Praqa görüşü Azərbaycan diplomatiyasının 10 noyabr bəyanatından sonra ən böyük qələbəsi kimi qiymətləndirilməlidir ÖZƏL

"Hesab edirəm ki, Praqa görüşü əslində Qərb və Amerika başda olmaqla böyük güclərin Cənubi Qafqazdakı proseslərə müdaxilə imkanlarının artırılması istiqamətində yeni cəhdidir. Əslində Praqa çərçivəsində Ermənistan və Azərbaycan liderlərinin bir neçə görüşlərinin təşkil edilməsi, bu prosesə mümkün qədər fərqli istiqamətlərdən daxil olma istəkləri, cəhdləridir".
Bu sözləri Olaylar.az-a açıqlamasında politoloq Anar Əliyev bildirib.
"Azərbaycan bu günə qədər heç bir formatdan Cənubi Qafqazdakı proseslərin tənzimlənməsi ilə bağlı imtina etmədiyi kimi Praqa görüşünü də bir fürsət kimi qiymətləndirib, bu görüşə məhz Ermənistan ilə Azərbaycan arasında davamlı sülhün əldə olunması ilə bağlı sülh razılaşmasının müzakirəsi perspektivi, şansı kimi baxırdı. Məhz biz Azərbaycan olaraq bu görüşə belə ümidlərlə getmişdik.
Hesab edirəm ki, Fransa və Avropa İttifaqı Şurası prezidentlərinin iştirakı ilə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşdən sonra səsləndirilən bəyanat onu göstərir ki, Azərbaycan görüş zamanı qarşıya qoyduğu hədəflərə böyük mənada nail ola bildi. Xüsusilə də, 1991-ci il  21 dekabr tarixli "Almatı" bəyannaməsinin prinsiplərini, dövlətlərin qarşılıqlı şəkildə ərazi bütövlüyü və dövlət suverenliyini tanıması ilə bağlı cəhdlərini əsas götürərək hazırlanan bu bəyanat Azərbaycanın bu günə qədər Ermənistanın tələb etdiyi və beynəlxalq hüququn prinsiplərinə uyğun irəli sürdüyü şərtlərin böyük həcmdə qəbulu kimi başa düşülməli, təhlil edilməlidir. Çünki bu bəyanatla Ermənistan birmənalı şəkildə Azərbaycanın sərhədləri daxilində bütün əraziləri üzərində dövlət suverenliyini qəbul etdiyini bəyan etmiş oldu. Amma eyni zamanda, "Almatı" bəyannaməsinə istinad etməklə hazırkı hakimiyyət məsuliyyəti mümkün qədər öz üzərindən, öz komandasının üzərindən atmağa çalışaraq bu addımın əslində hələ 1991-ci ildə atıldığını və Azərbaycanın ərazi bütövlüyünün tanındığını söyləmə manevri qazanmış oldu. Amma eyni zamanda, mən hesab edirəm ki, Azərbaycan yeni bir format çərçivəsində müzakirə aparmaqla Cənubi Qafqazdakı proseslərin tənzimləyicisi və bu prosesləri irəliyə apara biləcək əsas qüvvə rolunda məhz Azərbaycanın liderinin cənab İlham Əliyevin çıxış etdiyini bir daha sübut etmiş oldu.
Azərbaycan Prezidenti Praqa görüşündən sonra müxtəlif səviyyələrdə keçirdiyi görüşlərdə, telefon danışıqlarında, müsahibələrində təhlil etdiyi kimi bu görüş Azərbaycan diplomatiyasının 10 noyabr 2020-ci il bəyanatından sonra ən böyük qələbəsi kimi qiymətləndirilməlidir. Burda vacib məqam Ermənistan ilə Azərbaycan arasında münasibətlərin tənzimlənməsində Qərbin də mövqeyinin nəhayət ki, yalnız Ermənistan maraqları prizmasından deyil, mövcud reallıqların irəli sürdüyü şərtlər çərçivəsində həyata keçirilməsi ilə bağlıdır. Çünki Azərbaycan Ermənistanı uzun müddətdir sülh danışıqlarına cəlb etməklə mövcud reallıqların şərtlərinin qəbul edilməsini tələb edirdi. Ermənistan isə mümkün qədər prosesləri uzatmaqla yeni şəraitin formalaşacağı və bu şəraitin Azərbaycan ilə danışıqlarda Ermənistana daha əlavə üstünlüklər qazandıra biləcəyini ümid edirdi. Amma Praqa görüşü zamanı həm Azərbaycan və Ermənistan liderlərinin Türkiyə prezidenti ilə birgə keçirdiyi görüşlərdə, həm də Makron və Şarl Mişel ilə birgə keçirilən görüşlərdə müzakirə istiqaməti və müzakirə mövzuları onu deməyə imkan verir ki, artıq bütün dairələr, bütün qüvvələr Ermənistanın konkret zaman çərçivəsində üzərinə götürdüyü öhdəliklər və Azərbaycan ilə sülh razılaşmalarına gedilməsinin zəruriliyini qəbul ediblər.
Eyni zamanda, bu görüş zamanı əsas vacib məqamlardan biri qısa müddət ərzində xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsi və noyabr ayında liderlərin növbəti görüşünün keçirilməsi, bu görüş zamanı predmetli müzakirələrin aparılması və real nəticələrin əldə olunması perspektivinin yaranmasıdır. Azərbaycan prezidenti də bunu açıq şəkildə bəyan etdi.
Müzakirələr zaman Qarabağ termininin separatçılara hər hansı bir statusun verilməsi ilə bağlı məsələlərin müzakirə olunmaması da onu göstərir ki, artıq beynəlxalq güclər də Azərbaycanın daxili işləri kimi qiymətləndirdiyi Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı məsələlərin çoxtərəfli müzakirələrin predmeti olmadığını qəbul edir. Bu Ermənistan və Azərbaycan arasında münasibətlərdən kənar Azərbaycan daxili məsələlərin bir daha beynəlxalq müstəvidə müzakirə mövzusu olmayacağını deməyə imkan verir. Bu əslində bundan sonra yalnız bizim Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demartasiyası, nəqliyyat iqtisadi kommunikasiya əlaqələrinin açılması və böyük sülh prosesini təmin edəcək müqavilənin imzalanmasından kənar hər hansı bir məsələnin, xüsusilə də Azərbaycanın daxili işləri kimi qiymətləndirilən mövzuların müzakirə predmeti olmayacağını deməyə imkan verir".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31