Ən böyük istəyimiz şəhid ailələri və qazilərin bütün problemlərinin həll olunmasıdır

Azər Badamov: "Hər bir məmur  tutduğu vəzifədən asıllı olmayaraq bu kateqoriyadan olan insanların problemlərinin həll olunması üçün əlindən gələni əsirgəməməlidir"

Milli Məclisin deputatı Azər Badamovun "OLAYLAR"-a müsahibəsi

-Azər müəllim, artıq parlamentin yay tətili başa çatdı və Milli Məclisdə komitə iclasları başlayacaq. Sualım ondan ibarətdir ki, tətil müddətində fürsətdən istifadə edib seçicilərinizlə görüşə bildinizmi və seçicilərinizi narahat edən başlıca problemlər nədən ibarətdir?

-Təbii ki, məzuniyyət dövründə də seçicilərimə yaxın olmağa çalışmışam.  Elə bir ay olmayıb ki. seçicilərimin qəbulunu keçirməyim. Hətta ictimai yerlərdə də seçicilərimlə yaxından ünsüyyət yaradıram və onları düşündürən məsələləri dinləyirəm.

-Payız sessiyasında millət vəkili olaraq konkret seçicilərinizlə bağlı hansı təklif və istəkləri səsləndirməyi düşünürsünüz?

-Seçicilərimlə görüşlərim zamanı onların qaldırdığı bir çox məsələlər var ki, həmin məsələləri payız sessiyamızda bir daha gündəmə gətirmək istəyirəm. Məsələn, Qusar rayonun qazlaşdırılması problemi seçicilərimi ən çox narahat edən məsələdir. Qusar rayonun 90 yaşayış məntəqəsindən cəmi 47-si mavi yanacaqla təmin olunub. Elə kəndlər var ki, o kəndin ərazisindən magistral xətt keçib, ancaq hələ də qazalaşmayıb. Sağındakı Hil  və solundakı Piral kəndləri qazlaşsa da, ortalıqda qalan və 2 km aralıda yerləşən 700 evi olan Yasab kəndi hələ də qazlaşmayıb. Rayon mərkəzindən 1,5 km aralıda yerləşən  Avaran və Xürel kəndlərinin qazlaşdırılması vacibdir.  Məsələ ilə əlaqədar Azəriqaz İB-nin Baş direktoru ilə də əlaqə saxlamışam. Amma təəssüf ki, hələ də bir hərəkət yoxdur. Belə məsələlərdən biri də Qusar şəhər mərkəzi stadionunun yenidən qurulması ilə bağlıdır. 5 ildir ki, stadion  yenidən qurma adı ilə dağıdılıb və yararsız vəziyyətdədir.  Yasab kənd tam orta məktəb binasının yenidən tikilməsi ilə bağlı məsələ də çox vacibdir. Məktəb binası çox köhnəlib və yenidən tikilməsinə ehtiyac var. Yəni, belə bir neçə məsələ var ki, Milli Məclisin payız sessiyasında hökumətin qarşısında qaldırmağı planlaşdırıram.

-Bilmirəm nə dərəcədə məlumatlıyam, ya yox. Bəzi bölgələrdən bir çox hallarda şəhid ailələri və qazilərlə bağlı irad, etiraz dolu xəbərlər gəlsə də, Qusardan hələ belə bir mövzuda etiraz eşidilməyib. Bu Qusarda qeyd etdiyimiz təbəqələrdən olan insanlara istər icra hakimiyyəti, istərsə də sizin diqqət və qayğınızdan irəli gəlir, yoxsa edilən müraciətlərin cavabsız qalmasından dolayı qeyd etdiyimiz təbəqələrdən olan şəxslər susmağa üstünlük verirlər?

-Qusarda şəhid ailələrinə və qazilərə xüsusi diqqət göstərilir. Əlbəttə ki, qusarlı şəhid ailələri və qazilərin həll olunmalı olan müəyyən problemləri var. Amma bu kateqoriyadan olan insanlarla görüşüb onların problemlərini dinləyəndə və qaldırdıqları məəslələrin həllinin mümkünlüyü haqqında danışılanda narazılıqlar da olmur. Həm rayon rəhbərinin, həm də rayonun deputatı olaraq  ən böyük istəyimiz şəhid ailələri və qazilərin bütün problemlərinin  həll olunmasıdır. Bu istiqamətdə  bir nömrəli problemlər mənzil məsələsi, əlillik dərəcələrinin təyin olunması və iş təminatı  ilə bağlıdır. Qeyd edə bilərəm ki, məzuniyyətimdən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi nazirin müavini ilə əlaqə saxlamışam və bu məsələ ilə bağlı müraciətimə baxılamsını bir daha xahiş etmişəm. Şəhid ailələri və qazilər öz sinəsini gülləyə sipər edərək torpaqlarımızı işğaldan azad ediblər. Ona görə də hər bir məmur onun tutduğu vəzifədən asıllı olmayaraq bu kateqoriyadan olan insanların müraciətlərinə diqqətli olmalı və həmin problemlərin həll olunması üçün əlindən gələni əsirgəməməlidir

-Tətil müddətində konkret olaraq Siz Qusarda hansısa şəhid ailəsi və ya qazi evində olub onların qayğısı ilə maraqlandınız?

