Makron Brüssel formatını ələ keçirməyə çalışır
14 Oktyabr 2022 10:30 SiyasətFransa müxtəlif yollarla Azərbaycana qarşı qara planlarını davam etdirir
Fransa senatı noyabrın 15-də Azərbaycana qarşı sanksiyaların tətbiqi məsələsini müzakirəyə çıxarmağı planlaşdırır. Lakin, reallıq ondan ibarətdir ki, sanksiya qərarı olarsa belə, bunun praktiki tətbiqinin reallaşması ehtimalı azdır, xüsusilə Bakının Avropanın enerji təminatında rolunun heç olmadığı qədər artması fonunda. Bu arada Fransa prezidenti Makronun "France 2" telekanlına müsahibəsində Ermənistanı sona qədər tək qoymayacaqlarını bəyan etməsi göstərir ki, bu ölkənin Bakı-İrəvan münasibətlərinin normallaşmasında vasitəçilik etməsi qəbul edilə bilməz, çünki Fransa tərəf olduğunu ən yüksək səviyyədə bəyan edir. Müsahibədə əsas diqqətçəkən məqamlardan biri isə Azərbaycanın Avropaya qaz satmasının heç bir "güzəştə" əsas vermədiyi haqda dedikləridir. "Fransa Azərbaycandan qaz almır, bir neçə Avropa ölkəsi ilə qaz razılaşmaları var. Mən Fransa və Avropanın mövqeyi haqda deyə bilərəm ki, "bizim dəyərlərimiz və prinsiplərimiz" nə qazla, nə neftlə satın alınmır"- Makron deyib. Siyasi şərhçi Asif Nərimanlı bildirib ki, bununla "Azərbaycana qarşı sanksiyaları nəzərdən keçirmədiklərini" deyən Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali komissarı Josep Borelə cavab verir və Bakıya qarşı cəbhəni gücləndirəcəklərini elan edir. Gələn ay Fransa senatı Azərbaycana qarşı sanksiyaların tətbiqini müzakirə edəcəklər. İstisna deyil ki, Fransa hökuməti təzyiq xarakterli qərarların qəbuluna çalışacaq: "Bu məsələ Fransanın Azərbaycana qarşı münasibətini yenidən gündəmə gətirir və bu ölkənin ümumiyyətlə Bakı-İrəvan münasibətlərinin normallaşmasında, sülh müqaviləsinin imzalanması prosesində iştirakını sual altına salır. Makronun son dövrlər Mişelin formalaşdırdığı Brüssel formatını ələ keçirməyə çalışması da bu kontekstdə diqqətçəkən məqamdır. Müharibədən sonra Bakı-İrəvan münasibətlərinin tənzimlənməsində Qərb cəbhəsinin aktivliyi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin timsalında ön plana çıxdı. Brüssel formatında 4 görüş keçirilib və müəyyən razılaşmalar əldə olunub. Belə ki, sərhədin delimitasiyası üzrə işçi qrupunun formalaşdırılması; Bakı-İrəvan xəttində XİN rəhbərləri səviyyəsində birbaşa təmasın qurulması; Sülh sazişi mətninin hazırlanması ilə bağlı razılaşma əldə edilib. Brüssel formatının ön plana çıxdığı vaxt Makron masada peyda oldu və aydın görünür ki, təşəbbüsü mənimsəməyə çalışır".
Onun sözlrinə görə, bu məsələdə Yelisey sarayının həm geosiyasi, həm regional maraqları var: "Birincisi, Aİ-yə hazırda rəhbərlik edən ölkə kimi ön plana çıxmaq; İkincisi, rəsmi Brüsselin hazırladığı formatı ələ keçirməklə Cənubi Qafqazda bu yolla təsir gücünü artırmaq; Üçüncüsü, geosiyasi proseslərdə aparıcı oyunçu olduğunu sərgiləmək və Cənubi Qafqaz üzərindən Rusiya ilə "bazarlıq" imkanı qazanmaq; Dördüncüsü, təbii olaraq, Ermənistanın maraqlarını müdafiə etmək. Paşinyanın əsas ümidi də Makrondur və Praqa görüşündə Fransanın təsiri ilə "çox şeyə nail" olacağını hesablayırdı. Sərhədə gələcək mülki missiyanın Azərbaycan ərazisində də yerləşməsi; Kommunikasiyanın açılması məsələsinin Ermənistanın maraqları kontekstində bəyanatda əksini tapması; Qarabağdakı ermənilərin "statusu"na zəmin yaradacaq məsələlərin müzakirəsi. Lakin prezident Əliyev bu oyunun qarşısını aldı, Praqa bəyanatının mətni də bunu təsdiqləyir. Sənəddə göstərilir ki, Mülki missiyanın Azərbaycan ərazisinə daxil olmasına imkan verilmədi; Kommunikasiyanın açılması məsələsi bəyanata daxil edilmədi və bununla Zəngəzur dəhlizi 10 noyabr razılaşmasına uyğun aktuallığını saxladı; Qarabağ məsələsi daxili işimiz olaraq ümumiyyətlə müzakirə edilmədi. Lakin bəllidir ki, Fransa müxtəlif yollarla Azərbaycana qarşı planlarını davam etdirir. Rəsmi Parisin niyyətinin nə olduğu da məlumdur. Bunlar sərhədin Ermənistanın maraqlarına uyğun müəyyən edilməsi; Kommunikasiyaların İrəvanın istədiyi formada açılması; Qarabağdakı ermənilərin "öz müqəddəratını təyin etmə" məsələsinin ön plana çıxmasından ibarətdir".
O zaman sual yaranır, Azərbaycan hakimiyyəti Fransanın iştirakı ilə keçirilən görüşlərdə niyə iştirak etməlidir? A. Nərimanlı qeyd edib ki, Fransa son 30 ildə Ermənistanın maraqlarını açıq şəkildə müdafiə edir, 44 günlük müharibədə Makron Paşinyan qədər işlədi, müharibədən sonra Azərbaycana qarşı bütün proseslərdə bu ölkə yer alır, qondarma "status" məsələsindən əl çəkmir. Və bu ölkənin indiyə qədər olduğu kimi, bundan sonra da Bakı-İrəvan münasibətlərində iştirakçı olması yalnız Ermənistan maraqlarının qorunmasına xidmət edəcək: "Bu baxımdan, rəsmi Bakı Fransanın "vasitəçiliyindən" də, Makronun iştirak etdiyi Azərbaycan-Ermənistan münasibətlərinə həsr olunmuş görüşlərdən də imtina etməlidir. Əliyev niyə iki Paşinyanla danışıq aparmalıdır ki?!"
Alim