Bəzi dövlətlər Ermənistan tərəfindən döyüşən muzdluların tutulması üçün zəruri əməkdaşlıq etmir - KAMRAN ƏLİYEVDƏN AÇIQLAMA
12 Oktyabr 2022 10:07 SiyasətErmənistan tərəfindən döyüşən muzdluların tutularaq Azərbaycana ekstradisiya edilməsində müəyyən problemlər olsa da, biz buna nail olacağıq.
Olaylar.az bildirir ki, bunu bu gün Gəncədə jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, bu prosesdə müəyyən çətinliklər var.
"Təəssüf ki, bəzi dövlətlər bununla bağlı kifayət qədər zəruri əməkdaşlıq göstərmir. Amma bilirsiniz ki, biz hətta Xocalı dövründən olan cinayətkarları ikinci Qarabağ müharibəsindən sonra tutub məsuliyyətə cəlb etmişik, onların real məhkəmə kürsüsündə oturmasını təmin etdik. Bu şəxslər də məsuliyyətə cəlb ediləcək.
Digər tərəfdən də başladığımız bu cinayət işlərindən beynəlxalq ədalət məhkəməsində, beynəlxalq instansiyalarda istifadə edirik. Əldə olunan sübutlarla biz Ermənistanın dövlət kimi siyasətinin beynəlxalq hüquq normalarına zidd olduğunu da sübut edirik, bu da çox vacibdir", - Kamran Əliyev deyib.