20-ci əsrin sonlarından günümüzədək erməni cinayətlərinə qarşı AZƏRBAYCAN HƏQİQƏTLƏRİ...

Erməni silahlı birləşmələri tərəfindən silahsız mülki əhaliyə qarşı törədilən soyqırımı və kütləvi qətllərlə bağlı prokurorluq orqanlarında bir neçə cinayət işi istintaq olunub, cinayət törətmiş şəxslərin barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib. O həmçinin Ermənistanın Azərbaycana qarşı törətdiyi soyqırım zamanı həlak olanların sayını da açıqlayıb.

Soyqırım qurbanları...

"Kərkicahan soyqırımında - 17 nəfər öldürülüb, 7 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 1796 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 47 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Bağanis-Ayrım soyqırımında - 7 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 12 yaşayış evi yandırılıb, 438 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 18 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Meşəli soyqırımında - 25 nəfər öldürülüb, 14 nəfər öldürülməyə cəhd edilib, 2 nəfər girov götürülüb, 41 yaşayış evi və digər tikili yandırılıb, 358 nəfər kənd sakini daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 9 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Ağdərə rayonu Başgüneypəyə kəndində - 21 nəfər öldürülüb, 4 nəfər öldürülməyə cəhd edilib, 599 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.

Qaradağlı soyqırımında - 67 nəfər öldürülüb, 2 nəfər öldürülməyə cəhd edilib, 49 nəfər girov götürülüb, 941 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub. Hadisələri törətmiş 12 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Xocalı soyqırımında - 613 nəfər öldürülüb, 8 ailə tamamilə məhv edilib, 487 nəfər öldürülməyə cəhd edilib, 1275 qadın, uşaq və qoca girov götürülməklə işgəncəyə məruz qalıb, 5379 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub, Hadisələri törətmiş 40 nəfər silahlı şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında, habelə qiyabi həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edilib.

Kəlbəcər rayonunun Başlıbel kəndinə - 12 nəfər öldürülüb, 14 nəfər girov götürülüb, mühasirədə qalan 36 nəfər şəxsdən 7-si aldığı xəsarətlərdən ölüb, 29 nəfər daimi yaşayış yerini tərk etməyə məcbur olub.

Tunel qətliamında - Kəlbəcər rayonunda, 35 kəndi rayon mərkəzi ilə birləşdirən tuneli keçmək istəyən mülki şəxslərdən 26 nəfər öldürülüb və meyitləri maşınlarla birgə yandırılıb, 30 nəfər girov götürülüb".

16 milyard manatdan çox ekoloji ziyan...

İlqar Səfərov qeyd edib ki, ermənilər uzun müddət işğal altında saxlanılmış ərazilərdə aşağıdakı ekoloji cinayətləri törədiblər:

- Oxçuçay (üzlük daşı), Zəngilan (əhəng xammalı), Vejnəli (kvars-qızıl-sulfid), Şərifan (qum), Xaçınçay dərəsi( şirin su), Əkərəçay dərəsi (şirinsu) yataqları,
- Kəlbəcər rayonu üzrə Çaplı (qum çınqıl), Ağyataq (civə), Söyüdlü (zod-qızıl-sulfid), Qızılbulaq (qızıl-mis-kolçedan), Ağduzdağ (qızıl-nəcib metallar), Heydərə (qızıl) Qərbi Qızılitən və Ağzıbir (qızıl), Tərtərçay (qum-çınqıl), İlyaslı və Çaykənd (qarışıq süxur), Aşağı və Yuxarı İstisu (termal mineral su),
- Cəbrayıl rayonu üzrə Göyərçin Veysəlli (sement xammalı), Soltanlı (qum), Qaracalı (qum), Tuluz (mişar daşı), Hacılı 1 (gəc), Şarakənçəy dərəsi, İnçəçay dərəsi, Cəbrayılçay dərəsi, Çaylaqçay dərəsi, Qozluçay dərəsi, Çaxmaqçay dərəsi (şirin su yataqları),
- Tərtər rayonu üzrə Dəmirli (mis-molibden),Çardaqlı (daş kömür), Suqovuşan-Talış (qarışıq süxur), Qarabağ düzü (şirin su),
- Ağdam rayonu üzrə Abdal-Gülablı (üzlük daş), Şahbulaq, Çobandağ, Boyəhmədli (sement xammal), Qarqarçay 1(qum -çınqıl), Şelli (üzlük daş), Qarqarçay dərəsi (şirin su),
- Şuşa rayonu üzrə Şuşa 1 (əhəng xammalı), Qarqarçay sahəsi, Xankəndiçay sahəsi (şirin su), Turşu (mineral su),
- Füzuli rayonu üzrə Dövlətyarlı (mişar daşı) Quruçay (qum-çınqıl), Mil yatağı (şirin su),
- Xocavənd rayonu üzrə Binə, Hadrut, Tuğ, Məlikcanlı, Edillli (qarışıq süxur və qırmadaş),
- Laçın rayonu üzrə Yuxarı Həkəriçay (qum-çınqıl), Laçın-Şuşa avtomobil yolu (qarışıq süxur), Minkənd (mineral su)

