Ermənistan beynəlxalq humanitar qanunları ayaq altına atır

Beynəlxalq təşkilatlar isə seyrçi mövqedə dayanıb

Son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr və soyqırımları, müsibətlərlə dolu səhifələr də yazılıb. Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Bu zaman Qarabağ, Quba, Lənkəran, Salyan, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan, Gəncə və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr baş verib. Çox təəssüf ki, indiyə qədər erməni millətçiləri tərəfindən azərbaycanlılarıa qarşı törədilmiş vandalizm aktları barədə dünya ölkələrinə həqiqətin çatdırılması istiqamətində lazımı addımlar atılmayıb. Bunun əvəzinə 70 illik sovet dönəmində və digər dövrlərdə tariximizin təhrif edilməsinə yönəlmiş hərəkətlər tarixi yaddaşımıza qarşı edilmiş qəsd xarakteri daşımış, xalqımızı xüsusən də yeni, gənc nəsillərin tarixi hadisələr barədə düzgün biliyə sahib olmasına və tarixi həqiqətləri öyrənməsinə əngəl törədiblər.

Açınacaqlı haldar ki, ermənilər tərəfindən törədilən soyqırımı və faciələrin çoxu həm də azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyası ilə müşayiət olunub. Buna ən bariz nümunələrdən biri yaxın tariximizdə baş vermiş Xocalı soyqırımıdır. O zaman həm yüzlərlə həmvətənimiz qətlə yetirildi, həm də minlərlə Xocalı sakini doğma torpaqlarından zorla qovuldular. Qeyd edilməlidir ki, 1918-ci ilin mart qırğınları, həm də 1992-ci ildəki Xocalı soyqırımı arasında bir sıra paralellər var, yəni tarix təkrar olunur. Xatırladaq ki, hələ 2007-ci ildə Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazınti işləri zamanı kütləvi məzarlıq üzə çıxmışdır. Tədqiqatlar qadın və uşaqlar da daxil olmaqla orada basdırılan təxminən 500 insanın erməni dəstələrinin 1918-ci ildə Qubada törətdiyi soyqırımın qurbanları olduğu sübuta yetirildi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44-günlük Vətən müharibəsində düşmənə vurulan sarsıdıcı zərbə və möhtəşəm zəfərdən sonra da işğaldan azad edilmiş ərazilərdə  azərbaycanlılara qarşı törədilmiş soyqırımı və faciələri isbat edən faktlar ortaya çıxmaqdadır.  Xocavəndin Edilli kəndində aşkar edilən kütləvi məzarlıq buna bariz nümunədir. Belə ki, məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Bu, Xocavənd rayonunun Edilli kəndində artıq üçüncü məzarlıqdır ki, aşkar olunur. İndiyədək burada 25 nəfərin qalıqları aşkarlanıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin hərbçilərə aid olduğu güman edilir. Çünki onların əyinlərində hərbçi forması olub. Bundan başqa, kütləvi məzarlığa gömülmüş şəxslərin əl-ayaqlarının məftil və kəndirlə bağlandığı müəyyən edilib. Xocavənd rayonunun Edilli kəndində 12 hərbçiyə aid olduğu ehtimal edilən qalıqların aşkar edilməsi də növbəti erməni vəhşiliyinin, insanlıq əleyhinə cinayətin bariz nümunəsidir. Ermənistan müharibə qurbanlarının müdafiəsini təmin edən 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların 8 iyun 1977-ci ildə qəbul edilən iki Əlavə Protokolunun iştirakçısı olmasına baxmayaraq, 30 ilə yaxın bir müddətdə beynəlxalq humanitar hüququn hamılıqla tanınan norma və prinsiplərini pozaraq, öz beynəlxalq-hüquqi öhdəliklərinə məsuliyyətsiz münasibət göstərmişdir. Azərbaycan Ermənistandan fərqli olaraq beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə hər zaman sadiq olmuşdur. Dörd Cenevrə konvensiyasının iştirakçısı olan dövlətimiz, humanizm prinsipini əsas tutaraq daima beynəlxalq humanitar hüququn normalarına riayət etmişdir, öz daxili qanunvericiliyində onların tam implementasiyasını həyata keçirmişdir. Beynəlxalq təşkilatlar nəhayət ki, Ermənistanın insanlıq əleyhinə, azərbaycanlılara qarşı soyqırımı cinayətlərinə real qiymət verməlidir. Bu olmadıqca özünün məkrli mahiyyətindən uzaqlaşmayan Ermənistan daha da aqressiv, təxribatçı siyasət həyata keçirməkdə davam edəcək. Çox təəssüf ki, dünya birliyi sözügedən faktla bağlı heç bir reaksiya verməyib. Konkret olaraq YUNESCO və digər beynəlxalq təşkilatlar bu gün ermənilərin azərbaycanlılara qarşı soyqırımı və digər insanlıq əleyhinə olan cinayətlərinə reaksiya vermir. Bu, Azərbaycana qarşı olan ikili yanaşmaların növbəti nümunəsi hesab edilməlidir. Amma bunun əksinə Azərbaycana qarşı Ermənistan tərəfindən heç bir əsası olmayan məsələyə az qala qərəzli siyasəti özünün dövlət mahiyyətinə çevirmiş ökələr bizə qarşı ittihamlar irəli sürürlər.

Aşkar olunan kütləvi məzarlıqların izləri deməyə əsas verir ki, erməni vandalları tərəfindən azərbaycanlılara qarşı törədilən kütləvi qırğınların coğrafiyası daha genişdir. Belə ki, Qarabağda belə məzarlıqların yenə də aşkar ediləcəyi istisna olunmur. Kütləvi qətllərin Azərbaycanın digər bölgələrində də törədildiyi və qurbanların sayının güman edildiyindən dəfələrlə çox olduğu aşkar ediləcək. Ermənilər tərəfindən Azərbaycan xalqının başına gətirilən dəhşətli faciələr öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən hesab olunur. On minlərlə dinc sakinin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilməsi, insanların işgəncələrə məruz qoyulması, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələri, məscid və qəbiristanlıqların yerlə-yeksan edilməsi ermənilərin qeyri-insani əməllərinin təzahürü kimi səciyələndirilir. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən ermənilər bəşəriyyət üçün təhlükə mənbəyinə çevriliblər. Ermənilərin azərbaycanlılara qarşı  düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasəti bu gün də davam etməkdədir. Artıq soyqırım, terror, etnik təmizləmə kimi bəşəriyyət əlehinə cinayətlər Ermənistanın dövlət siyasətinə çevrilib. Odur ki, xalqımız yaşadığı tarixi faciələri heç zaman unutmamalı, törədilən soyqırımı hallarını qan yaddaşına həkk etməlidir.  

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31