Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir

Ona görə də  Ermənistan tərəfi SSRİ xəritələrinə istinad etmək istəyir

Ermənistan Təhlükəsizlik Şurasının  katibi Armen Qriqoryan Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşməsinin 1929-cu il məlumatlarına istinad aparılmasının vacibliyindən danışıb.

Politoloq Zaur Məmmədov  bildirib ki,  Qriqoryan 1929 -cu ilə aid   kağız üzərində hüququ qüvvəsi olan heç bir sənədi ortaya çıxara bilməz. O qeyd edib ki, onun bu bəyanatının səbəbi faktı gizlətmək və danışıqlarda cığallıq etməkdən ibarətdir: "Əlbəttə ki, kommunistlərin 1920- ci ilin noyabrın 30- dan 10 il ərzində Azərbaycan torpaqlarını birtərəfli şəkildə Ermənistan SSR- yə bağışlamaları və bundan sonra iki ölkə arasında olan formal sərhəddin hazırda danışıqlarda yol xəritəsi olmasından söhbət gedə bilməz. Beləcə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Ermənistan-Azərbaycan sərhədinin sovet vaxtından mövcud olması və 1991-ci ildə MDB-yə daxil olarkən qarşılıqlı tanınması barədə bəyanatı absurddur. Aydın məsələdir ki, Paşinyanın əsas hədəfi Qərbi Zəngəzuru itirməməkdir. Ona görə də, Ermənistan tərəfi SSRİ xəritələrinə istinad etmək istəyir. Son variant kimi, İrəvan  Azərbaycan və Ermənistan SSR arasında 1984-cü il yanvarın 1-də müəyyənləşən sərhəd xəttinə istinad etmək istəyir. Rusiya isə  ən son xəritələr haqqında danışarkən 1974-cü il SSRİ xəritələrinə əsasən Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyasını nəzərdə tutur.  Vurğulamaq lazımdır ki, bu təklif Ermənistan tərəfinin də xoşuna gəlməmişdi. Belə ki, 1974-cü ildən sonra Azərbaycanla Ermənistan arasında de-fakto sərhəd dəyişiklikləri baş verib ki, bu dəyişikliklər SSRİ-nin  sonrakı inzibati-siyasi xəritələrində öz əksini tapmayıb.Yuxarıda deyilənləri nəzərə alaraq 1991- ci il Alma -Ata sammiti zamanı qəbul edilən sərhəd xətti ciddi sual altına qoyulur. Belə ki, 1982-ci ildə Qazax rayonunun İcdar sahəsinin otlaqlarının bir hissəsinin, eləcə də Kəmərli, Aslanbəyli, Qaymaqlı kəndləri ərazilərinin bir hissəsinin Ermənistana verilməsi qərara alınmışdı. Daha sonra isə  1984-86 -cı illərdə Qazax rayonunun İcdarında 2500 hektar otlaq sahəsi Ermənistana verildi". Onun sözlərinə görə, XX əsrin 80-ci illərində ərazilərin verilməsi ilə bağlı bütün qərarlar Azərbaycan SSR-in o vaxtkı rəhbərliyi tərəfindən təsdiqlənməmişdir: "SSRİ-nin dağılmasından sonra isə Azərbaycanda hakimiyyətə qayıdan prezident Heydər Əliyev Azərbaycan ərazilərinin Ermənistanın xeyrinə verilməsi ilə bağlı bütün hərəkətləri rəsmən qanunsuz elan etmişdi. Beləliklə, SSRİ dövrü zamanı, 1920- ci ilin sonundan 1991 -ci ilə qədər Ermənistana verilən bütün torpaqlar qeyri - qanunidir və bu məsələnin beynəlxalq arenada qabardılması indiki şəraitdə mümkünsüz kimi görünməməlidir. Əgər  söhbət Azərbaycan və Ermənistan arasında torpaqların tənzimləməsindən gedirsə o zaman, müstəqil aktorlar qismində  1920 -ci ilə qədər hər iki dövlətin sərhəddinə baxmaq lazımdır. Aydın məsələdir ki, SSRİ  işğalı zamanı sərhədlərin dəyişdirilməsi birtərəfli və qeyri - qanuni xarakter daşıyıb. Hazırda Rusiyanın özünün  bir çox qonşu dövlətlərin sərhədlərini 1920 -ci il kontekstində sual altına qoyduğu, Qərbin  SSRİ kommunist rejimini qanunsuz "qara yara" adlandırdığı bir zamanda Azərbaycanın delimitasiya ilə bağlı ən azından 1920 -ci ilə qayıtması tutarlı arqumentlərlə doludur.1920- ci ilin payızında Ermənistan bolşevik dövlətinin tərkibinə daxil olarkən  9 000 kv km əraziyə malik idi. Buna görə də, hazırda Qərbin Ermənistanın ərazi bütövlüyü ilə bağlı həyacan keçirmələrinin heç bir hüquqi və məntiqi əsası yoxdur".

