Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri intensivləşir

Azərbaycan regionun lider dövləti kimi Ermənistan istisna olmaqla bütün yaxın-uzaq ölkələrlə normal əlaqələr qurur, qarşılıqlı faydalı əməkdaşlıq edir. Bu sırada Orta Asiya respublikaları da mühüm yer tutur. Son vaxtlar isə region ölkələri ilə Azərbaycan arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlər önəmli rol oynayır. Bu günlərdə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Qırğızıstana dövlət səfəri, bunun ardınca Qazaxıstanda beynəlxalq tədbirdə iştirak etməsi heş şübhəsiz ki, Bakı ilə Orta Asiya regionu ölkələri arasında münasibətlərə ciddi mənada müsbət təsir göstərən hadisələrdəndir. Elə Yeni Azərbaycan Partiyasının Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov da bu qənaətdədir. O bildirib ki, Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub: "İstər Qazaxıstan, istər Özbəkistan, istərsə də Türkmənistanla münasibətlər məzmunca zəngin olması ilə yanaşı, həm də özünəməxsusluğu ilə seçilir. Bunun da əsas səbəbi bu dövlətlərin xalqları ilə ortaq milli-mənəvi dəyərləri bölüşməyimizdir. Bütün türk dövlətləri ilə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Müstəqilliyin ilk illərində Azərbaycan-Qırğızıstan əlaqələri Mərkəzi Asiyanın digər türk dövlətləri ilə olduğu kimi, əsasən, beynəlxalq və regional təşkilatların işində əməkdaşlıq çərçivəsində həyata keçirilib. İkitərəfli münasibətlərin genişlənməsində isə ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub".

Hakim partiya rəsmisi diqqətə çatdırıb ki, ölkə başçısının səfəri çərçivəsində oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirilib: "Səfər zamanı imzalanmış sənədlər də məzmun baxımından əhatəlidir və hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir. Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Effektiv əməkdaşlığın konkret nümunələri də ortadadır. Azərbaycanın iki peyki - "Azersky" və "Azerspace-1" qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Bəyanat zamanı Prezident cənab İlham Əliyev ikitərəfli əlaqələrə toxunaraq bildirmişdir ki, "Yarım il bundan əvvəl biz strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalamışıq ki, bu da bizim münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün bu Bəyannamənin necə icra olunduğunu məmnunluqla qeyd edirik. Çünki yarım il bundan əvvəl müəyyən etdiklərimizin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Biz mədəni-humanitar əməkdaşlıqdan, iqtisadiyyat, nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətdən və təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər spektrini ətraflı müzakirə etdik." Qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev yarım il öncə Bakıda keçirilən görüşü məmnunluqla xatırlayaraq deyib: "Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında "Strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək". Eyni zamanda, "Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandum"unun imzalanması ölkələrimiz arasında iqtisadi-ticari münasibətləri daha da gücləndirəcək. Bu mühüm sənədlərin imzalanmasında məqsəd ikitərəfli əməkdaşlığın bütün spektri üzrə bərabərlik, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri prinsipləri əsasında qarşılıqlı əlaqələrin daha da möhkəmlənməsi üçün hüquqi zəmin yaratmaqdan ibarətdir. Həmçinin Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Nizami Gəncəvi adına məktəbin, Heydər Əliyev adına Məktəb-Gimnaziya təhsil-tərbiyə kompleksinin açılması ölkələrimiz arasında humanitar, mədəni əlaqələrin yüksək səviyyəsindən xəbər verir".

Həbib Misirov deyir ki, cari ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərin intensivləşməsinin şahidi oluruq: "Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana, Prezident İlham Əliyevin isə Özbəkistana, Türkmənistana və Qırğızıstana səfərləri və əldə edilmiş razılaşmalarəlaqələrimizin gələcək konturlarını müəyyən edir. Belə ki, dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsi olaraq ölkəmizdə bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və respublikamız beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri vasitəsilə əlverişli regional tranzit mərkəzinə çevrilib".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31