"Bu, türk dövlətləri təşkilatının təşəkkül tapmasında çox uğurlu bir addım olacaq"-EKSPERT- ÖZƏL
13 Oktyabr 2022 13:58 Siyasət"Astanada keçirilən AQEM-in qarşılıqlı etimad və təqdimat müşavirəsinin 6-cı toplantısı çox mühüm tədbirdir. Çünki, Azərbaycan Prezidenti İlham Əliyev uğurlu Qırğızıstan səfərindən sonra Astanaya gəldi. Pakistanın baş naziri ilə görüşdü. Bu, türk dövlətləri təşkilatının təşəkkül tapmasında çox uğurlu bir addım olacaq. Ən əsas həmin toplantıda prezidentin çıxışı idi. Prezident ilk dəfə orda bir neçə məsələyə toxundu. İlk öncə İlham Əliyev bəyan etdi ki, ermənilərin basdırdığı minaları təmizləmək üçün Azərbaycana 30 il vaxt və 25 milyard dollar vəsait lazımdır".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib:
"Bu, rəsmi şəkildə erməni vəhşiliyini gündəmə gətirilməsi, eyni zamanda təzminat məsələsinin də meydana çıxması idi. Bundan sonrası artıq hüquq mühafizə orqanlarının işidir. Prokurorluq prezidentin çıxışından yararlana bilər. Ermənistana açılan təzminat davasına bunu da əlavə etmək lazımdır.
Cənab prezident bildirdi ki, biz həmin torpaqlara qayıdacağıq. İşğaldan azad edilən ərazilərdə məskunlaşmaq çox mühüm bir məsələdir. Burda ermənilərin törətdiyi vəhşilikləri toplantı iştirakçılarının diqqətinə çatdırdı. Maraqlısı da budur ki, Ermənistan rəhbərliyi də həmin tədbirə dəvət olunub, Paşinyan da orda iştirak edir.
Prezident daha üç məsələyə toxunub. Onlardan biri Zəngəzur dəhlizi ilə bağlı idi. Bəyan etdi ki, Azərbaycan tərəfi dəhlizin açılmasını bəyənir. Bu yol böyük ipək yolu layihəsinin davamıdır. Həmin layihəni gündəmə gətirən,beynəlxalq səviyyəyə qaldıran Heydər Əliyev idi.
Digər məsələ itkin düşənlərlə bağlı idi. Azərbaycan dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, bu günə qədər 4000-ə yaxın itkin düşən vətəndaşımızla bağlı məlumat verilməyib. Artıq 3 kütləvi məzarlıq aşkar edilib. Bundan sonra da olacağı istisna olunmur.
Digər bir məsələ də güya ötən ayın 12-13-də Azərbaycanın Ermənistana hücum etməsi idi. Həmin məsələyə görə bir çox ölkə hay-küy salmışdı. Hətta bəzi üzdəniraq vətən şüvənlər Azərbaycanı təcavüzkar adlandırdı. Ancaq, prezident bildirdi ki, Azərbaycan ordusu erməni təxribatının qarşısını almaq niyyətində idi. Diplomatik dillər Azərbaycan ordusunun istənilən təxribatın qarşısını alacağını bildirdi."