Türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub
14 Oktyabr 2022 13:43 Siyasət"Azərbaycanın xarici siyasət kursunda Orta Asiya regionu ilə münasibətlər mühüm yer tutur. Eyni kök, dil və din amili bu münasibətləri xüsusilə önəmli edir. Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri YAP Nəsimi rayon təşkilatının İƏPT sədri Xaliq Hüseynov səsləndirib. O bildirib ki,
Azərbaycan Qırğızıstanın çox vacib tərəfdaşıdır: "Bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Bu münasibətlərin əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir. Oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğız Respublikasına dövlət səfərinə gəlib. Dövlət başçısının rəhbərlik etdiyi nümayəndə heyəti Bişkek şəhərində bir sıra rəsmi və digər tədbirlərdə iştirak edib. Bişkekdəki Ala-Arça dövlət iqamətgahında rəsmi qarşılanma mərasimindən sonra Prezident İlham Əliyev "Ata-Beyit" Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib. İclas başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Birinci Dövlətlərarası Şuranın iclasının Qərar"ını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov imzalayıblar. Bu sənədlər arasında mühüm əhəmiyyətə malik olanlarından biri də "Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandum"unun imzalanması ilə Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış ediblər.
Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident cənab İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamış, son bir ildə liderlər arasında üç görüş, iki qarşılıqlı səfər baş tutmuşdur. Nəticədə Prezident İlham Əliyevin səyləri ilə siyasi münasibətlərin inkişaf etdirilməsinə paralel olaraq, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, təhsil, turizm və idman sahələri kimi konkret istiqamətləri əhatələyən kompleks format müəyyən edilmişdir ki, bu da Bişkek-Bakı münasibətlərində yeni səhifə açmışdır".
Hakim partiya rəsmisinin sözlərinə görə, birgə bəyanatda çıxışı zamanı Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, Türk dünyası yeni potensial əldə edir. Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir: "Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq".
Hazırda iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün Qırğızıstan Azərbaycanın da mühüm rola malik olduğu Orta Dəhlizdən faydalana bilər. Qırğızıstanın bu Avrasiyada reallaşdırılan layihələrdən faydalanması iki ölkə arasında ticarət münasibətlərinin daha da güclənməsinə töhfə verə bilər. Ümumiyyətlə, türkdilli ölkələrlə əməkdaşlıq Azərbaycanın xarici siyasətində daim mühüm yer tutub. İllər keçdikcə, xüsusilə son zamanlar Azərbaycanın və Türkiyənin fəal səyləri nəticəsində Türk Şurasının tərkibi genişlənib. Azərbaycanın türkdilli dövlətlərlə genişlənən əlaqələri imzalanan Bəyannamələrdə öz əksini tapır. İkitərəfli kontekstdə möhkəmlənən bu əlaqələr sonda bir mərkəzdə birləşərək vahid gücə çevrilir".