Azərbaycan Fransa ilə əlaqələri dayandırmalı, səfirini geri çağırmalıdır - Deputat
14 Oktyabr 2022 12:06 Siyasət"Makron deyib ki, onu heç kim neft və qazla ala bilməz. Mən də deyirəm ki, ədalətli adam haqsız tərəfi müdafiə etməz". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında deyib. Bildirib ki, bir milyon müsəlman azərbaycanlı 34 ildir qaçqın və məcburi köçkün həyatı yaşayır. Azərbaycanın ərazilərini 30 il işğalda saxlayan Ermənistana deyilmədi ki, sən öz sərhədlərinə qayıtmalısan, sənə sanksiya tətbiq ediləcək: "İndi Putin Rusiyası qismən neytrallığını qorumağa çalışır. Amma Rusiya Ermənistan tərəfdən vuruşsaydı, satılmaram deyən Makron Rusiyaya təşəkkür edərdi. Üçtərəfli sazişdən sonra Fransa Ermənistana vaxtında təzyiq göstərsəydi, başa salsaydı 13-14 sentyabrda Ermənistanın təxribatı da baş verməzdi. Ermənistana vicdansız dəstəyinə görə Fransa birbaşa məsuliyyət daşıyır".
Deputat əlavə edib ki, Fransa Senatı Azərbaycana qarşı 15 noyabrda qətnamə qəbul etməyə hazırlaşır: "Əgər belə bir qətnamə qəbul edilsə, Azərbaycan Fransada ilə əlaqələri dayandırmalı, səfirini geri çağırmalıdır". Q.Həsənquliyev əlavə edib ki, üçtərəfli razılaşmanın tələblərini yerinə yetirmək Rusiyadan tələb olunmalıdır.