Təbiət obyektləri (meşə fondu, meşə fonduna aid olmayan bitkilər, xüsusi mühafizə olunan təbiət əraziləri, təbiət abidələri və mineral-xammal yataqları) Ermənistan Respublikası və onun vəzifəli şəxsləri tərəfindən qanunsuz istismar olunub, ilkin araşdırma nəticədə maddi ziyanın təqribən 16.200.059.474,80 manat olması müəyyən edilib.

1988-94-cü illərdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi terror aktları...

"Erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət hadisələri bir neçə istiqamətdə təsnifatlaşdırıla bilər ki, burada da kütləvi insan tələfatları ilə nəticələnən terror hadisələri xüsusi qeyd edilməlidir"- Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov

"1988-94-cü illərdə azərbaycanlı mülki əhali hədəf alınmaqla törədilən 38 terror hücumu zamanı 10 sərnişin avtobusu, 11 minik avtomobili, 1 minik avtomobili karvanı, 2 yük avtomobili, 6 sərnişin qatarı, 2 metro qatarı, 2 helikopter, 1 təyyarə və 1 dəniz bərəsində törədilən partlayışlarda 1105 nəfər həlak olub, 1180-dən çox adam yaralanıb".

"Həmin terror hücumlarından biri zamanı 20.11.1991-ci il tarixdə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında erməni hərbi dəstələri tərəfindən Azərbaycan Respublikasına məxsus Mİ-8 markalı hərbi helikopterin vurulması nəticədə Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Qazaxıstan Respublikası Daxili İşlər nazirinin müavini Saylau Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də olmaqla ümumilikdə 22 nəfər qətlə yetirilib.

Hətta 18 mart 1994-cü il tarixdə Xankəndi şəhəri yaxınlığında Azərbaycana məxsus olduğu güman edildiyi üçün İran Hərbi Hava Qüvvələrinə məxsus "Herkules" tipli təyyarənin vurulması ilə 34 diplomat və ailə üzvləri həlak olub.

Mina qurbanları...

1991-2022 tarixləri arasında Azərbaycanda mina qurbanlarının ümumi sayı 3336 nəfər təşkil edib.

"Onlardan: kasetli sursatların partlaması nəticəsində həlak olan və xəsarət alanlar- 131 nəfər, uşaq və azyaşlı -357 nəfər, qadınlar - 38 nəfərdir.

-2020-ci ilin noyabr - 2022-ci ilin 06 oktyabr tarixləri arasında, mina partlayışları nəticəsində 44 nəfər həlak olub, 213 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və ya zərərçəkib. Bu dövr ərzində həlak olan və zərərçəkənlərin cəmi sayı 257 nəfər təşkil edib (onlardan: 9-u uşaq, 1-i qadın, 3 nəfər isə media nümayəndəsidir). Bu şəxslərin 147 nəfəri keçmiş təmas xəttindən kənarda baş vermiş mina insidentlərinin qurbanları olub".
10 noyabr 2020-ci il - 04 oktyabr 2022-ci il tarixlərini əhatə edən dövr ərzində aparılan minatəmizləmə əməliyyatları zamanı 549 239 577 kv.m (54 924 ha) təhlükəli ərazi təmizlənmiş, - 25 781 piyada əleyhinə mina (PƏ), - 12 561 tank əleyhinə mina (TƏ), - 33 736 partlamamış hərbi sursat (PHS) aşkarlanıb.

