Praqa görüşü sülh müqaviləsini yaxınlaşdıracaqmı?

Bu günlər Azərbaycan və Türkiyə yenə beynəlxalq diqqəti özünə çəkməyi bacarıb. Söhbət  "Avropa siyasi birliyi" Zirvə toplantısı çərçivəsində Azərbaycan və Türkiyə liderlərinin keçirdiyi görüşlərdən gedir. Əvvəlcədən də planlaşdırıldığı kimi Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında daha bir görüş gerçəkləşdi. Çoxları sentyabrın 12-13-ü tarixlərində sərhəd xəttində baş verən növbəti erməni təxribatı və bu təxribata qarşı Azərbaycan Ordusunun tutarlı cavabı, nəticədə Ermənistanın çoxlu sayda itki verməsindən sonra liderlər səviyyəsində görüşün mümkünsüzlüyü barədə iddialar irəli sürürdü. Ancaq proseslər göstərdi ki, Praqada liderlərin görüşü şərtdir. İlk növbədə isə Ermənistan üçün bu vacibdir. Baxmayaraq ki, Ermənistan müntəzəm olaraq sərhəddə təxribatlara əl atır, ancaq buna rəğmən İrəvana Azərbaycanla sülh müqaviləsi bağlamaq hava, su kimi lazımdır. Eyni zamanda Ermənistanın məcburən danışıqlar prosesinə cəlb edildiyi fikirləri də formalaşmaqdadır ki, ehtimallara bu təzyiqlər İrəvana 3 istiqamətdən edilir. Moskva, Ankara və Bakı. Elə politoloq Elxan Şükürlü də bu qənaətdədir. Onun sözlərinə görə, sentyabrın 15-16-da Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistandakı sammitinə qatılmaqdan yayınan və sülh danışıqlarını Rusiya-Ukrayna savaşı bitənədək uzatmağa çalışan Paşinyan hökumətinə Azərbaycan-Türkiyə-Rusiya üçlüsünün son 3 həftə ərzindəki birgə hərbi-siyasi təzyiqləri artıq gərəkli nəticələrini verməkdədir: "Nəticədə Paşinyan Azərbaycanla sülh üçün Praqaya gedəcəyini, orada Əliyev, Şarl Mişel və Makronun iştirakıyla "dördlü" bir görüşün olacağını elan etdi. Ən önəmlisi də odur ki, Paşinyan Praqa görüşünə Ermənistanın Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı və özünün də sülh gündəliyinə sadiq olduğu, bunun üçün məsuliyyət daşıdığı haqda öncədən bəyanat səsləndirməklə gedirdi".

Politoloq hesab edir ki, Paşinyanın Türkiyə prezidenti Ərdoğanla da görüşünün planlaşdırıldığı Praqa sammiti Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərinin normallaşdırılmasında əhəmiyyətli dönüş nöqtəsi olmaq və bu yöndə ən ciddi nəticələrin əldə edildiyi Qərb platformasına çevrilmək imkanındadır: "Böyük ehtimalla, Praqada əldə edilən nəticələr MDB dövlət başçılarının planlaşdırılan toplantısında daha da inkişaf etdirilərək, Azərbaycanla Ermənistan arasında qalıcı sülhün əldə edilməsi prosesinin yekunlaşdırılması işini daha da sürətləndirəcək".

