Türkiyənin düşmənləri çoxdur və son zamanlar daha da çoxalmağa başlayıb

Yücel Karauz: "Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, Türkiyə ilə münasibətləri normallaşdırmadan dövlət olaraq varlığını davam etdirə bilməz"

Bir neçə gün əvvəl Praqada keçirilən Avropa Siyasi Liderlər Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyanın da bir araya gəlməsi tezliklə Türkiyə-Ermənistan münasibətlərinin normallaşacağı, iki ölkə arasında sərhədlərin açılacağı, iqtisadi əlaqələrin bərpa olunacağına olan ümidləri artırıb. Ancaq burada müşahidə edilən digər bir mənfi tendensiya ondan ibarətdir ki, bəzi Avropa ölkələri Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına o qədər də isti baxmırlar. Çünki İrəvanın Ankara ilə yaxınlaşması Ermənistanın tədricən Qərbdən uzaqlaşması və bu ölkədə Türkiyənin təsir gücünün artması ilə nəticələnər ki, bu da Qərbə, Birləşmiş Ştatlara maraqlı deyil. Bəs görəsən Türkiyə-Ermənistan əlaqələrinin bərpası İrəvan və ya Ankaraya nə vəd edir və iki ölkənin burada qazancı nə ola bilər? Bu və ya digər suallarla Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauzla söhbətləşdik.

-Yücel bəy, Azərbaycanla Ermənistan arasinda sülh müqaviləsinin bağlanması  öz növbəsində Türkiyə-Ermənistan əlaqələrinin normallaşmasına da yol açacaq. Bu əlaqələrdən Ermənistan nə qazana biləcək?

-Bu suala cavab vermək üçün əvvəlcə Ermənistanın qonşularına diqqət edək. Ermənistanın bir qonşusu İrandır. İndiki mərhələdə Ermənistanla İran bir-birini nə qədər dəstəkləsə, eyni sırada yer alsa da, ancaq bu iki ölkə arasında dostluq münasibətləri uzun müddətli ola bilməz. Ermənistanın digər qonşuları Gürcüstan və iki türk dövləti, Türkiyə ilə Azərbaycandır. Azərbaycan və Türkiyə bir ürək, nəfəs borusu kimi, daima bir-birinə bağlı ölkələrdir. Bu gün iflasa uğrayan iqtisadiyyatlarının dirçəldilməsi, sərhədlərin açılması, Türkiyə ilə münasibətlərin normallaşması, qarşılıqlı səfərlər Ermənistan üçün həyat mənbəyidir. Ancaq bunun üçün də gərək Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanmasına maraqlı ola, bu istiqamətdə səy göstərə. Ermənistan Azərbaycanla sülh müqaviləsi bağlamadan, Türkiyə ilə münasibətləri normallaşdırmadan dövlət olaraq varlığını davam etdirə bilməz.

-Bəs, Türkiyənin Ermənistanla əlaqələri normallaşdırmasının Türkiyə üçün xeyiri olucaqmı və bu xeyir nədən ibarət ola bilər?

-Türkiyənin çevrəsində 13 ölkə var və onların böyük bir qismi ilə Türkiyədən qaynaqlanmayan problemlər mövcuddur. Məsələn, Suriya, İraqda baş verənlər, Yunanıstanın son hərəkətləri və s. İranla ciddi bir problemimiz olmasa da, lakin bu ölkə də yüz illərdir ki, Türkiyə ilə rəqabət halındadır. Tək problemimiz olmayan ölkə Bolqarıstan və Gürcüstandır. O ki qaldı münasibətlərin normallaşmasında Türkiyənin qazancına, təbii ki, tranzit daşımaları, loqistika, regionla əhəmiyyətli dəhlizlərin işə düşməsi Türkiyə üçün də sərfəlidir. Ancaq bütün halda münasibətlərin normallaşmasının Türkiyəyə bir faydası varsa, bunun Ermınistana olan faydası isə dəfələrlə çox olacaq. Türkiyənin illərdir ki, Ermənistanla sərhədləri bağlamasının bizə elə bir iqtisadi zərəri, problemi yoxdur. Ancaq təbii ki, münasibətlərin normallaşması, sərhədlərin açılması türk dünyası ilə əlaqələrin daha da inkişaf etdirilməsi, tranzit daşımaları, loqistika baxımından faydalı olacaq. Ermənistanla münasibətlər normallaşarsa, oradan ucuz işçi qüvvəsi gəlib Türkiyədə çalışa bilər. Bütün halda indiyə qədər Ermənistanla sərhədlərin bağlı qalması, iki ölkə arasında münasibətlərin normallaşmamasının Türkiyəyə elə bir zərəri olmayıb.

