Ermənistanın ideoloji təxribatı davam edir

Təcavüzkar dövlət olan Ermənistan tərəfindən ölkəmizə qarşı törədilən təxribatın qarşısı qətiyyətlə alınıb, üstəlik Azərbaycan Ordusu bir sıra yüksəkliklərə nəzarəti ələ keçirib. Məlumat üçün qeyd edək ki, sentyabrın 12-də düşmənin diversiya qrupları sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarını istifadə edərək müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Birmənalı şəkildə qeyd edilməlidir ki, sentyabrın 12-13-də gecə saatlarında baş verənlər Ermənistanın ardıcıl xarakter  daşıyan avantüraları və təxribatlarının nəticəsidir. Çox təəssüf ki, bu təxribatın müəllifi 10 noyabr 2020-ci ildə üçtərəfli bəyənata imza atan Ermənistanın Baş naziri Nikol Paşinyandır. Yeri gəlmişkən qeyd edək ki, Paşinyan Vladivostokdakı çıxışında faktiki olaraq bu avantüranın anonsunu vermişdi. Lakin Ermənistanın bütün cəhdlərinə baxamayaraq  Azərbaycan Ordusu Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi.   Azərbaycan Ordusunun mövqelərini hədəf götürən Ermənistanın hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Azərbaycan Ordusu ölkəmizin sərhədlərində və hərbi hissələrimizin mövqeyinə təhdid və təhlükə yarada biləcək bütün strateji nöqtələri nəzarətə götürdü.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Ordusunun Ermənistan ərazisinə müdaxilə etmək, burada nə isə əldə etmək məqsədi olmayıb, onun qarşısında belə bir vəzifə də qoyulmayıb. Ona görə də keçirilən əməliyyat miqyasına görə kiçik olub, lokal xarakter daşıyıb və hədəflərə nail olunub. Təxribata cavab nəticəsində Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur. Azərbaycan tərəfi də azsaylı itki verib. Lakin şəhidlərimizin qisası artıqlaması ilə alınıb. Ermənistan hərbi avantüraların, təxribatların nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Çünki cavab kəskin olacaq və daha böyük itkilərə məruz qalacaq.

Cəbhə xəttində baş verən hadisələrdən nəticə çıxarmaq əvəzinə, Ermənistanın ölkəmizə qarşı hərbi-siyasi və ideoloji təxribatları davam etməkdədir. Məlum olduğu kimi ermənilər məqsədli şəkildə sentyabrın 12-də Azərbaycanla sərhəddə növbəti təxribat törətdilər. Azərbaycanı beynəlxalq aləmdə təkləmək, ölkəmizi təcavüzkar dövlət kimi təqdim etmək istəyində olan ermənilər hazırda da bu istiqamətdə ideoloji mübarizələrini davam etdirirlər. Təsadüfi deyil ki, 12-13 sərhəd təxribatına münasibət bildirən bəzi dövlətlər və beynəlxalq təşşkilatlar ikili standarlardan əl çəkməyərək Azərbaycanı Ermənistan ərazisinə qarşı hücumdan geri çəkilməyə çağırdılar. Hansı ki, həmin bəyənat müəllifləri çox gözəl bilirlər ki, silahlı toqquşma Azərbaycanın əzəli torpaqlarında baş verir. Tutaq ki, bunu bilmirlər, yaxud bilib etiraf etmək istəmirlər, axı onu yaxşı bilirlər ki, hazırda sözügedən ərazinin delimitasiyası istiqamətində iş aparılır. Yəni hələ bilmək olmaz ki, bu torpaqlar kimin ərazisi hesab olunacaq. Hələ Azərbaycanın ərazilərinin beynəlxalq səviyyədə tanınması məsələsini demirik. Belə məlum olur ki, Ermənistan uzun müddət ərzində törədəcəyi təxribatın bütün detalları üzərində işləyib. Buna baxmayaraq ölkəmizin kütləvi informasiya vasitələri və sosial media təmsilçiləri bəzi hallarda ermənilərin xeyrinə işləyən material dərc edirlər. Ermənistan blogerləri isə sosial şəbəkəılərdə azərbaycanlıların adına səhifə açaraq təxribat xarakterli materillar tirajlayırlar. Odur ki, hazırkı həssas məqamda xalqımızın üzərinə düşən əsas vəzifə birlik və həmrəyliyimizin təmin olunmasından ibarətdir. Daxili və xarici düşmənlərimizin çirkin məqsədlərinə nail olmaması üçün səylə çalışmaq hər birimizin vəzifəsidir.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31