Ermənistan üçün ən ideal variant Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır
9 Sentyabr 2022 09:33 SiyasətSamir Hümbətov: "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər bu kimi təxribatlar davam edəcək"
Ermənistan yenə də öz ampluasındadır. İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində iki ölkə arasında sülh müqaviləsinin imzalanması məqsədilə bir neçə görüş keçirilib, sülh müqaviləsinin detalları barədə ümumi razılıq əldə edilsə də, görüşdən dərhal sonra Ermənistan tərəfi yenidən dövlət sərhədində təxribatlara əl atıb. Elə bu günlərdə baş tutan sayca dördüncü Brüssel görüşündən dərhal sonra da erməni tərəfi ənənəvi təxribatlarını davam etdirərək Kəlbəcər və Laçını intensiv atəşə tutub. Eynu zamanda Xocalıdan Xankəndinə qeyri-qanuni şəkildə yol çəkərək Azərbaycanı təxribata cəlb edib. Bütün bunların üzərinə erməni iş adamı Vardanyanın Rusiyadan Qarabağa gəlib Xankəndində qeyri-qanuni şəkildə məskunlaşmasını da əlavə etsək, belə qənaətə gəlmək olar ki, İrəvan ciddi - cəhdlə sülh müqaviləsinin imzalanmasına əngəl olmağa çalışır. Bəs görəsən bu halda proseslər hansı məcrada cərəyan edə bilər? Bu və ya digər suallarla Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri, politoloq Samir Hümbətova müraciət etdik.
-Samir bəy, bir müddət əvvəl Brüsseldə baş tutan məlum görüşdən sonra belə bir fikir səsləndi və Azərbaycan Prezidenti də istisna etmədi ki, cari ilin sonuna qədər Ermənistanla sülh müqaviləsi bağlana bilər. Sizcə bunun baş verməsi mümkündürmü?
-Məsələ burasındadır ki, bizim heç birimiz Azərbaycan Prezidenti Cənab İlham Əliyev qədər məsələ ilə dərindən tanış deyilik. Dövlət başçısının proseslərin içərisində olması, həmin proseslər barədə Azərbaycan prezidentinin daha çox məlumatlı olması deməkdir. Azərbaycan Prezidenti tərəfindən belə bir fikir səsləndirilibsə, deməli dövlət başçısının bildiyi və arxayın olduğu hər hansı bir məsələ var və bundan dolayı dövlət başçısı həmin fikri səsləndirib. Ona görə də düşünürəm ki, Azərbaycan Prezidenti cari ilin sonuna qədər Ermənistanla sülh müqaviləsinin bağlanma mümkünlüyü barədə fikir səsləndiribsə, deməli burada həqiqət payı daha çoxdur. Ola bilsin ki, sülh müqaviləsinin müəyyən bir hissəsi ilə əlaqədar olaraq hansısa razılaşmalar əldə edilər və həmin razılaşma barədə sənəd imzalanar. Müqavilənin digər hissələri isə mərhələ-mərhələ öz həllini tapa bilər.
-Bəs belə olan halda dövlət sərhədində yenidən təxribatların olması, Laçın və Kəlbəcərin intensiv atəşə tutulması sülh prosesinə nə dərəcədə manedir?
-Laçın və Kəlbəcərdə ermənilər tərəfindən müntəzəm olaraq atəşkəsin pozulması təkcə bu günün hadisəsi deyil. Proseslərə start verilən gündən indiyə qədər demək olar ki, müntəzəm şəkildə atəşkəsin pozulması hallarına rast gəlirik. Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanana qədər bu kimi təxribatlar davam edəcək. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, Azərbaycanın Qarabağ bölgəsində sülhməramlı kontingent adı altında Rusiya hərbiçiləri yerləşdirilib və onlar nə qədər Qarabağda mövcud olacaqlarsa, bölgədə atəşkəsin olacağına inanmıram. Çox arzu edərdim ki, atəşkəs olsun. Ermənistan tərəfindən Azərbaycan ərazilərinə atəş açılmasın. Ancaq hələlik bunlar arzu olaraq qalır. Çünki indiki halda Rusiya tərəfi bu prosesdə, atəşkəsin pozulmasında maraqlıdır. Rusiya tərəfi hesab edir ki, bölgədə sabitliyə doğru atılan addımlara nə dərəcədə çox mane olub prosesləri pozarlarsa, Qarabağda da bir o qədər çox qala bilərlər. Ona görə də hesab edirəm ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanana qədər dövlət sərhədində bu kimi arzuolunmaz hallarla qarşılaşacağıq.
-Sizcə bu təxribatların arxasında konkret kimlər dayanır. Paşinyan hakimiyyətinə müxalif olanlar, yoxsa burada daha çox Rusiya izi görünür?
-Fikrimcə, dövlət sərhədində atəşkəsin pozulmasında bir tərəf iştirak etmir. Bu prosesdə bir neçə tərəf iştirak edir. Bu prosesdə həm Rusiyanın dəstəklədiyi qüvvələr, həm Nikol Paşinyana müxalif olan dairələr, həm də hər iki tərəfdən kənarda olan üçüncü bir qüvvə iştirak edir ki, onlar da bu vasitə ilə öz maraqlarının təmin olunmasına çalışırlar. Ancaq əsas fikrim və düşüncəm ondan ibarətdir ki, regionda stabilliyin olması Rusiyaya sərf etmir və buna görə də qeyd etdiyimiz prosesin içində həm Rusiya, həm də Paşinyana müxalif olan qüvvələr yer alır. Mən bu variantı daha çox real hesab edirəm.
