Əliyevin fikirləri Ermənistan üçün “yol xəritəsi” hesab edilə bilər
23 Sentyabr 2022 11:23 SiyasətLaçının mərkəzində Azərbaycan bayrağını qaldıran Prezident İlham Əliyev diqqətçəkən məqamlara da toxundu. Bu, həm də bəzi məsələlərin birinci şəxs tərəfindən təsdiqi baxımından önəmlidir. Dövlət başçısı Laçına səfəri zamanı qeyd etdi ki, Azərbaycan Ermənistan ərazisinə müdaxilə etməyib: "İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər. Yəni, bizim sərhədimizin delimitasiyası keçirilmədən heç kim deyə bilməz sərhəd haradan keçir. Mən yenə də deyirəm, biz müzakirələrə hazırıq və delimitasiya komissiyalarının - Azərbaycan-Ermənistan komissiyalarının işinə məsuliyyətlə yanaşırıq. Bütün xəritələri toplamışıq. Bir daha demək istəyirəm ki, bütün xəritələr, o cümlədən XIX əsrə, XX əsrə, ondan əvvəlki dövrə aid olan xəritələr bizdədir və o xəritələr açıq-aydın göstərir, kim hansı torpaqda yerləşibdir. Ona görə delimitasiya aparılmadan bizi heç kim ittiham edə bilməz".
Siyasi şərhçi Asif Nərimanlı qeyd edib ki, Prezident İlham Əliyev elan etdi ki, delimitasiya aparılmadığı müddətdə sərhədin haradan keçdiyini heç kim iddia edə bilməz. Bu, həm xaricdən, həm daxildən səslənən "Azərbaycan Ermənistana təcavüz edib" iddiasına cavab olmaqla yanaşı, problemin yeganə həll yolunun delimitasiya prosesinin reallaşması olduğu da deməkdir. Maraqlıdır, bəs delimitasiya hansı xəritələrlə aparılacaq? Siyasi şərhçinin sazlərinə görə, Əliyev rəsmi Bakının XX əsrin xəritələrinə istinad etdiyini bildirir: "Burada diqqətçən məqam "SSRİ dövrünün" yox, məhz "XX əsrin və ondan əvvəlki dövrün xəritələri" ifadəsidir, bu o deməkdir ki, Azərbaycan SSRİ qurulmamışdan öncəki dövrün xəritələrini də masada prioritet sənəd olaraq təqdim edir. Bu gedişin iki mümkün səbəbi var. Birincisi, hədəfi daha yüksək qoyaraq, ən azı SSRİ dövründə Ermənistana müxtəlif adlar altında verilən ərazilərə nail olmaq: Qazaxın 7 kəndi, Naxçıvanın Kərki kəndi və "otlaq-əkin sahələri" adı ilə ermənilərə "bağışlanan" ərazilərin qaytarılması bu prosesdə həllini tapa bilər. İkincisi isə Azərbaycanın tarixi torpaqlara qayıdış ideologiyası danışıqlar masasına çıxarılır". Onun qənaətinə görə, İlham Əliyevin çıxışı əməliyyatda üç nəticə əldə edildiyini rəsmi şəkildə təsdiqləyir: "Birincisi, Azərbaycan ordusu öz torpağında mövqelər tutub: bu, həm də əməliyyatdan sonra ordumuzun geri çəkildiyinə dair iddialara cavabdır. İkincisi, əldə edilən mövqelər bütün sərhəd boyunca həm hərbi üstünlük, həm də vizual nəzarət imkanı verir. Azərbaycan əsgəri ermənilərin mümkün təxribatlarını, ümumiyyətlə sərhəd boyunca istənilən addımını izləyə biləcək. Üçüncüsü, bu mövqelər Ermənistanın mühüm kommunikasiya xətlərinə nəzarət imkanı da yaradır. Ermənistanın 10 noyabr razılaşmasının icrasından yayındığını deyən Prezident iki prioritet istiqaməti də elan etdi: Erməni qoşunlar Qarabağdan tam çıxarılmayıb; Zəngəzur dəhlizinin açılması ilə bağlı heç bir praktiki iş aparılmır. Mümkündür ki, Azərbaycan bu iki məsələnin icrası istiqamətində praktiki addımlar atsın. Əliyevin fikirləri Ermənistan üçün "yol xəritəsi" də hesab edilə bilər. 10 noyabr razılaşması icra edilməli - erməni qoşunlar Qarabağdan tamamilə çıxarılmalı, Zəngəzur dəhlizində işlər başlanmalıdır; Sərhədin delimitasiyası XX əsrin xəritələrinə uyğun aparılmalıdır. Bakının təqdim etdiyi 5 prinsip əsasında sülh sazişinin imzalanmasının alternativi yoxdur".
Alim