44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə artmaqdadır - MÜSAHİBƏ-ÖZƏL

Cavid Osmanov: "Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən irəli sürülmüş bütün təşəbbüslər, təkliflər beynəlxalq aləm tərəfindən müsbət qarşılanır və yekdilliklə qəbul olunur"

Azərbaycanın 44 günlük tarixi zəfərlə torpaqlarını işğaldan azad etməsindən iki ilə yaxın vaxt keçir. Dünya hərb tarixinə belə düşən 44 günlük Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində Milli Məclisin deputatı Cavid Osmanovla görüşərək yenidən həmin tarixi günlərə, İkinci Qarabağ müharibəsinin başlamasına səbəb olan amillərə nəzər saldıq. "OLAYLAR"-a verdiyi müsahibədə millət vəkili aradan keçən iki ilə yaxın müddətdə Ermənistanın müntəzəm olaraq sərhəddə təxribatlara əl atması və İrəvanın üçtərəfli bəyanatı icra etməməsindən dolayı yaranan problemlərdən də danışıb.

-Cavid müəllim, bildiyimiz kimi 44 günlük Vətən müharibəsinin başlamasından artıq iki ilə yaxın vaxt keçir. Öncəliklə iki il əvvələ nəzər salmağınızı istərdik ki, İkinci Qarabağ müharibəsini şərtləndirən əsas amillər nələr oldu? Çünki rəsmi Bakı bir qayda olaraq problemin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu bildirirdi.

-Tarixə nəzər salaraq qeyd edə bilərik ki, 2 əsr bundan əvvəl ermənilər Çar Rusiyası tərəfindən Azərbaycanın tarixi torpaqlarına köçürüldükdən sonra Azərbaycana qarşı işğalçılıq və etnik təmizləmə siyasətini aparmağa başladılar. Bildiyimiz kimi, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycana qarşı dünyada misli görünməmiş vəhşiliklərlə müşayət olunan soyqırımlar törədilməyə başlanıldı. Azərbaycanın 20 faiz torpaqları Ermənistan tərəfindən işğala məruz qaldı. Xocalı soyqırımı, Meşəli, Qaradağlı, Malıbəyli və digər yaşayış məntəqələrində dünyanın gözü qarşısında xalqımızın qarşı misli görünməmiş vəhşiliklər, soyqırımlar həyata keçirildi. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs əldə olunsa da, lakin rəsmi Bakı heç zaman ərazilərinin işğal altında qalması ilə barışmadı. Məsələnin diplomatik, danışıqlar yolu ilə həlli və bununla da ərazilərimizin işğaldan azad edilməsinə nail olmaq üçün Azərbaycan tərəfi uzun illər cəhdlər göstərib sülh prosesinə sadiqlik nümayiş etdirsə də, lakin Ermənistan bu illər ərzində müxtəlif bəhanələrlə danışıqlardan yayındı, problemin diplomatik yolla həllinə mane oldu. Baxmayaraq ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsi ilə bağlı bu illər ərzində təkcə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var idi. Eləcə də digər beynəlxalq təşkilatların bəyanatlarında, qəbul etdikləri qərarlarda Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktı qeyd edilirdi. Ancaq bütün bunlara baxmayaraq Ermənistan heç bir beynəlxalq hüquq və prinsiplərə, BMT qətnamələrinə məhəl qoymaraq öz işğalçılıq siyasətini davam etdirirdi. Münaqişənin həlli missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupu tərəfindən də təxminən 29 illik bir zaman kəsimində heç bir iş görülmədi. Əlbəttə ki, bu beynəlxalq riyakarlıq, ikili standartların təzahürü idi. Eyni zamanda Ermənistan bununla kifayətlənmirdi. Həm beynəlxalq ictimaiyyət tərəfindən ciddi təzyiqlərlə üzləşmədiyi, həm də yaranmış cəzasızlıq mühiti Ermənistanı Azərbaycana qarşı yeni-yeni ərazi iddiaları qaldırmağa, silahlı təxribatlar törətməyə sövq edirdi. 2016-cı ilin aprel ayında belə təxribatlardan birinin qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən çox kəskin və qətiyyətli şəkildə alındı, düşmənə sarsıdıcı zərbə vuruldu. Nəticə etibarilə Azərbaycan torpaqlarının bir hissəsini işğaldan azad etdi. Eyni zamanda 2020-ci il, iyul ayının 12-də Ermənistan Tovuz istiqamətində növbəti dəfə genişmiqyaslı təxribatlar törətməyə başladı. Həmin ərəfədə Ermənistanın o vaxtkı müdafiə naziri David Tonoyan da ABŞ-dakı erməni lobbisi ilə görüşündə bəyan etmişdi ki, yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşırlar. Bütün bunların fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Şuşada, Cıdır düzündə "Qarabağ Ermənistandır, nöqtə" deməsi də ondan xəbər verirdi ki, İrəvan danışıqlar prosesinə son qoyur və onunla öz dili ilə danışmaq lazımdır.  

