Milli Vəhdət Partiyası: “Makron erməni sevgisini beynəlxalq hüquq və prinsiplərdən üstün tutur” - ÖZƏL

"Azərbaycan-Ermənistan arasında sərhəd məsələsi tam həllini tapıb iki ölkə arasında sülh müqaviləsi imzalanmadan Fransa ilə hər hansı formatda görüş və danışıqlardan birmənalı şəkildə imtina edilməlidir. Çünki rəsmi Parisin əsas məqsədi Qafqazda sülhün təmin edilməsi yox, yenidən münaqişənin alovlanması, normallaşmağa doğru gedən Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinin bərpasına əngəl olmaqdır". "OLAYLAR" xəbər verir ki, bu fikirlər Milli Vəhdət Partiyasının bəyanatında yer alıb. Partiya bildirir ki, tarixən Ermənistanın əsas himayədarlarından biri olan Fransa son illərdə, xüsusilə Emmanuel Makronun Fransa prezidenti seçilməsindən sonra ermənipərəst mövqeyini daha da qabarıq şəkilə büruzə verir: "Vəziyyət o həddə çatıb ki, bu ölkə erməni sevgisini bütün beynəlxalq hüquq və normalardan, özünün də üzvü olduğu BMT-nin qərarlarından üstün hesab edir. Makronun Azərbaycanın Qarabağı işğal etdiyi barədə sərsəm fikirləri bunun sübutudur".
MVP hesab edir ki, Fransa prezidentinin səsləndirdiyi sərsəm fikirlərə təkcə Azərbaycan dövləti və cəmiyyəti deyil, eyni zamanda dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsiplərini əsas götürən, bu prinsipləri qəbul edən ölkələr də öz etirazını bildirməlidir: "Çünki sabah Makron bir başqa ölkə barədə də oxşar fikirlər, absurd ifadələr səsləndirə bilər. Ona görə də dünya siyasəti və beynəlxalq prinisplərə qarşı çıxan, onlar barədə anlayışı olmayan bir ölkə rəhbərinə qarşı digər dövlətlər də öz mövqeyini ortaya qoymalıdırlar. Çünki Fransanı çıxmaq şərtilə dünya ölkələri birmənalı olaraq bu reallığı qəbul edir ki, Azərbaycan ermənilər tərəfindən işğala məruz qalmış ərazilərini azad edib. İşğalçı məhz Makronun sevgi hissi bəslədiyi Ermənistan olub".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31