Vətən uğrunda canından belə keçənlər
27 Sentyabr 2022 10:41 Siyasət"...Bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz misilsiz şücaət göstərərək 30 illik işğal altında qalan torpaqlarımızı 44 gün ərzində azad etməklə xalqımızın tarixinin şərəf və ləyaqət səhifəsini qızıl hərflərlə yazdı. Ermənistanın illərdir yaratdığı "məğlubedilməzlik" mifini darmadağın etdi.
Azərbaycan Ordusunun qarşısında tab gətirməyərək ağır məğlubiyyətə uğrayan işğalçı Ermənistanla aparılan müharibə ərzində əsgər və zabitlərimizin rəşadəti, şəhidlərimizin qanı ilə düşmənin uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemləri dağıdılaraq 2020-ci ilin 3 oktyabr tarixində Suqovuşanın azad edilərək tarixi adına qovuşması, 4 oktyabrda Cəbrayıl rayonu, 9 oktyabrda Hadrut qəsəbəsi, 17 oktyabrda Füzuli rayonu, 20 oktyabrda Zəngilan rayonu, 25 oktyabrda Qubadlı rayonu və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilməklə müharibənin taleyi əsasən həll olundu. Ümumilikdə döyüş əməliyyatları nəticəsində müzəffər Azərbaycan Ordusu tərəfindən 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər hərbi yolla işğaldan azad edildi.
Vətən müharibəsində 44 gün ərzində əldə edilmiş Şanlı Qələbə sayəsində Vətənimizin ərazi bütövlüyü bərpa olundu, şəhidlərimizin, etnik zəmində xüsusi qəddarlıqla qətlə yetirilən dinc azərbaycanlıların, amansız işgəncələrə məruz qalan günahsız insanlarımızın, körpələrin, qadınların, uşaqların, ahılların doğma yurd-yuvasından didərgin salınan soydaşlarımızın qisası bu faciələri törədən erməni qatillərindən və onların cinayətkar-faşist dövlətindən alındı.
Ali Baş Komandan İlham Əliyev Xalq-İqtidar-Ordu birliyinin nəticəsi olan "dəmir yumruğ"u ilə işğalçı Ermənistanın belini qırdı, sözün əsl mənasında "terror dövləti" olan bu kriminal rejimin, ümumilikdə "dünya erməniçiliyi" mifinin başını əzdi, ermənilərin əsl xislətini, həyasız yalanlarını, faşist simasını əsaslı sübutlar və konkret faktlarla bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
Dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, məharət və cəsurluq nümayiş etdirərək müasir hərb tariximizin ən şanlı zəfərini qazandı və XXI əsrin yeni müharibə modelini bütün dünyaya təqdim etdi.
Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ali Baş Komandan cənab İlham Əliyev demişdir: "Bu, yeni nəsil müharibə üsuludur, hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi, əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi, hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruhu birləşir, vəhdət təşkil edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir. Onlar torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir".
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin göstərişlərinə uyğun olaraq düşmənin heç bir mülki obyekti hədəfə alınmadı. Ölkəmizin həyata keçirdiyi hərbi əməliyyatlar Ermənistanın yerli legitim hərbi obyektlərinə qarşı yönəlmişdi. Naftalanı, Gəncəni, Tərtəri, Bərdəni, Goranboyu, Mingəçeviri ağır artilleriya atəşinə məruz qoyan düşməndən fərqli olaraq müharibəni yalnız erməni hərbçilərinə qarşı aparılırdı.
Halbuki ordumuzdakı müasir silahlarla bundan qat-qat artığını edə bilərdik. Bununla belə, Azərbaycan bu cür namərd davranışı özünə əsla rəva görmədi. İtkilərimizin qisası savaş meydanında alındı.
44 günlük müharibə gedişində Ermənistan ordusunda on mindən çox fərarinin olması erməni cəmiyyətindəki, düşmən ölkənin ordusundakı dərin mənəvi-psixoloji sarsıntını göstərirdi. Həyatını itirmiş mülki həmvətənlərimizin qisasını isə rəşadətli ordumuz döyüş meydanında müvəffəqiyyətlə aldı.
Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhvali-ruhiyyəsi yüksək səviyyədədir.
Cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə iştirak etmiş Ermənistan silahlı qüvvələrinin əsgər və zabitlərinin açıqlamaları da bir daha sübut edir ki, Azərbaycanın bütün çətinlikləri qətiyyətlə dəf etmək qüdrətinə və çevik idarəetmə sisteminə malik güclü, sarsılmaz ordusu var.
Düşmən əsgərlərimizin şücaəti qarşısında ordularının vahiməyə düşdüyünü, belə bir döyüşçüləri olan orduyla döyüşməyin mənasız olduğunu dönə-dönə təkrar edir və lazımsız yerə ölmək istəmədiklərini bildirirdilər.