-Türkiyənin yalniz regional deyil, qlobal bir gücə çevrilməsi, Azərbaycan-Ermənistan, Rusiya-Ukrayna kimi müharibədə barışdırıcı rol alması, Türkiyə ilə tərəflərin anlaşa bilməsi böyük gücləri necə narahat edir və Türkiyədə sabitliyi pozmaq, daxildə problemlər  yaratmaq ücün qlobal güclər hərəkətə keçı bilərmi?

-Təbii ki, Türkiyənin düşməınləri çoxdur və son zamanlar daha da çoxalmağa başlayıb. Türkiyənin son illərdə güclənməsi, qlobal güclərə boyun əyməməsi, onların sözünə əməl etməməsi, güc mərkəzinə çevrilməsi, həm İslam, həm də türk coğrafiyası ilə əlaqələri genişləndirməsi, bu iki coğrafiyadakı siyasi liderliyi,  dünya iqtisadiyyatına yer alması, G-20-də təmsilçiliyi, güclü ordu və dövlətə sahib olması imperialist qüvvələri, ayrı-ayrı regionları idarə etmək istəyində olan super gücləri narahat edir. Eyni zamanda Türkiyənin Rusiya-Ukrayna müharibəsindəki barışdırıcı missiya rolunu oynamasını Qərb, Birləşmiş Ştatlar qətiyyən istəmir. Ancaq nəzərə almaq lazımdır ki, bu gün Rəcəb Tayyib Ərdoğan dünya miqyasında həm Rusiya, həm də Ukrayna rəhbərliyi ilə görüşüb müharibənin sona çatması istiqamətində müzakirə apara bilən tək liderdir. Taxıl dəhlizinin yaradılması istiqamətində Türkiyənin oynadığı rol, Qarabağ məsələsində, İkinci Qarabağ savaşında Azərbaycana vermiş olduğu mənəvi dəstək, Azərbaycanla müdafiə sahəsində əməkdaşlıq, Suriya və İraqda bölücülüyə, maşa dövlətinin yaradılmasına qarşı olan dirənişi Türkiyəyə qarşı düşmənlərin sayını artırır. Ancaq onu da nəzərə aımaq lazımdır ki, Türkiyə keçmişdəki Türkiyə deyil. Xatırlayırsınızsa, Co Bayden Birləşmiş Ştatlara prezidenti seçilmədən əvvəl demişdi ki, biz Türkiyədəki siyasi idarəçiliyi ortaqlarımızla bərabər dəyişdirəcəyik. Bu xain planlara hesablanmış iqtisadi və siyasi təzyiqlər baş vermiş, 2016-cı ildə dövlət çevrilişinə cəhd edilmişdi. Bütün bunlara rəğmən Türkiyə güclü dövlət, güclü orduya sahib bir ölkə kimi ayaqda qalmağı bacardı və bundan sonra da ayaqda durmağı bacaracaq. Ancaq dediyim kimi Türkiyənin qarşısına problemlər çıxartmaq, ölkədə sabitsizlik yaratmaq üçün, ayrı-ayrı regionlarda baş verən proseslərdə Türkiyənin iştirakını əngəlləmək üçün ona qarşı müəyyən fəaliyyətlər ortaya qoya bilirlər. Məsələn, Yunanıstanla Türkiyə arasında kriz yaratmağa hesablanmış fəaliyyətləri buna örnək göstərmək olar. Necə ki, bir neçə il əvvəl məlum təyyarə olayı ilə Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymağa çalışdılar.

-Bu baxımdan 2023cü ilin prezident seçkiləri Türkiyə üçün bir olum-dirim seçimi ola bilərmi?

-Yuxarıda da qeyd etdiyim kimi Birləşmiş Ştatlar prezidenti Co Bayden müxalifətlə çalışacağını, ortaqları ilə bərabər iqtidarı dəyişdirəcəyini bildirir. Bu baxımdan 2023-cü il seçkiləri pandemiya, enerji böhranı, dünyanın önümüzdəki 10 ildə girmiş olduğu müharibə, qarşıdurmalar ortamında çox gərgin bir seçki olacaq. Ona görə də hər kəs, imperial qüvvələr bu ərəfədə Türkiyənin daxili siyasətinə müdaxilə etməyə çalışırlar. İqtisadi təsir vasitələri ilə seçkilərə təsir göstərmək və istədiklərinə nail olmaq istəyirlər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31