Yuxarıda da qeyd etdiyim kimi, Ermənistandan fərqli olaraq Azərbaycan bu illər ərzində problemin yalnız sülh yolu ilə həllini istəyir və bu istiqamətdə çalışırdı. Ancaq düşmən isə tam əksinə, yeni ərazilər ələ keçirmək planları üzərində işləyirdi və bu istiqamətdə hazırlaşırdı. Düşmənin yeni ərazi iddialarının olduğunu aydın dərk edən Azərbaycan da buna qarşı müəyyən adekvat addımlar atırdı. Belə ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ölkəmizə rəhbərlik etdiyi dövrdə ilk növbədə güclü və müstəqil iqtisadiyyatımızı qurdu. Paralel olaraq isə bu illər güclü Silahlı Qüvvələrimiz, ən müasir texnologiyalara yiyələnmiş ordumuz formalaşdı. Eyni zamanda həmin dövrlərdə vətənpərvər gənclərin yetişdirilməsi istiqamətində mühüm addımlar atıldı.

Beləliklə, Ermənistan 2020-ci il, sentyabrın 27-i tarixində növbəti dəfə genişmiqyaslı təxribat törətməyə başladı. Bu onun göstəricisi idi ki, Ermənistan Azərbaycanın 20 faiz ərazilərini işğal etdikdən sonra yenidən ərazilərimizi işğal etmək niyyətindədir. Azərbaycan Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində əks hücum əməliyyatına başladı və 44 gün ərzində düşmənə sarsıdıcı zərbə endirdi. 44 gün ərzində  Azərbaycan Silahlı Qüvvələri bir addım da belə geri çəkilməyib yalnız irəli gedərək "Dəmir Yumruq" əməliyyatı ilə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi.

-44 günlük Vətən müharibəsi torpaqlarımızın işğaldan azad edilməsi ilə yanaşı Azərbaycana başqa hansı dividentlər gətirdi, onun regional və qlobal miqyasda nüfuzuna necə təsir göstərdi?

-44 günlük Vətən müharibəsində Azərbaycan təkcə tarixi torpaqlarımızı işğaldan azad etmədi. Eyni zamanda ədaləti bərpa etməklə yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun, reytinqinin daha da artmasına yol açdı. Bir daha dünyaya göstərdi ki,  ölkəmiz, xalqımı, Müzəffər Ali Baş Komandan və Müzəffər Ordumuz heç vaxt ermənilərin işğalçılıq siyasəti ilə barışmayıb və ərazilərimizin bir qarışını belə heç kimə güzəştə getməyəcək. Tarixi torpaqlarımızda ikinci bir erməni dövlətinin yaranmasına heç bir halda imkan verməyəcəyik. Eyni zamanda Vətən müharibəsində əldə etdiymiz tarixi qələbədən sonra regiona yeni reallıqlar gətirildi. Bu reallıqlar bu gün dünya birliyi tərəfindən qəbul olunur və çox yüksək qiymətləndirilir. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq ölkəmiz həm regional güc mərkəzinə çevrildi, eyni zamanda qlobal miqyasda nüfuzu bir qədər də artdı. Bunu da doğuran səbəblər, şərtləndirən amillər vardı. Birincisi, Vətən müharibəsi başa çatdıqdan dərhal sonra Azərbaycan sülh təşəbbüsləri ilə çıxış etdi. Eyni zamanda rəsmi Bakı Zəngəzur dəhlizinin açılması təşəbbüsü ilə çıxış etdi ki, bu da Çindən Avropaya uzanan böyük bir marşrut xətti olaraq böyük bir coğrafiyanı əhatə edir. Digər bir tərəfdən bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm ölkələrdən birinə, vacib aktora çevrilib.

