davam edəcək etirazlar silahlı vətəndaş qarşıdurmasına keçməsi istisna deyil. Belə olan təqdirdə Azərbaycan İranda gedən prosesləri yaxından izləməli və İranın xarici düşmən taktikasını işə salıb, regionda hərbi vəziyyəti gərginləşdirməsinə hazır olmalıdır".