İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək

Son illərdə türk dünyasının birlik və bərabərliyinin daha da möhkəmləndirilməsi, onun dünyada nüfuz sahibinə çevrilməsi istiqamətində önəmli addımlar atılır. Sevindirici hal ondan ibarətdir ki,  Türkiyə və Azərbaycanın başlamış olduğu bu siyasətə indi digər türk respublikaları da yaxından qoşulub və türk birliyi ideyası xəyaldan reallığa çevrilib. Türk respublikalarının bir araya gəldiyi Türk Dövlətləri Təşkilatının yaranması, onun bir qurum kimi dünya siyasətində önəmli  aktora çevrilməsi artıq açıq şəkildə müşahidə edilməkdədir. Onu da qeyd etmək lazımdır ki, türk respublikalarının liderlərinin qarşılıqlı səfərləri də öz növbəsində bu birliyi daha da möhkəmləndirir. Türkiyə respublikasının prezidentinin  ötən aylarda Azərbaycan daxil olmaqla Özbəkistan və Qazaxıstanda səfərdə olması, eləcə də Azərbaycan dövlət başçısı İlham Əliyevin Özbəkistan və Türkmənistana səfərləri adıçəkilən prosesin sürətlənməsinə təsir göstərən başlıca amillərdəndir. Bu günlərdə isə Azərbaycan Prezidenti Qırğızıstanda dövlət səfərində oldu. İstər səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, istər aparılan müzakirələr onu deməyə əsas verir ki, Azərbaycan dövlət başçısının Qırğızıstana səfəri təkcə Bakı ilə Bişkek arasında əlaqələrin inkişafına təkan verməyəcək, eyni zamanda bu səfər hər iki ölkənin Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığına da yeni rəng qatacaq, ona stimul verəcək. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da bu qənaətdədir. O bildirib ki, prezident İlham Əliyevin Qırğızıstana səfərini və iki qardaş ölkə arasında münasibətlərin ən yüksək mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsini bütövlükdə Türk dünyasının uğuru kimi qiymətləndirmək lazımdır. Partiya sədrinin sözlərinə görə, ümumiyyətlə, bu il Orta Asiyanın türk cümhuriyyətləri ilə həm Azərbaycanın, həm də Türkiyənin münasibətlərində müşahidə olunan fəallaşma təqdirəlayiq haldır: "Dövlət başçılarının qarşılıqlı səfərləri isə bu münasibətlərə müsbət dinamika gətirir. Azərbaycan Prezidentinin Özbəkistana, Türkmənistana və Qırğızıstana, Qırğızıstan və Qazaxıstanın dövlət başçılarının isə Azərbaycana səfərləri zamanı əldə edilmiş razılaşmalar TDT-nin (Türk Dövlətləri Təşkilatı) üzv dövlətləri arasında inteqrasiya prosesinin güclənməsinə xüsusi impuls verib. Bu inteqrasiyanın təməlində isə həm də Azərbaycanın Türkiyə ilə imzaladığı Şuşa Bəyannaməsi, Qırğızıstanla imzaladığı "Strateji Tərəfdaşlıq haqqında Bəyannamə", Özbəkistanla imzaladığı "Strateji tərəfdaşlığın dərinləşməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi barədə Bəyannamə", Qazaxıstanla imzalanan "Strateji münasibətlərin möhkəmlənməsi və müttəfiqlik qarşılıqlı əlaqələrinin dərinləşməsi haqqında Bəyannamə" və eləcə də Türkmənistan ilə ötən ilin yayında Xəzər dənizində "Dostluq" yatağı üzrə birgə fəaliyyət haqqında imzalan Anlaşma Memorandumu dayanır".