Azərbaycan əsgərinin rəşadəti, göstərdiyi şücaət təkcə ölkəmizdə yox, artıq bütün dünyada danışılır. 44 günlük müharibə zamanı ermənilərin döyüş mövqelərini gəzən "The New York Times" qəzetinin jurnalisti yazırdı ki, "Səngərlərdə qorxu var. Ermənilər havada uçan və istədiyi kimi öldürən Azərbaycan pilotsuz təyyarələrinə qarşı müdafiəsizdirlər. Erməni əsgərləri Azərbaycan döyüşçüsünün bədəninə güllə dəyməsinə baxmayaraq, geri çəkilmədiyini, əksinə onların səngərlərinə irəlilədiyini, Azərbaycan əsgərini hətta "robota" bənzətdiyini də gizlətmir".
Bəli budur, düşmənə ağır və sarsıdıcı zərbələr endirərkən onun üzərinə şir kimi şığıyan, ölümün gözünə dik baxan, fikrində yalnız torpaqlarının azadlığı, Vətəninin qələbəsi olan rəşadətli Azərbaycan Ordusunun qəhrəman əsgəri! O, Vətən uğrunda Şəhid olmağı özünə şərəf bilir.
Belə əsgəri olan xalq isə heç vaxt basılmayacaq. İgid əsgərlərimizin bu qəhrəmanlıqları hər birimizi qürurlandırır. Vətən uğrunda canlarından keçən bu igidlərin şücaəti bizi daim torpaqlarımızın, ərazi bütövlüyümüzün uğrunda mübarizəyə səsləyəcək.
Mənfur düşməndən təmizlənən torpaqlarımızın hər qarışında məğrurluqla dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin qanı ilə sulandı. Bu missiyanı yerinə yetirən bütün qəhrəmanlarımızın, şəhidlərimizin, qazilərimizin, ön və arxa cəbhədə fədakarlıqla bu işə töhfə verən Azərbaycan hərbçilərinin, onların valideynlərinin, ailə üzvlərinin, xüsusilə bütün şəhid analarının qarşısında baş əyirik.
Bu qələbə sevincini, Vətən torpağının azadlığını bizə bəxş edən Ali Baş Komandanımıza və Azərbaycan əsgərinə, bu şanlı tarixi qanı, canı ilə yazan şəhidlərimizə borcluyuq. Azərbaycan xalqı 44 günlük Vətən müharibəsinin hər bir günündə düşmənin başına od ələyən, onu əzib keçən, vətəndaşlarımıza hər gün yeni qələbə xəbərləri, yeni azad olunmuş torpaqların zəfər xəbərini bəxş edən şəhidlərimizin hər birinin əziz xatirəsini daim yaşadacaq və uca tutacaqdır.
İşğaldan azad olunan Azərbaycan torpaqlarında, Qarabağda, Şuşada bu gün 30 ildən sonra azan səsləndirilir, Şanlı Azərbaycan bayrağı dalğalandırılır, uzun illərdir ermənilər tərəfindən işğal altında saxlanılan 132 km-lik Azərbaycan-İran sərhədində artıq Azərbaycan sərhədçiləri dayanır, gənc nəslin tarix dərsliklərində haqqında oxuduğu Xudafərin körpüsündə Azərbaycan bayrağı ucalır.
"Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" deyən Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında bütün Qarabağ torpağı sürətlə bərpa edilərək yenidən qurulur, cənnətə çevrilir.
Bu gün Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycanla əlaqələrini normallaşdırılmasından və həqiqi qonşuluğundan keçir. Sərhədlərin müəyyənləşdirilməsini və sülh müqaviləsinin imzalanmasını əsassız yerə yubadan, təxribat-pozucu hərəkətlərə yol verən Ermənistan unutmamalıdır ki, imzalanan kapitulyasiya aktı və digər müvafiq sənədləri son bəndinə qədər icra etməyə borcludur.
Ermənistan unutmamalıdır ki, artıq Qarabağ problemi başa çatıb, Azərbaycan ərazi bütövlüyünü bərpa edib. Şərtləri Azərbaycan diktə edir və bundan sonra da belə olacaq. Müharibədə məğlub olmuş Ermənistan isə yaranmış yeni vəziyyətə uyğun davranmağa məhkumdur.
Bu reallıqlardan irəli gələrək İrəvanın üzərinə götürdüyü öhdəliklər üçtərəfli bəyanatlarda, Moskva, Soçi və Brüssel razılaşmalarında öz əksini tapıb. Münasibətlərin normallaşdırılması Ermənistanın bu öhdəlikləri yerinə yetirməsindən keçir. Ermənilər bundan sonra normal şərtlər daxilində mövcud olmaq istəyirlərsə, Vətən müharibəsinin acı nəticəsindən dərs almalı, Azərbaycana olan ərazi iddialarından əl çəkməlidirlər.
Əks təqdirdə, Ermənistanın Azərbaycanın "dəmir yumruğunun" zərbəsini bir daha hiss etməsi qaçılmaz olacaq. 44 günlük müharibədən nəticə çıxarmaması Ermənistana yenidən baha başa gələ bilər.
H.Zeynallı