Artilleriya atəşinə məruz qalmış iri şəhərlərdə və digər yaşayış məntəqələrində (12 500 ha ərazidə) beynəlxalq hüquq normaları ilə qadağan edilmiş 722 ədəd kasetli və 67 ədəd müxtəlif təyinatlı ağ fosforlu sursat aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə işğaldan azad olunmuş ərazilərdə 72 078 mina və digər partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilmişdir.

Ermənistan ilk vaxtlarda formulyarların mövcudluğunu inkar etsə də, daha sonra bəzi mina formulyarları Azərbaycan tərəfinə təqdim etmişdir.

- 2021-ci ilin iyun-dekabr tarixləri arasında Ermənistan tərəfindən 919 mina formulyarı təqdim olunmuşdu. Qeyd olunan formulyarların dəqiqliyinin çox aşağı səviyyədə (təqribən 25 %) olması müəyyən edilib.

- Keçmiş təmas xətti boyunca bəzi ərazilərin isə (71 km) mina xəritələri ilə bağlı məlumatlar ümumiyyətlə təqdim edilməyib.

Sadaladıqlarım yalnız kütləvilik ehtiva edən, cəzasız qalan hərbi cinayətlərdir.

İtkin düşən azərbaycanlılar...

Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə bildirib ki, Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən "Hərbi əsirlərlə rəftara dair" və "Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair" 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyalarının və "Beynəlxalq silahlı münaqişə qurbanlarının müdafiəsinə dair" həmin Konvensiyalara 08 iyun 1977-ci il tarixli 1 №-li əlavə Protokolun müddəalarının kobud surətdə pozulması nəticəsində 1988-1994-cü illərdə 3890 nəfər itkin düşüb.

Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri isə mülki şəxs olub. İtkin düşənlərin 872-sinin əsir-girov götürülməsi barədə məlumatlar mövcuddur.

Əsir və girovluqdan azad edilmiş 1480 nəfər şəxsdən 378-i hərbi qulluqçu, 1102-si mülki şəxs olub. Mülki şəxslərdən isə 224-ü uşaq, 357-si qadın, 225-i qoca olub.
Əsir və girovluqda ölmüş 552 nəfərdən 447-si kişi, 105-i qadın olub.

Erməni tərəfi etiraf etmək istəməsə də Fərrux, Daşaltı və Edillidə aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlər törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur.

17 fevral 2021-ci il tarixdə Şuşa rayonunun Daşaltı kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfərə məxsus meyit qalıqları, 28-29 mart 2022-ci il tarixdə Xocalı rayonunun Fərrux kəndi ərazisində aşkar edilən meyit qalıqları, 23-26.02.2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində aşkar edilmiş kütləvi məzarlıqdan 7 nəfər şəxsə aid (biri qadın olmaqla) insan meyit qalıqları, 15-29 sentyabr 2022-ci il tarixlərində Xocavənd rayonunun Edilli kəndi ərazisində baxış zamanı aşkar edilmiş kütləvi məzarlıqdan 18 nəfər şəxsə aid insan meyit qalıqları çıxarılaraq götürülüb.

2014-cü ildən etibarən I Qarabağ müharibəsində itkin düşmüş 3400 şəxsin ailə üzvlərindən Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri tərəfindən 10583 bioloji nümunə toplanılmışdır. 490 nəfər itkin düşmüş şəxsin qohumlarının müəyyən edilərək DNT nümunəsi götürülməsi prosesi davam edir.

Döyüş əməliyyatları ilə bağlı olmayan faktlar üzrə 1988-1992-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilmiş cinayətlərlə bağlı 212 cinayət işi başlanılıb.

Əfsanə Səlimi

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31