Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi - Deputat
17 Oktyabr 2022 11:21 Siyasət"I Qarabağ müharibəsi zamanı erməni işğalçıları tərəfindən 23 avqust 1993-cü il tarixində Füzuli rayonunun əksər hissəsi işğal edilib. Bu işğal nəticəsində yüzlərlə soydaşımız şəhidlik zirvəsinə ucalıb, əsir və itkin düşüblər. İşğaldan əvvəl çoxsaylı yaşayış məntəqəsinə sahib olan Füzuli rayonu, I Qarabağ müharibəsindən sonra tanınmaz hala düşüb. Ermənistanın törətdiyi vəhşilik izləri özünü rayonun hər yerində açıq büruzə verir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, işğaldan əvvəl öz tarixi ilə, tarixi-dini abidələri ilə, türbələri ilə zəngin olan Füzuli rayonu erməni vandalizminin nəticəsində yerlə yeksan edilmişdir. Lakin, işğaldan sonra qısa müddət ərzində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Füzulinin 22 yaşayış məntəqəsi işğaldan azad edilərək bərpa edilmişdir. Həmin vaxt üçün ölkəmizin sahib olduğu ordu ilə bu məntəqələrin işğaldan azad edilməsini möhtəşəm bir qələbə hesab etmək olardı: "II Qarabağ müharibəsinin ilk günündən etibarən Azərbaycan Ordusu Füzulinin bir sıra yaşayış məntəqələrini işğaldan azad etdi. Şəhidlərimizin öz qanları ilə yazdığı tarixi zəfərin ilk addımları oradan başladı. Füzuli şəhəri isə Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun gücü sayəsində 17 oktyabr 2020-ci ildə erməni işğalçılarından təmizləndi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən mühüm döyüşlərdən biri olmuşdur.
Füzuli rayonunun azad edilməsi digər rayonların azad edilməsinə aparan yolda açar rolu daşıyırdı. Füzuli şəhərinin işğaldan azad edilməsi Azərbaycana strateji üstünlüklər verdi. Bəlkə də bir çoxları Füzuli rayonu uğrunda gedən döyüşlərin aylarla çəkəcəyini düşünürdü. Amma Azərbaycan Ordusu bunu 20 gün ərzində bacardı, şanlı üçrəngli bayrağımızı Füzuli şəhərində ucaltdı. Füzuli uğrundan gedən döyüşlər zamanı düşmənin çoxsaylı əsgəri öz döyüş bayraqlarını, silahlarını cəbhədə buraxaraq qaçdılar. Onlar Azərbaycan Ordusunun qüdrətindən xəbərdar idilər.
İndi Böyük Qayıdışın nəticəsi olaraq Füzuli rayonu sürətlə dirçəlir. Artıq Füzulidə nəqliyyat yolları, hava limanı, digər infrastrukturlar inşa edilib və bu proses uğurla davam etməkdədir. Artıq bütün məcburi köçkünlər səbirsizliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaqları günü gözləyirlər. O gün uzaqda deyil".