Fransanın Brüssel formatına müdaxilə cəhdi
14 Oktyabr 2022 10:48 SiyasətParis yenə Ermənistanın himayəçisi qismində
Görünən odur ki, Cənubi Qafqazda sülhün bərqərar olması, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması bir sıra beynəlxalq güclərin maraqlarına uyğun deyil. Bura həm regionda marağı olan qüvvələr, həm də Ermənistana hər addımda havadarlıq edib onun himayəsində dayanan ölkələr daxildir. Son vaxtlar Fransanın timsalında bunu daha çox müşahidə edirik. Əslində rəsmi Parisin erməni maraqlarına xidmət edən davranışları bizim üçün bir yenilik deyil, hər zaman Fransanın açıq şəkildə Ermənistanı müdafiə etdiyini, Azərbaycan ərazilərinin işğal edilməsinə haqq qazandırdığının şahidi olmuşuq. Eləcə də 44 günlük Vətən müharibəsində Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə qarşı ciddi təpki göstərən ölkə məhz Fransa idi.
Fransa hazırda da Ermənistana dəstək siyasətini davam etdirir. Bu günlərdə Praqada keçirilən üçtərəfli, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Avropa İttifaqı Şurasının prezidentinin görüşünə özünü pərçim edən Fransanın niyyəti də ondan ibarət idi ki, üçtərəfli formatda bundan sonra baş tutacaq bütün danışıqlarda iştirak edərək Ermənistanın əsas dəstəkçisi olsun, görüşlərdə qəbul edilən qərarlara təsir edərək onu İrəvanın xeyrinə dəyişsin. Bu günlərdə Fransa prezidenti Emmanuel Makronun mətbuata verdiyi müsahibədə Praqa görüşünə toxunaraq məkirli niyyətini açıqlaması da məhz bu məqsədlərə xidmət edir. Rəsmi Parisin, xüsusilə də Fransa prezidenti Makronun məlum açıqlaması Azərbaycan cəmiyyətində haqlı narazılığa səbəb olub.
Politoloq Ramin Əhmədov deyib ki, Avropa İttifaqının Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması məqsədilə Brüssel formatı çərçivəsində həyata keçirdiyi vasitəçilik missiyasının hazırkı reallıqlar və şərtlər daxilində alternativi görünmür: "Etiraf etmək lazımdır ki, Avropa İttifaqının prezidenti Şarl Mişelin şəxsi təşəbbüskarlığı və ciddi səyləri nəticəsində tərəflər arasında münasibətlərin sülh fazasına keçidi istiqamətində önəmli irəliləyişlər əldə edilir. Hazırkı gedişat və xüsusən də oktyabrın 6-da Praqada keçirilmiş dördtərəfli görüşdən sonra verilən bəyanatlar ümid etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması heç də uzaq gələcəyin məsələsi deyil". Ramin Əhmədov bildirib ki, hər dəfə Brüssel görüşündən sonra prosesin irılilədiyini müşahidə edirik: "Bütün bunlar isə onu deməyə əsas verir ki, Brüssel formatı Azərbaycanla Ermənistan arasında sülh sazişinin yaxın dövrlərdə imzalanmasını təmin edəcək. Lakin onu da qeyd etməliyik ki, müşahidələrimiz prosesə süni müdaxilələrə cəhd olunduğunu da göstərir. Bu, konkret olaraq Fransanın timsalında daha qabarıq şəkildədir. Rəsmi Paris çalışır ki, danışıqlar prosesinə qoşulub vasitəçəlik missiyasını öz üzərinə götürsün. Əlbəttə ki, Fransanın bu istəyini Azərbaycan qəbul edə bilməz. Çünki Fransa birmənalı şəkildə Ermənistanın maraqlarını müdafiə edir və bunu xüsusən ATƏT-in Minsk Qrupunun var olduğu ötən dövrlərdə həmsədr kimi kifayət qədər açıq formada nümayiş etdirib. Hamımız bilirik ki, Fransa erməni lobbisinin təsiri altındadır və rəsmi Paris 44 günlük II Qarabağ müharibəsi dövründə də bu təsirlər altında Azərbaycana qarşı qərəzli və bəzi hallarda açıq düşmənçilik ruhunda olan mövqe nümayiş etdirdi. Əminliklə deyə bilərik ki, Azərbaycan xalqı Fransaya inanmır və bu da əlbəttə ki, rəsmi Parisin birmənalı olaraq ermənilərin marağına xidmət etməsi faktından irəli gəlir. Bu baxımdan, Fransanın danışıqlar prosesinə qoşulmasına heç bir halda imkan verilməməlidir. Bu ölkənin yenidən vasitəçi kimi meydana çıxması sülh prosesinə ciddi təhdid yaradacaq. Rəsmi Bakı bütün səylərini səfərbər edib Fransanın prosesdən uzaqda saxlanılmasına çalışmalıdır. Təkcə Azərbaycana qarşı deyil, həm də Türkiyə və türk dünyasına qarşı ədalətsiz və qərəzli mövqe nümayiş etdirən Fransa, Azərbaycanla Ermənistan arasında münasibətləri obyektivlik və ədalət prinsipləri ilə tənzimlənməsində vasitəçi ola bilməz. Bu gün Fransa olmadan danışıqlar prosesi uğula aparılır. Deməli, hər hansı əlavə vasitəçiyə də ehtiyac yoxdur".
S.İsmayılbəyli