Əlisahib Hüseynov bildirib ki, bu bəyannamə və anlaşmalar türk cümhuriyyətləri arasında dostluq və qardaşlıq əlaqələrini hüquqi-siyasi müstəviyə daşıyan strateji sənədlər, hüquqi-siyasi baza rolunu oynayır: "Həmin sənədlər bizim bir araya gəlməyimiz və güclərimizi birləşdirməyimiz üçün etibarlı zəminə çevrilir. Bu mənada Azərbaycan Orta Asiya ölkələrinin hər biri ilə sıx münasibətlərə xüsusi önəm verir. Mən deyərdim ki, Azərbaycan Prezidenti türk dövlətlərinin bir araya gəlməsində hamıdan çox fəallıq göstərən lider kimi diqqəti cəlb edir. Bütün türk dövlətlərinin başçıları İlham Əliyevin inteqrasiya istiqamətində fəaliyyətlərini yüksək qiymətləndirir. Qırğızıstan Respublikası ilə münasibətlər də Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. İlham Əliyevin ötən gün Qırğızıstana baş tutan səfəri kifayət qədər məhsuldar səfər olmaqla bərabər, həm də hazırda davam edən Rusiya-Ukrayna müharibəsi fonunda meydana çıxan qlobal çağırışlar və yeni dünya düzəninin formalaşması baxımından olduqca strateji əhəmiyyətli səfərdir. Bu səfərlər onu göstərir ki, bəzi ölkələrin liderlərindən fərqli olaraq Türk dünyasının liderləri çaşqınlıq yaşamır, gözləmə mövqeyi tutmur və kim daha güclüdürsə onun qanadı altına sığınmaq mövqeyindən çıxış etmirlər. Türk dövlətlərinin liderləri başa düşürlər ki, hazırkı qlobal xaos və qeyri-müəyyənlik şəraitində Türk birliyini vahid güc halına gətirmək hava-su kimi vacibdir və bu ən optimal çıxış yoludur".

Əlisahib Hüseynov qeyd edib ki, İlham Əliyevin Qırğızıstan səfəri iki ölkə münasibətlərinin inkişaf etməsinə yeni təkan verəcək: "Təsadüfi deyil ki, Qırğızıstan Prezidenti Sadır Japarov da Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılış mərasimində etdiyi çıxışında münasibətlərimizin yeni mərhələyə qədəm qoyduğunu qeyd etdi. Qırğız lider həmçinin bu prosesdə Azərbaycan Prezidentinin rolunu xüsusi olaraq vurğuladı. O, bildirdi ki, "Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub". Prezident İlham Əliyev də öz növbəsində qeyd etdi ki, bizim qardaşlığımız sözdə deyil, əməldədir, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Qırğızıstana səfərinin ən yaddaqalan məqamlarından və nəticələrindən biri də bu oldu ki, iki ölkənin paytaxt şəhərləri - Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Paytaxttlarımızın rəsmi səviyyədə qardaşlaşması heç şübhəsiz ki, xalqlarımızın qardaşlığının davamıdır. Qarşıdakı illərdə Bakıda Qırğızıstan mədəniyyət günlərinin, Bişkekdə isə Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi dostluq və qardaşlıq münasibətlərimizi daha da dərinləşdirəcək".

Partiya sədri onu da diqqətə çatdırıb ki, İlham Əliyevin Qırğızıstana səfəri bitər-bitməz, onun Qazaxıstana yollanması türk dövlətlərinin bir-birinə yaxınlaşmasının tərkib hissəsidir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da hazırda Qazaxıstandadır. Göründüyü kimi Azərbaycan və Türkiyə Türk dünyasının lider dövlətləri kimi qardaş ölkələr arasında münasibətlərin dərinləşməsi üçün maksimum səylər göstərir. Ümid edirik ki, hər şey gözlənildiyindən də daha gözəl olacaq".

Müasir Müsavat Partiyasının Siyasi Şurasının və İdarə Heyətinin üzvü Könül İsmayılova da deyib ki, prezident İlham Əliyevin Qırğızıstan səfəri mühüm əhəmiyyət kəsb edirdi: "Prezidenti İlham Əliyev oktyabrın 11-də Qırğızıstana səfər etdi. Prezidentin Qırğızıstan səfərini bir çox baxımdan məhsuldar hesab etmək olar.  Bildyimiz kimi Azərbaycanla Qırğızıstan arasında diplomatik münasibətlər 19 yanvar 1993-cü ildə qurulub. İki ölkə arasında münasibətlərin genişlənməsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Buna görə də ölkə başçısının Qırğızıstan səfəri iki ölkənin münasibətləri baxımından vacibdir".