-Bu arada Vardanyanın da Xankəndinə gəlməsi, Xocalıdan Xankəndinə ermənilər tərəfindən qeyri-qanuni olaraq yolun çəkilməsi və sülhməramlıların da bu prosesə nəzarət etməsi onu deməyə əsas verirmi ki, əslində sülh prosesinə mane olan elə Rusiyanın özüdür?
-Vardanyanın birbaşa Rusiyadan Qarabağa göndərilib Xankəndində məskunlaşdırılması düşünürəm ki, məqsədyönlü şəkildə həyata keçirilən planın tərkib hissələrindən biridir. Vardanyanı ora göndərməklə Rusiya tərəfi hesab edir ki, burada ikinci bir ssenarini oynaya bilər. Bütün prosesləri bir iş adamı, milyarderin əlində cəmləşdirməklə həm Ermənistana nəzarəti təmin edə, həm də Qarabağla bağlı istəklərini reallaşdıra bilər. Düşünürəm ki, həm Xocalıdan Xankəndinə yolun çəkilməsi, həm Vardanyanın gətirilib Xankəndində məskunlaşdırılması, həm də mütəmadi olaraq atəşkəsin pozulmasının arxasında Rusiyanın dayanması ehtimalı daha çoxdur. Çünki Vardanyan birbaşa Rusiya ilə əlaqəli adamdır. Digər tərəfdən atəşkəsin pozulması birbaşa Rusiya hərbiçilərinin dislokasiya olunduğu ərazilərdə baş verir. Məlumat üçün qeyd edim ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə keçirilən sonuncu, dördüncü görüşdən öncə Rusiyanın Xarici İşlər Nazirliyinin mətbuat və çap departamentinin direktor müavini İvan Neçayev açıqlama verdi və bildirdi ki, sülh prosesi, ümumiyyətlə, Ermənistan-Azərbaycan arasında danışıqlar yalnız 10 noyabr 2020, 11 yanvar 2021 və 26 noyabr 2021-ci il üçtərəfli bəyannamələrin şərtlərinə əsasən aparıla bilər. Digər tərəflər prosesdə iştirak etmək istəyirsə, onlar həmin prosesdə köməkçi funksiyasında yer ala bilərlər. Bütün bunlar, eləcə də qeyd etdiyim açıqlama onu deməyə əsas verir ki, təxribat zəminində baş verən proseslərdə Rusiya birbaşa iştirak edən tərəflərdən biridir.
-Bu kimi təxribatçı hallar yenidən lokal əməliyyatlara səbəb ola bilərmi?
-Əlbəttə ki, heç bir zaman yeni hərbi əməliyyatların baş verməsini istisna edə bilmərik. Çünki son "Qisas" əməliyyatı da onu göstərdi ki, bölgədə Azərbaycanın tələbləri tam şəkildə yerinə yetirilməsə, 10 noyabr, 2020-ci il bəyannaməsinə uyğun olaraq qeyri-qanuni erməni silahlı birləşmələri tam tərkisilah edilib Qarabağdan çıxarılmasa, Ermənistan danışıqlar masasında oturmasa, Zəngəzur dəhlizi açılmasa, məcburi köçkünlərin azad edilən ərazilərdə tam məskunlaşmasına süni şəkildə əngəllər yaradılarsa, bütün bunlar yenidən hərbi əməliyyatların başlaması və regionda gərginliyin artmasına gətirib çıxara bilər.
-Sizcə Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsi bağlamaq və Türkiyə ilə münasibətləri normallaşdırmaq barədə fikirlərində nə dərəcədə səmimidir?
-Hazırda Ermənistan hakimiyyəti də demək olar ki, iki yerə bölünüb. Çünki Paşinyan komandasının daxilində həm Qərbyönümlü, həm də Rusiyaya meyilli siyasət yürüdənlər var. Eyni zamanda baş nazir Nikol Paşinyanın fikrini dəstəkləyən və ona qarşı çıxanlar da var. Ona görə də indiki halda Ermənistan hakimiyyəti yekdil deyil. Ancaq ümumiilikdə götürəndə, səmimi şəkildə olmasa da, məcburi qaydada proseslərlə barışmaq məcburiyyətində görünürlər. Həm Azərbaycanla danışlıqlar prosesində iştirak edib sülhə doğru getməyə, həm də Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışırlar. Çünki bu gün Rusiyada iqtisadi çətinliklər mövcud olduğundan Ermənistanın Moskvadan iqtisadi gözləntiləri çox azdır. Ona görə də düşünürəm ki, indiki halda Ermənistan üçün ən ideal variant Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqdır. Ermənistan nəzərə almalıdır ki, bu gün 70 minə yaxın erməni Türkiyədə çalışır, işləyir və Ermənistana pul göndərir. Ona görə də Ermənistanın indiki halda münasibətlərin normallaşdırılmasında daha çox maraqlı olmalıdır. Ancaq görünən odur ki, Paşinyan bunu tam öz gücü ilə həyata keçirə bilmir və vəziyyətin, siyasi proseslərin tədricən öz xeyrinə dəyişməsini gözləyir. Bütün halda, Ermənistan səmimi şəkildə olmasa da, məcburən buna getməyə məhkumdur.
Süleyman