Təbii ki, tətil vaxtı  bütün şəhid ailələri və qazilərlə görüşmək fiziki baxımdan qeyri mümkündür. Amma mütəmadi olaraq belə görüşlər keçirmişik və onların qayğı və problemləri ilə maraqlanırıq. Bu, həm də  bizim mənəvi borcumuzdur.

-Azər müəllim, bir az da ölkə və regionumuzda baş verənlərə diqqət çəkək. Bir neçə gün əvvəl Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətimizə keçdi.  Bu hadisənin müəyyən edilmiş vaxtdan tez baş tutması Azərbaycanı qarşısına qoyduğu hədəflərə daha tez nail olmasına nə dərəcədə imkan yaradır?

-Azərbaycan qarşısına qoyduğu hədəflərə həmişə nail olur. Çünki, Prezident İlham Əliyevin sözü həmişə real həyatda öz əksini tapmışdır. Məsələn, 30 il torpaqlarımızı işğal altında saxlayan ermənilər və onların havadarları bir gün Azərbaycanın Müzəffər Ordusunun gəlib onları əzişdirib torpaqları azad edəcəyini reallıq kimi görmürdü. Amma Prezident İlham Əliyev bütün beynəlxalq tədbirlərdə və görüşlərdə torpaqlarımızın erməni işğalı ilə heç vaxt razı olmayacağımızı bildirir və deyirdi ki, əgər beynəlxalq ictimaiyyət danışıqlar yolu ilə bu problemi həll etməzsə, bunu öz gücünmüzlə edəcəyik. Nəticədə ermənilərin işğal etdiyi torpaqlarımızda 30 ildə müdafiə sədləri quraraq keçilməz qalaya çevirdiklərini düşünən erməni ordusunu cəmi 44 gündə darmadağın etdik və onu kapitulyasiya aktına imza atmağına məcbur etdik.  Laçın dəhlizi ilə bağlı məsələ də üç il ərzində alternativ yol çəkilməklə həllini tapmalı idi. Amma Müzəffər Ali Baş Komandanın qətiyyəti sayəsində cəmi iki ildə erməniləri bu yerdəyişməyə məcbur etdik və Laçın,  Zabux və Sus yaşayış məntəqələrinə nəzarətimizi bərpa etdik. Prezident İlham Əliyev nəyi, necə və nə zaman  etmək lazımdırsa yaxşı bili. Ona görə də müəyyənləşdirdiyimiz bütün hədəflər reallığa çevrilir.

-Bu arada dövlət sərhədində yenə də təxribatlar müşahidə edilir. Bu kimi hallar Brüssel görüşü, eləcə də 3 tərəfli bəyanatların icrasına nə dərəcədə mane olur?

-Təbii ki, ermənilərin təxribatları üçtərəfli görüşlərin nəticələrini sual altına salır. Çünki, Ermənistan Azərbaycanın təqdim etdiyi 5 baza prinsipi qəbul etdiyini ifadə edir və sülh müqavilərsinin imzalanması üçün prosedurlara hə deyir. Amma görüşlərdən sonra erməni təxribatları ilə üzləşirik. Təbii ki, Azərbaycanın Müzəffər Ordusu ermənilərin hər bir təxribatını 10 qat zərbə endirməklə susdurur. Amma bu təxribatların baş verməsinin bir neçə səbəbi olduğunu düşünürəm. Birinci səbəbi Nikol Paşinyanın öz hərbi birləşmələrinə nəzarət edə bilməməsində irəli gəlir. Çünki, bu ölkədə özbaşınalıqdır və hər bir komandir özü üçün ağadır və aldıqları  sifarişlərə uyğun atəşkəsi pozur.

İkinci və əsas səbəb Ermənistanın müstəqil ölkə olmamasıdır. Yəni, sülh müqaviləsinin imzalanması və bunula əlaqədar addımların atılması üçün Ermənistan rəhbərliyi müstəqil qərar qəbul edə bilmir. Ermənilərin havadarları üçün regionda sülh və sabitlik lazım deyil. Ona görə də hesab edirəm ki, Brüsseldən qayıdan Paşinyan nöbəti təxribatlar üçün əmir alıb. Amma ermənilər bilməlidirlər ki, Azərbaycan ancaq onların təxribatlarını susdurmaqla dayanmayacaq. Əgər Ermənistan imzalanmış Üçtərəfli Bəyannatların maddələrinin icrasını təxribatarla uzatmağa davam edərsə, Müzəffər Ordumuz növbəti antiterror əməliyyatlarına start verəcək və müəyyən olunmuş məsələləri öz gücü ilə həll edəcəkdir. Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Yəni BMT-nin qətnamələrini necə icra etdirmişiksə, Üçtərəfli Bəyanatın maddələrini də elə icra etdirə bilərik. Hesab edirəm ki, ermənilər yeni reallıqdan nəticə çıxartmalı və təxribatlara uymadan imzalanmış razılaşmaları icra etməlidir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31