Azərbaycan Qoşulmama Hərəkatının siyasi çəkisini artırmaq üçün böyük səylər göstərir

Azərbaycanın günü-gündən artan gücü onun dünya ölkələri sırasında nüfuzunun daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Artıq ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi uğurların siyahısı genişlənməkdə davam edir. Məhz ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun nəticəsidir ki, artıq Azərbaycan bir sıra  beynəlxalq və regional təşkilatlara sədrlik edir. Belə təşkilatlardan biri də Qoşulmama Hərəkatıdır ki, Azərbaycan 2011-ci ildən sözügedən təşkilatda təmsil olunur. Etiraf edilməlidir ki, Azərbaycanın sədrliyi dövründə irəli sürdüyü ideya və təşəbbüslər təşkilat tərəfindən müsbət qarşılanıb və üzv dövlətlərdə icrası tövsiyyə edilib. Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatı (QH) hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində iştirak edən mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Təşkilatın məqsədi beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etmək olan QH-nin yaradılmasının və fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamaqdır. Qoşulmama Hərəkatının hazırda 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var. Öz xarici siyasətində heç bir hərbi alyansa qoşulmamaq istiqamətini seçmiş Azərbaycan Respublikası 26 may 2011-ci il tarixində İndoneziyanın Bali adasında Hərəkata üzv olan dövlətlərin yekdil dəstəyini əldə edərək, QH-yə tam hüquqlu üzv qəbul olunub. 2019-cu ildən isə Qoşulmama Hərəkatına sədrlik edir.

Prezident İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısının plenar iclasında qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddəti daha bir il uzadılıb: "2019-cu ildən bəri Azərbaycan üzv ölkələrin yekdil qərarı əsasında dünyada BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik edir. Sədrliyimiz yenə də yekdil qərar əsasında daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb. Biz Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstəririk. Azərbaycan Hərəkatın bu məqsədlə təsisatlanması ideyasını fəal şəkildə təşviq edir. Bu baxımdan, Qoşulmama Hərəkatının Azərbaycanın təşəbbüsü ilə yaradılan Parlament Şəbəkəsi və Gənclər Təşkilatı qeyd edilməlidir. Biz COVID-19-dan sonrakı dünya ilə bağlı fikir mübadiləsi aparmaq və Hərəkatın mövqeyini formalaşdırmaq məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin növbəti il üçün yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik".

Etiraf edilməlidir ki, Azərbaycan QH-yə qoşulmaqla öz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində daha bir uğura imza atıb. Belə ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının "İnkişaf naminə sülh, suverenlik və həmrəylik" devizi altında 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub. Yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar bəndlər daxil edilib. Məlumat üçün qeyd edək ki, Qoşulmama Hərəkatının Marqarita Yekun Sənədinin layihəsində Azərbaycanın maraqlarını təmin  edəcək bir sıra məqamlar əksini tapıb. Belə ki, sənəddə göstərilir ki, "Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar". Bu isə o deməkdir ki, Qoşulmama Hərəkatına daxil olan 120 dövlət birmənalı şəkildə təsdiq edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü və BMT TŞ-nın qətnamələri əsasında həll edilməlidir. Yəni, həmin dövlətlər Azərbaycanın ərazi bütövlüyünü, eləcə də beynəlxalq səviyyədə təsdiq olunmuş sərhədlərini tanıyır. Bu baxımdan  Qoşulmama Hərəkatına üzv dövlətlər tərəfindən Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı ilə bağlı Yekun Sənədi xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikası 25-26 oktyabr 2019-cu il tarixində Bakı şəhərində Hərəkatın 18-ci dövlət və hökumət başçılarının Zirvə Görüşünə ev sahibliyi edib. Tədbirdə 120 BMT üzv dövlətinin yüksək səviyyəli nümayəndələri və 42 beynəlxalq təşkilat nümayəndələri iştirak edib. Bakı Sammiti zamanı dövlət və hökumət başçıları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq Ermənistan və Azərbaycan arasında münaqişənin həll edilməmiş qalması və beynəlxalq və regional sülh və təhlükəsizliyə hədə kimi qalmasından təəssüflərini ifadə edib və tərəflərə münaqişənin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq sərhədlərinin toxunulmazlığı əsasında həll etmək üçün danışıqları davam etdirməyə çağırış edib.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və QH-nin hazırkı sədri İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə Görüşü formatında video-konfransı təşkil olunub. Görüşün yekunu olaraq QH üzv dövlətləri tərəfindən Bəyannamə qəbul edilib və QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə İşçi Qrupu təsis edilib. Qrupa QH üzv dövlətlərinin pandemiyaya qarşı mübarizədə əsas tibbi, sosial və humanitar ehtiyaclarının əks olunacağı vahid məlumat bazasının hazırlanması tapşırılıb. QH Təmas Qrupunun Zirvə Görüşünün davamı olaraq, Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının çağırılması təşəbbüsünü irəli sürüb və BMT üzv dövlətlərinin əksəriyyətinin dəstəyi ilə BMT Baş Katibi 10 iyul 2020-ci il tarixindən sözügedən sessiyanın çağırıldığını elan edib. Nəticədə, 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə mövzusunda xüsusi sessiyasının yüksək səviyyəli seqmenti təşkil olunub və həmin tədbirin açılış hissəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Qoşulmama Hərəkatının sədri və bu xüsusi sessiyanın təşəbbüskarı qismində çıxış edib. Xüsusi sessiyanın ümumi müzakirələrində 37 dövlət və 40 hökumət başçısı, 67 nazir çıxış edərək sessiyanın təşəbbüskarı olduğuna görə Azərbaycana və ölkə rəhbərliyinə təşəkkür ifadə ediblər.

9 oktyabr 2020-ci il tarixində BMT Baş Assambleyasının növbəti sessiyası çərçivəsində keçirilmiş QH üzv dövlətlərinin xarici işlər nazirlərinin video-konfrans formatında iclası Ermənistanın ölkəmizə qarşı növbəti təcavüzü, yəni 44 günlük Vətən müharibəsi dövrünə təsadüf etdiyi üçün tədbirin gündəliyinə ayrıca "Bütün cəbhə boyu Azərbaycan Respublikasının silahlı qüvvələrinin mövqeləri və mülki yaşayış məntəqələrinə qarşı Ermənistan Respublikası tərəfindən silahlı hücum" başlıqlı bənd daxil edilib və həmin bənd altında Xüsusi Bəyannamə qəbul edilib. Xüsusi Bəyannamədə QH-yə üzv dövlətlər Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəklərini vurğulayıblar. Azərbaycan bununla beynəlxalq ictimaiyyətə bir daha sübut edir ki, istər Qoşulmama Hərəkatı çərçivəsində, istərsə də ondan kənarda mədəniyyətlər və dinlər arasında qarşılıqlı harmoniyanın təşviqinə davamlı xidməti dövlət siyasəti kimi müəyyən edib.

Alim    

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31