Milli Məclis ölkədə aparılan islahatlara öz töhvəsini verir
9 Sentyabr 2022 09:35 SiyasətMüstəqilliyimizin ilk illərində Milli Məclisin ali qanunverici orqan kimi formalaşması elə də asan başa gəlməyib. Həmin dövrdə ölkəmiz üçün mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclisin fəaliyyəti xaotik idi. Parlament sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdi. Lakin 1993-cü ildə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin səyi nəticəsində qanunvericilik sahəsində də böyük islahatlar aparıldı. Qətiyyətlə demək olar ki, bugünkü Milli Məclis müstəqil dövlətimizin inkişafı üçün çox mühüm qanunlar qəbul edib. Qəbul edilən qanun və qərarlar, onların icra mexanizminin müəyyən edilməsi, parlamentin beynəlxalq fəaliyyəti deməyə əsas verir ki, Milli Məclisin amalı xalqın rifah halını yaxşılaşdırmaq, müstəqil və güclü dövlət yaratmaqdır. Məhz bu baxımdan Milli Məclis baş verən proseslərə daha çevik reaksiya verir, qanunların icrası, işləmə mexanizminin ölçülməsi, mövcud boşluqların müəyyən edilməsi və aradan qaldırılması istiqamətində layihələrin hazırlanmasında təşəbbüskar kimi çıxış edir. Sirr deyil ki, 2018-ci ilin Prezident seçkilərindən sonra elan olunmuş əsaslı və hərtərəfli islahatlar dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə etdi. Bu islahatların daha da dərinləşməsi və sürətlənməsi Milli Məclisin tərkibinin də yenidən formalaşması zərurətini yaratdı. Ölkədə geniş vüsət alan sistemli islahatlar qanunvericilik orqanının qarşısında da yeni vəzifələr qoymuş oldu. Nəticə etibarilə Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər keçirildi.
Etiraf edək ki, növbədənkənar parlament seçkilərinin nəticəsində yeniliklər parlamentin tərkibində, ali qanunvericilik orqanının rəhbərliyində, həmçinin, spiker və onun müavinləri, komitə sədrlərinin formalaşması prinsipində də özünü göstərdi. Müstəqil Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq qadın parlamentin sədri seçildi. Sahibə xanım Qafarova müasir və müstəqil Azərbaycanın ilk xanım parlament sədridir və taleyüklü qanunların qəbul olunmasında, parlamentin qlobal təşəbbüslərlə çıxış etməsində, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında çox vacib işlər görür. Parlament rəhbərliyinin çoxpartiyalılıq prinsipi əsasında formalaşması da islahatlar sırasındadır. Belə ki, altıncı çağırış Milli Məclisin rəhbərliyində həm bitərəflər, həm də azlıqda olan partiyaların nümayəndələri təmsil olunurlar. Bitərəflər və azlıqda olan partiyaların nümayəndələri də Milli Məclisin daimi komitələrinə sədr seçiliblər. Milli Məclisdə gender bərabərliyi məsələsi də diqqət mərkəzindədir. Belə ki, Azərbaycanda qadınların parlamentdə həm deputat, həm də Milli Məclisin Aparatında ayrı-ayrı vəzifələr üzrə sayı artmaqdadır. Milli Məclisin yeni tərkibi onu deməyə əsas verir ki, parlament ölkəmizdə aparılan genişmiqyaslı və çoxşaxəli islahatlara, onların dərinləşməsi işinə öz töhfəsini verməkdədir. Haızrda da Milli Məclisdə islahatlar davam etməkdədir. Sözügedən islahatlar həm konseptual, həm də struktur xarakteri daşıyır. Elə Milli Məclisin fəaliyyəinin geniş ictimaiyyətə çatdırılması məqsədilə media nümayəndələri üçün yaradılan şərait islahatların nə dərəcədə köklü aparıldığını deməyə əsas verir. Belə ki, jurnalistlər üçün yeni texniki avadanlıqla təmin olunmuş sahə ayrılıb, ayrıca otaqda deputatlardan müsahibə götürmək imkanı yaradılıb. Parlament rəhbərliyi həmçinin kadr islahatlarına önəm verir ki, bu da ali qanunverici orqan tərəfindən qanun qəbul olunan zaman xüsusi əhəmiyyət daşıyır. Məqsəd ölkədə gedən iqtisadi inkişafın dərinləşməsi, milli dəyərlərin qorunması, ölkənin təhlükəsizliyi, sosial boşluqların aradan qaldırılmsaında parlamentin töhvəsini təmin etməkdir.
Hazırda Milli Məclis beynəlxalq ikitərəfli və çoxtərəfli əlaqələrinin inkişafına xüsusi diqqət yetirir. Milli Məclis dövlətimizin xarici siyasətinin həyata keçirilməsinə parlament alətlərinin bütün vasitələrindən səmərəli istifadə edir. Bu sahədə Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun xüsusi əməyi var. Başda spiker Sahibə Qafarova olmaqla Milli Məclisin deputatları iştirak etdikləri bütün beynəlxalq tədbirdə ən böyük problemimiz olan Ermənistan-Azərbaycan münaqişəsi, 1 milyon soydaşımızın qaçqın və köçkün kimi yaşaması barədə həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırırlar. Ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsi mütəmadi qaldırılır, yalançı erməni təbliğatını ifşa edilir.
Ermənistanın ötən il sentyabrın 27-dən başlayaraq törətdiyi hərbi təxribatlar, müharibə zonasından kənarda yerləşən şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması, dinc əhalinin həlak olması ilə bağlı milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər fikrimizi bir daha təsdiq etmiş olur. Eyni zamanda, bu müddətdə siyasi mənsubiyyətindən asılı olmayaraq Milli Məclisin əksər deputatları müxtəlif xarici ölkələrin media orqanlarında erməni vandalizminin ifşa olunması istiqamətində çıxışlar edib, sosial şəbəkələrdə xüsusi fəallıq göstəriblər. İstər pandemiya, istər müharibə zamanı, istərsə də müharibədən sonra şəhid ailələri, qazilər və onların tibbi, sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində parlament öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib. Konkret olaraq sözügedən məsələlərə çevik reaksiyalar verilib, bir sıra qanunlara əlavə və dəyişikliklər edilib. Ümumilikdə Milli Məclis qanunvericilik fəaliyyətində əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ailə və uşaqların müdafiəsi, bədən tərbiyəsi və idmanın inkişafı, dövlətimizin gənclər və qadın siyasətinin həyata keçirilməsi üçün zəruri qanunvericilik tədbirləri görməkdədir. Başqa sözlə, Milli Məclis dövlət hakimiyyətinin ali qanunverici orqanı olmaqla Azərbaycanın dayanıqlı inkişafının təmin edilməsinə yönələn strateji xəttin uğurla həyata keçirilməsinə öz töhfəsini verməkdədir.
Alim Hüseynli