Azərbaycan Şərq ölkəsi olsa da...- ÖZƏL

"Azərbaycan multikultural ənənələrə malik, tolerant, özündə həm Qərb, həm Şərq dəyərlərinə aid məqamları birləşdirən bir məkan kimi tanınır".
Bu sözləri Olaylar.az-a açıqlamasında Müasir İnkişaf Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü bildirib.
"Düzdür, biz Şərq ölkəsiyik. Türk, müsəlman olaraq digər millətlərlə birlikdə Azərbaycan xalqını təşkil edirik. Amma eyni zamanda, öz demokratik ənənələri ilə qadın azadlığı məsələsi, insan hüquqlarına yanaşma, tarixdən gələn məsələlərdən irəli gələn prosesləri də nəzərə  alsaq, Azərbaycan həm də Qərb dəyərlərini mənimsəyən, ona önəm verən bir ölkə kimi tanınır. Eyni zamanda, Azərbaycan Avropa Şurasının üzvüdür və fəal şəkildə Avropa ailəsinin üzvü olmaq üçün də çalışmalar aparır, Şərq tərəfdaşlığı proqramında iştirak edir, NATO-nun müxtəlif proqramlarında yer alır və ölkəmiz Atlantik məkana inteqrasiya məsələsini də özünün əsas prinsiplərindən biri kimi qoyub.
Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının da fəal üzvlərindən biridir, aktiv şəkildə çıxış edir və bu da Şərq ölkəsi olaraq onun fəaliyyətlərini göstərir.
Hər iki tərəf üçün Azərbaycan əhəmiyyətli bir ölkədir. Burada Şərqin də, Qərbin də maraqları təmin olunur və hər ikisinin bir araya gəlməsi, anlaşması üçün Azərbaycan çox uğurlu bir siyasət yürüdür. Azərbaycanın balanslı siyasəti istər beynəlxalq təşkilatlarda, istər Qərbi, istər Şərqi təmsil edən ölkələrlə normal, sivil münasibətləri onun hər iki tərəf üçün bir körpü rolunu oynaya biləcəyinin göstəricisidir.
Ölkəmizdə müxtəlif beynəlxalq tədbirlər, istər Avropa, istər İslam idman oyunları, beynəlxalq humanitar forumları keçirilir ki, orda dünyanın müxtəlif ölkələrinin nümayəndələri bir araya gəlirlər və dünyanın qlobal problemlərini orda müzakirə edirlər.
Ölkəmiz Qoşulmama Hərəkatının sədridir, rəhbərlik edir və uğurla bu prosesi aparır. Azərbaycan Qoşulmama Hərəkatında həm Qərbi, həm Şərqi, həm Afrikanı, Asiyanı və s. təmsil edən ölkələrin fəaliyyətinin koordinasiyasında, həyata keçirilməsində aktiv təşəbbüslərlə çıxış edir. Bu ölkəmizin hər iki tərəf və dünya üçün də əhəmiyyətini göstərir.
Azərbaycan pandemiya dövründə fərq qoymadan ölkələrə yardımlar edirdi. Humanitar fəlakət olarkən öz yardım əlini və dəstəyini göstərir. Enerji daşıyıcıları ilə bağlı böhran olanda Azərbaycan yenə də aktiv şəkildə çıxışlar edir, öz köməyini təklif edir.
Bütün bunlar deməyə əsas verir ki, Azərbaycan ərazicə və əhalicə kiçik olmasına baxmayaraq, Cənubi Qafqazın ən aparıcı dövləti olaraq istər bölgədə, istər dünyada aktiv şəkildə sülhün, sabitliyin inkişafına töhfə verir. Özü də terrorizm, erməni separatizmi ilə əziyyət çəkən bir ölkə kimi Azərbaycan daim sülhün, sabitliyin olmasına dəstək verir, bu istiqamətdə açıq şəkildə fəaliyyət göstərir və qərbdən, şərqdən gələn bütün müsbət təşəbbüslərin, tendensiyaların həyata keçməsi üçün aktiv şəkildə rol alır. Bu əsas verir ki, ölkəmiz hər iki tərəf üçün çox böyük əhəmiyyət daşıyır və bu siyasət bundan sonra da davam edəcək, ölkəmizin əhəmiyyətini daha da artıracaq".

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31