Praqa bəyanatı müharibədən sonra ərazi bütövlüyü və suverenliyin əks olunduğu ilk sənəddir
7 Oktyabr 2022 14:11 SiyasətAvropa Siyasi Birliyinin Praqada keçirilən sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında dördtərəfli görüş keçirildi. Gözlədiyim kimi, sülh müqaviləsi imzalanmadı. Bununla belə sülh müqaviləsinin imzalanması yolunda mühüm nailiyyətlər əldə edildi. Bunlardan ən önəmlisi isə şübhəsiz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır. Belə ki, qəbul edilmiş bəyanatda Azərbaycan və Ermənistan bir birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdılar və bu xüsusda BMT nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Suverenliyi tanımaqla Ermənistan Qarabağ üzərində Azərbaycanın hakimiyyətini tanıyır. Bəs, Alma-Ata Bəyannaməsinə sadiqlik hansı anlama gəlir? Politoloq Turan Rzayev bildirib ki, baş tutan dördtərəfli görüşdən sonra Yelisey sarayının rəsmi saytında Praqa bəyanatı dərc edilib. Bəyanatda deyilir ki, Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər. Onlar təsdiqləyiblər ki, bu, sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq və oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq. Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Azərbaycan bu missiya ilə ona aid olduğu dərəcədə əməkdaşlığa razılıq verib. Missiya oktyabr ayında fəaliyyətə başlayacaq və maksimum iki ay müddətində davam edəcək. Missiyanın məqsədi - güvən yaratmaq və öz hesabatları vasitəsilə sərhəd komissiyalarının fəaliyyətinə töhfə verməkdir. Praqa bəyanatı 44 günlük müharibədən sonra tərəflər arasında ərazi bütövlüyü və suverenliyinin əks olunduğu ilk sənəddir. Və tərəflərin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini qeyd etməsi mühüm amildir. Xatırladaq ki, "Alma-Ata bəyannaməsi"ndə deyilir ki, müstəqil dövlətlər Azərbaycan Respublikası, Ermənistan Respublikası, Belarus Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Moldova Respublikası, Rusiya Federasiyası (RSFSR), Tacikistan Respublikası, Türkmənistan, Özbəkistan Respublikası və Ukrayna münasibətləri dövlətlərin suverenliyini, öz müqəddəratını təyin etmək hüququnu, bərabərlik və daxili işlərə qarışmama prinsiplərini qarşılıqlı tanınma və hörmət əsasında inkişaf edəcək. Bu o deməkdir ki, rəsmi İrəvan Bakının daxili məsələsi olan Qarabağa dair heç bir məsələyə qarışmayacaq".
Onun sözlərinə görə, sənəddə qeyd olunur ki, MDB üzvləri insan hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşacaq, öhdəliklərin və beynəlxalq münasibətlərin digər tanınmış prinsip və normalarının vicdanla yerinə yetirilməsinə hamılıqla əməl edəcək: "Prinsip etibarilə, rəsmi Bakı ölkədəki bütün azlıqların hüquq və azadlıqlarına, o cümlədən milli azlıqların hüquqlarına hörmətlə yanaşır. Qarabağ erməniləri də bütün hüquqlardan faydalana bilər. Əsas məsələ Qarabağ ermənilərinin Azərbaycanın bir parçası olduğunu qəbul edib yuridistikamızı tanımasıdır. Digər tərəfdən, bu, həm də Ermənistanın status tələbini də sıradan çıxarır. "Alma-Ata bəyannaməsi"ndə həmçinin bir-birinin ərazi bütövlüyünü və mövcud sərhədlərin toxunulmazlığını tanımaq və hörmət etmək öhdəliyi də tanınıb. Bu, o deməkdir ki, İrəvan bununla Qarabağı da Azərbaycan ərazisi olaraq tanıyır".
Sərhədlərin delimitasiya və demarkasiyası məsələsinə gəldikdə politoloq qeyd edib ki, tərəflər 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini qeyd etməsi əslində sərhədlərin delimitasiya və demarkasiyası üçün də mühüm yenilikdir: "Belə ki, Alma-Ata Bəyannaməsi sərhədlərin delimitasiyası komissiyalarının işi üçün əsas olacaq. Nəzər alsaq ki, Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi də bu tarixə qədər işğal olunub, həmin ərazilər də delimitasiya və demarkasiya prosesində öz əksini tapa bilər. Oktyabrın sonunadək sərhəd komissiyalarının növbəti iclası Brüsseldə baş tutacaq. Həmin tarixə qədər delimitasiya və demarkasiyası detalları bəlli olacaq".
Maraqlıdır əldə olunan razılıqla bağlı Kremlin mövqeyi necə olacaq? Politoloq bildirib ki, Praqa bəyanatına və bəyanatda əksini tapan Alma-Ata Bəyannaməsi onu deməyə əsas verir ki, bu məsələlər həm də Rusiya ilə ayrı-ayrılıqda müzakirə edilib, razılaşdırılıb: "Nəzərə almaq lazımdır ki, Alma-Ata Bəyannaməsi böyük ölçüdə Rusiyanın məhsuludur. Digər tərəfdən, sənəddə qeyd edilib ki, tərəflər bir-birinin nüvəsiz və ya neytral dövlət statusuna nail olmaq istəyinə hörmətlə yanaşacaqlar. Prinsip etibarilə, Rusiya həm Ukrayna, həm də Gürcüstana bu ölkələrin neytral dövlət statusunu pozması səbəbilə müharibə elan etdi. Yəni buradakı neytral dövlət statusu Kremlin maraqlarına uyğundur. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə Aİ-nin mülki missiyasına yardım göstərməyə razılaşıb. Söhbət hərbi missiyadan getsə idi, Kreml buna ən sərt şəkildə reaksiya verərdi. Aİ-nin mülki missiyasının yardım təklifi Kreml üçün elə də ciddi problem deyil. Lakin ABŞ həmin yekunu öz xeyrinə çevirmək məqsədləri güdərsə, Moskvanın cavabı olacaq". Beləliklə, Azərbaycanın maraqları Prezident İlham Əliyev tərəfindən layiqincə qorundu. Ermənistan isə bu sərhəd missiyasına razılıq verməklə suveren dövlət olmadığını bir daha göstərdi. Bu, həm də Rusiyaya qarşı yeni və ciddi addımdır.
Alim