MMP rəsmisi hesab edir ki, rəsmi Bakının Qırğızıstana diqqət ayırması təsadüfi deyil: "Çünki Qırğızıstan Türk Dövlətləri Təşkilatının üzvüdür. İndiki həssas məqamda da Mərkəzi Asiya və regionun türk ölkələri böyük güclərin marağındadır. Baş verən siyasi proseslərə görə də Türk Dövlətləri Təşkilatının kövrək dönəmdə olduğunu deyə bilərik. Buna görə də Prezidentin Qırğızıstana səfərini Prezidentin Qırğızıstana səfərini Türk Dövlətləri Təşkilatının inkişafına yönələn addım kimi qiymətləndirə bilərik. Eyni zamanda Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək. Qırğızıstanla Azərbaycan arasında yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxardı. Yəni yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur".

REAL Partiyasının sədr müavini Natiq Cəfərli isə deyib ki, Orta Asiyanın Türk Respublikaları yaxın zamanda dünya siyasətinin mərkəzlərindən birinə çevriləcək: "Dünyanın iqtisadi inkişafının "motoru"  Asiyaya, Çinə, Hindistana və hər iki dövlətin orbitində olan ölkələrə keçib-keçir, yaxın 20 ildə iqtisadi mərkəz məhz Hind-Sakit okean hövzəsi olacaq.  Yeni modeldə Orta Asiyanın Türk Respublikalarının üzərinə böyük rol düşür - onlar körpü, müxtəlif fraqmental lider ölkələr arasında bufer zona rolunda olacaqlar.  Həmin ölkələri həm də Rusiyanın gələcək fiaskosuna hazırlamaq lazımdır. Əslində bütün dünya bu gün post-Putin, zəifləmiş Rusiya dönəminə hazırlaşır, ölkələr onilliklərə hesablanmış "vizion" qurur".

O deyib ki, yeni dünyada Türk Cümhuriyyətlərinin unikal rolunun olması üçün öz aralarında sıx inteqrasiya bağlarının, əsas da dövlətlərarası koordinasiya institutlarının yadadılması çox önəmlidir: "Bu missiyada Azərbaycanın unikal mövqeyi ola bilər - Orta Asiya Türk Respublikaları üçün biz Türkiyədən "bir köynək" daha yaxınıq. Türkiyə vacib, önəmli, güclü "oyun qurucu" rolunu gücləndirməli, Azərbaycan isə Orta Asiyanı Türkiyəyə, eləcə də dünyaya bağlayacaq strateji körpü olmalıdır. Azərbaycan Xəzərin o tayında böyük "yumşaq gücə" malikdir, biz bunu ölkədə yaşayaraq anlamasaq da, Xəzərin o tayı bizə Avropa kimi baxır, bizi Avropa sayır - bunu doğru dəyərləndirməliyik.  Hər şey çox tez dəyişir-dəyişəcək, qlobal dünyadan fraqmental dünyaya keçid baş verir, bu yeni formatda Türkiyə  fraqmental dünyanın yeni regional güc mərkəzi, Azərbaycan isə bu yeni güc mərkəzinin əsas oyunçusu ola bilər.  Bunun üçün Türk Dövlətləri Birliyinin (TDB) işlək koordinasiya institutları yaranmalıdır, TDB ərazi olaraq böyük bir coğrafiyadır, əhali olaraq 160 mln.-luq bazardır - bu qurum öz gücünü və nüfuzunu dəqiq hesablaya, doğru dəyərləndirib düzgün strategiya qura bilsə, gələcək fraqmental dünyanın əsas  oyun qurucularından biri olacaq".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31