Zəngəzur dəhlizinin açılması ölkəmizin loqistik imkanlarını daha da genişləndirəcək

Dünya ölkələrinin iqtisadiyyaında geriləmə müşahidə olunduqca iqtisadi baxımdan səmərəli təşəbbüslərin reallaşmasına üstünlük verilir. Söhbət təkcə istehsaldan deyil, eləcə də mal və materialın daha ucuz və sərfəli qiymətə daçınmasından gedir. Məlumdur ki, hazırda dünya ölkələri daşınmaların daha ucuz olan quru və dəmir yolu ilə həyata keçirilməsinə maraq göstərir. Çünki, ucuz daşınma daha çox gəlir əldə etməklə yanaşı, iqtisadi dividentin əldə edilməsi baxımından ən sərfəli variantdır. Şübhəsiz ki, bunun üçün alternativ marşrutların mövcudluğu vacib şərtdir. Məlumat üçün qeyd edək ki, bunun üçün Azərbaycanın logistika imkanları olduqca genişdir. Həmin imkanlar reallığa çevrildikdən sonra Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrin əhəmiyyəti daha da artacaq. Zəngəzur dəhlizinin açılması ilə həm "Şərq-Qərb", həm də "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin imkanları genişlənəcək. Belə ki, nəqliyyat dəhlizlərinin şaxələnməsi onun etibarlılığını artıran mühüm faktordur. Düzdür, ermənilər və onların havadarları Zəngəzur dəhlizinin açılmasına hər vəchlə mane olmaq istəyirlər. Baxmayaraq ki, sözügedən dəhlizin işə düşməsi elə Ermənistanın özünü iqtisadi fəlakətdən xilas edə bilər, çox təəssüf ki, işğalçı ölkədəki revanşist qüvvələr buna qarşı çıxırlar. Çox güman ki, buna səbəb Zəngəzur dəhlizinin açılması ilə Azərbaycanla Türkiyənin dünyada siyasi əhəmiyyətini daha da artacağı faktorudur. Bununla yanaşı, hər iki ölkəyə dünyada gedən siyasi proseslərə təsir göstərmək imkanı da qazandıracaq. Həmin qüvvələrə Prezident İlham Əliyev qəti şəkildə xəbərdarlıq edərək demişdir: "İndi Ermənistan Zəngəzur dəhlizinin açılmasına əngəl törətmək istəyir. Amma nail ola bilməyəcək. Məcbur edəcəyik onları, məcbur edəcəyik. Necə ki, qovmuşuq torpaqlarımızdan, bütün istəyimizə nail olacağıq".

Onu da qeyd edək ki, qonşu ölkədə Zəngəzur dəhlizinin açılmasının vacibliyi və onun Ermənistana da fayda gətirəcəyini anlayan dairələr yox deyil. Lakin, reallıq ondan ibarətdir ki,  Azərbaycan dövlətinin tələbi və böyük güclərin bu işə olan marağı qarşısında Ermənistan Zəngəzur dəhlizinin açılması ilə razılaşmağa gəlsə də indiyə qədər heç bir real addım atmayıb. Prezident İlham Əliyev Laçında çıxışı zamanı qeyd edib ki, Murov dağında, Laçın şəhərinə qədər 12 tunel tikilir: "Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü - Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır". Milli Məclisin deputatı Ceyhun Məmmədov da qeyd edib ki, regionun böyüməkdə olan kommunikasiya potensialı Zəngəzur dəhlizinin açılması ilə daha da genişlənəcək: "Son illər ölkəmizdə artan nəqliyyat-logistika imkanları regional kommunikasiyanın inkişafına müsbət təsir göstərir. Bakı Beynəlxalq Ticarət Limanının işə başlaması ilə Xəzər dənizi vasitəsilə Şərq-Qərb arasında yükdaşımanın sayı kifayət qədər artmışdır. Xüsusilə, Xəzəryanı dövlətlər arasında ən böyük mülki yük donanmasına və 18 təyyarə ilə ən böyük mülki hava yük donanmalarından birinə malik olan Azərbaycan bu daşımalarda yüksək pay sahibinə çevrilmişdir. Prezident İlham Əliyevin hakimiyyəti dövründə 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hal-hazırda yeni kommunikasiyaların yaradılması üçün Qarabağ və Şərqi Zəngəzurda yolların çəkilməsi istiqamətində böyük işlər görülür. Elə bu yaxınlarda Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə yolların bərpası və yenidən çəkilməsi üçün müxtəlif Sərəncamlar imzalamışdır". Onun sözlərinə görə, Qarabağ münaqişəsinin həll edilməsi tək Azərbaycanın yox, bütün region dövlətlərinin inkişafına müsbət təsir göstərəcək: "Regionumuzun böyüməkdə olan kommunikasiya potensialı Zəngəzur dəhlizinin açılması ilə daha da genişlənəcəkdir. Hazırda bu istiqamətdə işlər görülür və ümid edirik ki, qısa bir zaman ərzində bu dəhlizin açılması reallaşacaq. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin icra edilməsi, iki ölkənin münasibətlərinin normallaşdırılması, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesləri reallaşacağı təqdirdə regionda böyük iqtisadi canlanma baş verəcəkdir. Lakin, bu yaxınlarda Ermənistan tərəfindən dövlət sərhədində genişmiqyaslı hərbi təxribatların törədilməsi, bəzi dövlətlərin və beynəlxalq təşkilatların bu məsələ ilə bağlı səmərəsizliyi sülh müqaviləsinin imzalanmasını gecikdirir. Azərbaycan Qarabağ məsləsini xalqın birliyi, ordumuzun gücü və cənab Ali Baş Komandanımızın uğurlu siyasəti nəticəsində həll etdi. Bununla da ölkəmiz BMT Təhlükəsizlik Şurasının 30 ildir kağız üzərində qalmış 4 qətnaməsini icra etmiş oldu. Azərbaycan beynəlxalq arenada daima sülhə, hüquqa, ədalətə dəyər verən bir ölkə kimi tanınıb, həll yolu kimi hər zaman müharibəni rədd edib və məsələlərin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31