Politoloq qeyd edib ki, Avroparlamentdə Azərbaycan və Ermənistan arasındakı proseslərlə bağlı ermənillərə tərs sillə vurdular. Zəngəzurla bağlı məsələni çıxmaq şərtilə ( Zəngəzura dəhliz statusunun verilməməsi Laçın koridorunun statusuna da yenidən baxılmanı tələb edəcək),  bütün istiqamətlərdə Brüssel yeni proseslərdə məhz rəsmi Bakının mövqeyi ilə razılaşdığını qeyd etdi. Qısa şəkildə dinləmələrdə Aİ -nin Cənubi Qafqaz üzrə nümayəndəsinin mövqeyi bundan ibarətdir:  "Minsk qrupu leqal şəkildə fəaliyyət göstərir. Lakin, Azərbaycan bu formatı aktual hesab etmir. Əsas odur ki, beynəlxalq birlik Azərbaycana və Ermənistana sülhə yaxınlaşmağa kömək edir". Göründüyü kimi, Minsk qrupunun artıq işlək format olmaması, onun yerinə Brüssel platforması Toivo Klaar tərəfindən qəbul olunur. İkinci, "1990-cı illərdəki Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı itkin düşdü. Bu məsələ həllini tapmalıdır". Məlumdur ki, azərbaycanlı itkin düşmüşlər məsələsi müharibədən sonra ilk dəfə prezident İlham Əliyev tərəfindən məhz Aİ platforması çərçivəsində səsləndirilib. 2021 -ci ilin dekabr ayında Brüsseldə  Şarl Mişelin iştirakı ilə üçtərəfli, bu ilin fevral ayında online formatda Makronun  iştirakı ilə dördtərəfli  görüşdə bu məsələ qəbul edilib. Hətta, həmin vaxt Aİ - nin üzərinə itkin düşmüşlərin tapılması ilə bağlı missiya da qoyulmuşdur. Təsadüfi deyil ki, bu gün Ermənistandakı ekspertlər Toivo Klaarın azərbaycanlı itkin düşmüşlərlə bağlı bəyanatını kəskin tənqid etdilər. Üçüncü məsələ ondan ibarətdir ki, "Qarabağdakı ermənilərin hüquq və təhlükəsizlikləri yerinə yetirilməlidir". Göründüyü kimi, Aİ Qarabağ ermənilərinin öz müqqədaratını təyinetmə hüququ ifadəsindən istifadə etmədi. Əvəzində hazırda danışıqlarda qəbul edilən formulalardan bəhs edildi. Bu isə o deməkdir ki, Aİ Azərbaycan kimi Xankəndidəki separatçı institutların ləğv edilməsinin tərəfdarıdır və Qarabağın dağlıq hissəsinin Azərbaycan ərazisi olduğunu qəbul edir. Və nəhayət, Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarını işğal etmişdi. 13- 14 sentyabr tarixlərində baş verən döyüşlərlə bağlı "işğal deyil", əraziyə daxil olma adlandırılıb. Beləliklə, bəzi avroparlamentarilərin və Ermənistanın arzuları növbəti dəfə puç oldu".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31