Azərbaycan şərq-qərb dəhlizin birləşdirilməsində coğrafi mövqeyə malikdir - ÖZƏL

"Bolqarıstanla Azərbaycanın diplomatik əlaqələri 30 il bundan əvvəl qurulub və tərəflər arasında 2015-ci ildə imzalanan razılaşmaya görə bu münasibətlər Strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Nəzərə alsaq ki, Bolqarıstan kifayət qədər ciddi söz və güc sahibi olan Avropa İttifaqının və NATO-nun üzvüdür onda bu münasibətlərin əhəmiyyətini daha aydın izah etmək olar. Çünki Bolqarıstanla münasibətlərimizin inkişafı, əlaqələrin gücləndirilməsi, həmçinin onun üzv olduğu təşkilatlarla da Azərbaycanın əlaqələrinin yaranmasına, ölkəmizin də həmin təşkilatların yanında əhəmiyyətinin artmasına səbəb olur".

Bu fikirləri "OLAYLAR"-a politoloq Yalçın Hacızadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana səfərinə münasibət bildirərkən səsləndirib. O qeyd edib ki,  hazırda Avropa qitəsə enerji təhlükəsi ilə qarşı-qarşıyadır və görünən odur ki, bu böyük böhrana çevriləcək: "Burda əsas məsələ qitənin qaz tədarükçüsü olan Rusiyanın enerji resurslarından siyasi təzyiq vasitəsi kimi istifadə edərək Avropaya enerji verilməsinin dayandırılması, eyni zamanda Rusiyadan Avropaya Baltik dənizi vasitəsilə çəkilmiş boru xətlərinin partladılmasıdır. Bu konteksdə Azərbaycan qazının Şərqi və Mərkəzi Avropa ölkələrinə çatdırılması və bunun gələcəkdə 2 dəfədən çox artırılması həmin ölkələr üçün enerji təhlükəsizliyini təmin etməsi, Azərbaycan üçün də bazarların genişləndirilməsidir. Enerji resurslarının Avropaya çatdırılmasında yaranan problem təkcə həmin ölkələrdə yaşayan insanların məişət imkanlarını məhdudlaşdırmır həmçinin, iqtisadiyyata, sənayeni sahələrinə mənfi təsir etmiş olur".

Politoloq bildirib ki, Azərbaycan bu il Bolqarıstana 500 milyon kub metr, gələcəkdə isə 2 milyard kub metrə qədər qaz nəql edəcək. Bu da Bolqarıstanın istifadə etdiyi qazın 50 %-dır. Əlbəttə, bu da Bolqarıstanın enerji təhlükəsizliyinin təmin olunması baxımından onlar üçün vacibdir: "Azərbaycanın enerji siyasəti nəqliyyat yollarının şaxələndirilməsi üzərində qurulub ki, bu da indiki zamanda böyük əhəmiyyətini göstərmiş olur. Bakı-Tiflis-Ceyhan, TAP və TANAP kimi layihələrin icrası zamanı ermənipərəst qüvvələrinin təsiri altına düşərək layihələrin icrasına mane olan və ya dəstək vermək istəməyən bəzi qüvvələr və dövlətlər indi düşdükləri böhrandan çıxmaq üçün indi həmin kəmərlərdən pay almaq üçün əməkdaşlığın yollarını axtarırlar".

Yalçın Hacızadə deyir ki, Azərbaycan Bolqarıstan münasibətləri təkcə enerji sahəsini əhatə etmir: "Ümumiyyətlə Azərbaycan enerji sektoru ilə yanaşı qeyri-neft sahəsinin də inkişafında və bu istiqamətdə əməkdaşlıqda maraqlıdır. Elə ona görə də Bolqarıstanla qurulan münasibətlərimizə innovasiya, yüksək texnologiyalar, ticarət, sərmayə qoyuluşu, mədəniyyət və elm sahələri də daxildir".

Politoloq onu da deyib ki, Azərbaycan şərq-qərb dəhlizin birləşdirilməsində, Xəzər dənizin enerji resurslarının qısa yollarla Avropaya ötürülməsində coğrafi mövqeyə malikdir: "Eyni zamanda bildirim ki, Xəzər dənizin sahilində Azərbaycan Ələt iqtisadi zonası yaratmışdı ki, burda tətbiq olunan qanunvericilik, iqtisadi normalar və komunikasiya yüksək səviyyədə beynəlxalq standartlara cavab verir və Asiya və Avropanın yaxınlaşmasında, birləşməsində böyük imkanlara malikdir. Həmçinin, Bolqarıstan da Qara dəniz hövzəsində yerləşən və böyük limanlara malik olan ölkədir. Bizim Qara dəniz ölkələri ilə geniş əlaqələrimiz var və biz də 1992-ci ildə yaradılmış Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatının üzvüyük. Ölkəmizin artan tranzit imkanları bizə dünya okeanlarına çıxmaq üçün Bolqarıstan da daxil digər liman ölkələri ilə əlaqələrimizin inkişafına şərait yaradır.   Bütün bu hadisələrin və imkanların fonunda Prezident İlham Əliyevin Bolqarıstana səfəri, orda biznes sahibləri ilə, digər ölkələrin rəhbərləri ilə keçirdiyi təktərəfli və çoxtərəfli görüşlər və Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətinin göstəricisi və Azərbaycan dövlətinin uzun müddətdir eyni xətt üzrə apardığı uğurlu siyasətin nəticələrinin bəhrəsidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31