Prezident İlham Əliyev: Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik - TAM ÇIXIŞ

Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılara, dinləyicilərə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmaq, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmaq imkanı yaradacaq.

Olaylar.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında söyləyib.

Prezident İlham Əliyevin çıxışı

Biz bu gün belə tərkibdə əməkdaşlığımızın mühüm istiqamətləri üzrə nümayəndə heyətinin üzvlərinin şərhlərini dinlədik. Bu, bir daha sübut edir ki, hər iki tərəf konkret nəticəyə istiqamətlənib. Düşünürəm ki, həm iqtisadi, nəqliyyat, mədəni-humanitar sahələrdə əməkdaşlıq üzrə, həm də investisiya layihələri çərçivəsində dinlənilən bu məlumatların konkret nəticəsi olacaq. Çünki bütün bu istiqamətlər üzrə ölkələrimizin və xalqlarımızın yaxınlaşdırılmasına dair ümumi fikir mövcuddur.

Biz artıq həm gələn il, həm də gələcək illər üçün mədəni gündəliyi müəyyən etmişik. Azərbaycanda Qırğızıstan mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizə ölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Biz bu gün məhdud tərkibdə görüş çərçivəsində təhsillə bağlı məsələlərdən də danışdıq. Düşünürəm ki, bu sahədə də ölkələrimizin aparıcı ali məktəblərində tələbələrimizin təhsil alması və gənc nəslin nümayəndələri arasında təmasların qurulmasına dair konkret proqramı müəyyən etmək lazımdır. Çünki onlar gələcəkdə bizim kimi köklərimizə, ənənələrimizə, ölkələrimiz arasında hisslərə bağlı olmalıdırlar.

İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyini xüsusilə vurğulamaq istərdim. Qeyd edildiyi kimi, artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları, necə deyərlər, bizə kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. İlk növbədə, söhbət dəmir yolundan gedir. Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər - həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. Əlbəttə ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi də, əlbəttə ki, anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr elə sinxronlaşdırılmalıdır ki, biz liman imkanlarımızın həm artırılmasını, həm də genişləndirilməsini planlaşdıra bilək. Artıq deyildiyi kimi, Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu cür planlar əvvəllər də mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin hazırda bəzi günlərdə limanda, hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirilmişdi, 9 ay ərzində 60 faiz artım - bu, yüklərin nəql edilməsində əhəmiyyətli göstəricidir.

Azərbaycandan, həmçinin çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Azərbaycanın müəyyən qovşaq nöqtələrində bu iki dəhliz təbii ki, kəsişir, artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək imkanı yaradır. Buna görə düşünürəm ki, həm hökumətlərarası komissiyalar, həm də ola bilsin, nəqliyyat sahəsi üzrə daha tez-tez məsləhətləşmələr çərçivəsində hansısa mərhələdə xüsusi işçi qrupunun yaradılmasına dəyər ki, bu, daim təmasda ola bilər. Çünki burada həyata keçirilən layihələr haqqında informasiya ilə bağlı, yenə də sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki sizin regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar vaxtında və necə deyərlər, daha səmərəli olsun.

Buna görə də düşünürəm ki, bu istiqamətdə və bütün digər istiqamətlərdə çox ciddi potensial var. Bu gün bizim gündəliyimiz geniş oldu. Əminəm ki, planlaşdırdığımız hər bir işi icra edəcəyik. Biz prezidentlər kimi qərarların icrasına nəzarət edəcəyik. Dövlətlərarası Şura müntəzəm görüşəcək. Buna görə də nümayəndə heyətinin bütün üzvlərini fəal çalışmağa və nəticə yönümündə işləməyə dəvət edirəm. Çox sağ olun.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31