Siyasi ekspert Cingiz Şahbazi isə Praqa görüşü ərəfəsində diqqəti Nikol Paşinyanın son bəyanatına yönəldib: "Ermənistan hökumətinin başçısı Pasinyan maraqlı bəyanatla çıxış edib. O deyib ki, biz Qarabağı Azərbaycandan qopara bilməyəcəyik. Çox açıq və konkret bəyanatdır. Həqiqətən də Qarabağ qədim türk və müsəlman diyarıdır. Erməni hökumət başçısının Qarabağı qoparmaq planlarının mümkün olmadığını dilə gətirən bəyanatından da məlum olur ki, bu torpaqlar heç zaman ermənilərin olmayıb və bu indi də mümkün deyil. Çünki, qoparmaq hansısa bütün bir şeyin bir hissəsindən mümkün olur. O bütün  Azərbaycandır və Qarabağ da daxil olmaqla. Pasinyan, qopara bilməyəcəyik deməklə, Qarabağın onların bir hissəsi olmadığını və Qarabağın məhz Azərbaycanın bir hissəsi olduğunu, dolayısı ilə təsdiq etmiş oldu". Ekspert deyib ki, Paşinyanın bəyanatında bir çox başqa maraqlı məqamlar da öz əksini tapır: "O, özündən əvvəlki hökumətləri də məhz bu fikirləri, dolayısı ilə təsdiq etməkdə günahlandırır. Yəni demək istəyir ki, Qarabağ problemi hakimiyyətə gəlmək üçün bütün dönəmlərdə alətə çevrilib və bu alətdən indi də istifadə edərək xalqı aldatmaq istəyində olanlar var. Pasinyanın bu sözləri, həqiqəti özundə əks etdirməsinə şübhə yoxdur, amma, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağ, əslində Ermənistanda tilovun uçuna bağlanmış balıq yemi kimi istifadə olunub demək olar. Məhz Ermənistan siyasiləri bu "yem" dən, 35- ildir xalqının başını aldadaraq istifadə etməklə məşğuldur və hakimiyyətə sahib olmaq üçün, məhz ən yaxşı vasitə kimi ondan yararlanıblar. Görünən isə odur ki, artıq dünyada şərtlər dəyişilir. Bu o anlama gəlir ki, Ermənistan da dəyişməyə məcburdur".

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşırmaları Mərkəzinin eksperti Kənan Novruzov isə diqqəti Ərdoğan-Paşinyan görüşünə çəkib. Ekspert hesab edir ki, Ərdoğan Paşinyana regionda gərginliyin artmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması istiqamətində mesajlar çatdıracaq: "Bu görüş Paşinyana daha çox lazımdır.  Əvvəllər də dediyimiz kimi, Ermənistanın regiondakı durumu getdikcə çətinləşir. Bunun əsas üç səbəbi var. Birincisi, Rusiya ilə Ukrayna arasında davam edən müharibədir. Bu savaş İrəvanın bölgədə "ortalıqda qalması" ilə nəticələnə bilər.  İkincisi, Qərblə Kreml arasında davam edən mübarizə də Paşinyan hakimiyyətinin işini çətinləşdirir.  Üçüncüsü, İrəvan Moskvadan uzaqlaşmağa çalışır. Paşinyanın Ermənistanın KTMT- dən çıxmasına dair səsləndirdiyi fikirlər də belə düşünməyə əsas verir. Belə bir vaxtda Türkiyə ilə diplomatik münasibətlərin bərpası Ermənistan üçün çox vacibdir. İndiyədək xüsusi nümayəndələr Sərdar Kılıçla Ruben Rubinyan arasında bir neçə dəfə görüş olub. Diplomatik münasibətlərin bərpası istiqamətində müəyyən yol qət edilib. Ərdoğanla Paşinyan isə yalnız telefonda danışıblar. Bu, liderlərin ilk görüşü olacaq. Düşünürəm ki, görüşdə gələcəyə hesablanmış müəyyən razılıqlar əldə oluna bilər".

Kənan Novruzov  onu da diqqətə çatdırıb ki, indiyədək Türkiyə rəsmiləri, o cümlədən Ərdoğan dəfələrlə bildiriblər ki, Azərbaycan onların qırmızı xəttidir. Yəni İrəvən Ankara ilə diplomatik münasibətləri bərpa etmək istəyirsə, əvvəlcə rəsmi Bakının ərazi bütövlüyünü tanımalıdır: "Şübhəsiz ki, ikitərəfli görüşdə Ermənistanla Azərbaycan arasındakı münasibətlər də müzakirə olunacaq. Dövlət sərhədindəki son durum, üçtərəfli sazişlərin icrası, həmçinin Zəngəzur dəhlizinin açılması barədə fikir mübadiləsi aparıla bilər. Müzakirələrin konstruktiv keçəcəyinə inanıram. Paşinyan parlamentdəki son çıxışında sülh gündəliyə sadiq olduğunu söyləyib. İkitərəfli görüşdən bir gün əvvəl bu cür açıqlamanın verilməsini təsadüfi hesab etmirəm. Bu, İrəvanın Bakı və Ankaranın şərtlərini yerinə yetirəcəyinə dair ehtimalları artırır".

Kənan Novruzov onu da deyib ki, Ermənistan baş nazirinin şansları da, vaxtı da azalır: "Paşinyan vaxtı uzatmağa çalışdıqca əlindəki imkanlarından da məhrum olacaq".

İndi hamını əsas bir sual maraqlandırır. Praqa görüşü sülh müqaviləsini bir qədər də yaxınlaşdıracaqmı?

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31