Azərbaycan xalqı Vətən müharibəsində əldə etdiyi tarixi qələbədən sonra qalib xalq, ordumuz müzəffər ordu, dövlətimiz qalib dövlət kimi tanındı. Ötən müddət ərzində regionda yeni əməkdaşlıq platformalarının işə salınması tendensiyası da müşahidə edildi. Ən əsası 2021-ci il, 15 iyun tarixində Türkiyə ilə dostluq-qardaşlığımızı rəsmiləşdirən Şuşa Bəyannaməsi imzalandı. Rusiya ilə müttəfiqlik sazişinə imza atıldı. Ötən dövr ərzində Azərbaycan türk dövlətləri də münasibətləri də keyfiyyətcə yeni bir mərhələyə çıxardı. Bir sözlə 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə artmaqdadır. Azərbaycan dünyanın ən hörmətlə yanaşdığı ölkələrdən biridir. Yeni dünya nizamının formalaşdığı bir zamanda Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən irəli sürülmüş bütün təşəbbüslər, təkliflər beynəlxalq aləm tərəfindən müsbət qarşılanır və yekdilliklə qəbul olunur.

-Aradan keçən iki il müddətində Ermənistan nəinki üçtərəfli bəyanatlara əməl edib, əksinə sərhəddə tez-tez təxribatlar törədib, itkilərə yol açıb. Sizcə Ermənistanın bu şıltaqlığı hələ uzun müddət davam edəcək?

-44 günlük Vətən müharibəsindən sonra hələ də Ermənistan üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Bildiyimiz kimi bu ölkə Vətən müharibəsinin sonlarında diz çökərək, yalvararaq kapitulyasiya aktına imza atdı və beləliklə, Rusiya, Azərbaycan prezidentləri, o cümlədən Ermənistan baş nazirinin iştirakı ilə üçtərəfli bəyannamə imzalandı. Həmin bəyannamənin bəzi maddələri hələ də Ermənistan tərəfindən icra edilməyib, ona süni əngəllər yaradılır. Bütövlükdə Ermənistan Vətən müharibəsindən əvvəlki illərdə olduğu kimi, indi də üzərinə götürdüyü beynəlxalq öhdəlikləri icra etmir. Tam əksinə, bir neçə dəfə sərhəddə təxribatlar törətdi, qanlı toqquşmalara yol açdı. Ancaq Azərbaycan Silahlı Qüvvələri hər zaman ayıq-sayıqlıq nümayiş etdirərək "Dəmir Yumruğu" bir daha Ermənistanın yadına salıb. "Dəmir Yumruq" təxribatların qarşısı alınarkən yenidən işə düşüb. Hər dəfə də Ermənistana sarsıdıcı zərbələr vurulub.

Bir daha qeyd edim ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etməməklə yanaşı, Azərbaycana qarşı təxribatlarını davam etdirir bə beləliklə də görünən odur ki, Ermənistan hələ də revanşist siyasətindən əl çəkməyib. İstənilən halda düşünürəm ki, Ermənistan təxribatlar törətməklə hər hansı bir öhdəliyi yerinə yetirməyəciyi qənaətindədirsə, bu çox yalnış düşüncədir. Necə ki, 44 günlük Vətən müharibəsində Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur edildi, eləcə də bundan sonra da bu ölkə üzərinə düşdüyü öhdəlikləri məcbur edilməklə yerinə yetirəcək. Azərbaycan bunun yollarını yaxşı bilir. Eyni zamanda Ermənistan da Azərbaycanın nə qədər güclü və qüdrətli bir ölkə olduğunu dərk etməlidir. Azərbaycanın səbr kasası limitsiz deyil. Bu baxımdan əgər Ermənistan öz üzərində düşən öhdıikləri icra etməkdən boyun qaçıracaqsa, o zaman Azərbaycan tərəfi onu məcbur etməyin yollarından istifadə edəcək. Ermənistan bunu çox yaxşı bilir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31